Qrenlandiyada görünməmiş buz daşqını: 3 trilyon litr su axır
![](/uploads/posts/2025-02/gronland-2329740_1.jpg)
Alimlər Şərqi Qrenlandiyada indiyə qədər qeydə alınan ən böyük buzlaq göl daşqınlarından birini müşahidə ediblər. Katalina gölündə yığılan 3 trilyon litr ərimiş buz həftələr ərzində sərbəst buraxılaraq Edvard Beyli buzlağının altında 25 kilometr uzunluğunda tunel yaradıb.
Danimarkanın illik su istehlakının üç qatına bərabər olan bu qeyri-adi su axıdılması Qrenlandiyanın Scoresby Sound fyorduna axıb.
Mütəxəssislər bildirirlər ki, bu nadir hadisə qlobal istiləşmə səbəbindən artan buzlaq daşqınlarının yaratdığı risklərə diqqət çəkir.
Danimarkanın Kopenhagen Universitetinin Niels Bohr İnstitutunun alimləri ilk dəfə peyk görüntülərindən istifadə edərək bu prosesi real vaxt rejimində izləyiblər.
Araşdırmaya görə, Katalina gölü 20 il ərzində əriyən buz suları ilə dolu olub və su Edvard Beyli buzlaqının altında toplanıb, zamanla buzu yuxarı qaldıraraq nəhəng tunel yaradıb.
Belə qəfil buzlaq göl daşqınları elm aləmində Glacial Lake Burst Floods (GLOF) adlanır və son 30 ildə qlobal temperaturun artması ilə daha tez-tez baş verir.
Milyonlarla insan risk altındadır
Tədqiqatçıların fikrincə, bu cür buzlaq daşqınları xüsusilə Himalay dağları kimi əhalinin sıx məskunlaşdığı ərazilərdə dağıdıcı nəticələrə səbəb ola bilər.
2023-cü ildə aparılan araşdırmaya görə, dünyada 15 milyon insan belə daşqın təhlükəsi altında yaşayır.
Buzlaq göllərinin daşqınları böyük miqdarda enerji buraxır. Alimlərin fikrincə, Katalina gölündən axıdılan suyun istehsal etdiyi enerji 22 gün ərzində tam gücü ilə işləyən dünyanın ən böyük atom elektrik stansiyasına bərabərdir.
Tədqiqatçılar vurğulayırlar ki, bu nəhəng gücün yaşıl enerji istehsalı üçün necə istifadə oluna biləcəyini araşdırmaq lazımdır. Lakin Qrenlandiyanın aşağı əhali sıxlığı və infrastrukturun olmaması bu cür təbii enerji mənbələrindən istifadəni çətinləşdirir.
Araşdırma "Science Advances" jurnalında dərc olunub.