Fransız dili müəllimləri Emin Əmrullayevin statusunda SOS siqnalı verdilər


Elm və təhsil naziri Emin Əmrullayevin “Facebook” hesabında paylaşdığı statusun şərh bölməsində müəllimlər təhsil sistemindəki müxtəlif problemləri gündəmə gətiriblər.

AFN.az xəbər verir ki, bu dəfə narahatlığın mərkəzində ikinci xarici dil kimi tədris olunan fransız dili dayanır. Müəllimlər iddia edirlər ki, gələn ildən etibarən fransız dili tədrisinin dayandırılması planlaşdırılır və bu, uzun illər həmin sahədə çalışan xeyli sayda müəllimin gələcəyini qeyri-müəyyən vəziyyətə salır.

İstifadəçilərdən biri nazirə müraciət edərək belə bir sual ünvanlayıb:

"Gələn ildən məktəblərdə ikinci xarici dilin (fransız dili) rus bölməsində tədrisi dayanır. Müəllimlərin işsiz qalması ilə bağlı planlarınız nədir? Uzun illər bu sahədə çalışan müəllimlərin iş yerlərinin qorunması və onların gələcək məşğulluğu ilə bağlı hansı tədbirlərin nəzərdə tutulduğunu açıqlamağınızı xahiş edirik".

Müəllimin sözlərinə görə, məsələ təkcə dərs yükünün azalması ilə məhdudlaşmır, eyni zamanda uzun illər ərzində formalaşmış ixtisaslaşmış kadr potensialının itirilməsi riskini də yaradır.

Fransız dili kurikulumun məqsədlərinə tam uyğundur


Sabunçu rayonu, Maştağa qəsəbəsi, Cavid Nurməmmədov adına 108 nömrəli tam orta məktəbin müəllimi Şərqiyyə Rzayeva qeyd edib ki, mövcud kurikulum yanaşmasına əsasən, təhsil yalnız bilik ötürülməsi ilə məhdudlaşmamalıdır: "Kurikulumun əsas prinsiplərinə görə təhsil yalnız biliklərin ötürülməsi deyil, eyni zamanda şagirdlərdə XXI əsr bacarıq və kompetensiyalarının formalaşdırılmasına xidmət edir. Bu kompetensiyalar arasında xarici dillərdə ünsiyyət bacarığı xüsusi yer tutur".

Onun sözlərinə görə, xarici dillərin tədrisi şagirdlərin dünyagörüşünün formalaşmasına, müxtəlif mədəniyyətlərlə tanış olmasına və ünsiyyət bacarıqlarının inkişafına mühüm töhfə verir: "Bu baxımdan ikinci xarici dil kimi fransız dilinin tədrisi kurikulumun məqsəd və vəzifələrinə tam uyğun gəlir".

Müəllim bildirib ki, məktəblərdə təmayülləşmənin genişlənməsi nəticəsində fransız dili bir çox hallarda ixtisara düşür:"Lakin məktəblərdə təmayülləşmənin genişlənməsi nəticəsində fransız dili fənni bir çox hallarda ixtisara düşür və dərs saatlarımız ildən-ilə azalır. Nəticədə həm şagirdlərin xarici dil kompetensiyalarının inkişaf imkanları məhdudlaşır, həm də bu sahədə çalışan müəllimlər ciddi çətinliklərlə üzləşirlər".

Son illər təhsil sistemində STEAM, rəqəmsal bacarıqlar və digər istiqamətlərə daha çox diqqət ayrıldığı bir vaxtda müəllimlər xarici dillərin, xüsusilə də ikinci xarici dillərin arxa plana keçdiyini düşünürlər.

Yüksək nəticə göstərməmşəm, amma saatlarım azalır


Şərqiyyə Rzayeva öz peşəkar göstəricilərinin də bu vəziyyəti dəyişmədiyini vurğulayıb: "Mən sertifikasiyanın test mərhələsində 53, müsahibə mərhələsində isə 40 bal toplamış müəlliməm. Buna baxmayaraq, dərs saatlarımın azalması həm peşəkar fəaliyyətimə, həm də maddi rifahıma mənfi təsir göstərir. Öz fənnimi sevərək və məsuliyyətlə tədris etsəm də, saatların azalması əldə etdiyim nəticələrin əhəmiyyətini azaldır".

Bu məqam müəllimlərin tez-tez səsləndirdiyi başqa bir problemi də üzə çıxarır: sertifikasiya nəticələri yüksək olsa belə, bəzi hallarda dərs yükünün azalması onların gəlirlərinə və məşğulluq imkanlarına birbaşa təsir edir.

Müəllim xüsusilə rus bölmələrində ikinci xarici dil kimi fransız dili tədris edən pedaqoqların vəziyyətinin daha narahatedici olduğunu bildirib. O, elm və təhsil nazirini müəllimlərin narahatlığını nəzərə almağa çağırıb: "Sizdən xahiş edirik ki, kurikulumun əsas hədəflərindən biri olan xarici dil kompetensiyalarının inkişaf etdirilməsi prinsipi nəzərə alınaraq, ikinci xarici dil müəllimlərinin, xüsusilə də fransız dili müəllimlərinin üzləşdiyi problemlərə diqqət yetirəsiniz. İnanırıq ki, bu məsələdə müəllimlərin səsinə səs verəcək və onların fəaliyyətinin davamlılığını təmin edəcək qərarların qəbul olunmasına dəstək göstərəcəksiniz".

HƏBİBƏ





AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu