Kömürləşən antik perqament süni intellektlə oxundu



Təxminən 2 min il əvvəl Vezuvi vulkanının püskürməsi ilə tamamilə kömürə dönən antik bir perqament süni intellekt texnologiyası sayəsində fiziki olaraq açılmadan rəqəmsal mühitdə deşifrə edilərək oxunub.

AFN.az xəbər verir ki, arxeologiya və texnologiya dünyası antik tarixin qapılarını açan böyük bir uğura imza atıb.

Miladdan sonra 79-cu ildə Vezuvi vulkanının püskürməsi ilə lava və küllər altında qalan Herkulaneum şəhərindəki dəbdəbəli bir Roma villasından çıxarılan perqament süni intellektin köməyi ilə tədqiq edilib.

Elm adamları ifrat istilik və geoloji proseslər səbəbindən kömürləşən və toxunulduğu anda dağılma riski daşıyan həssas mətni fiziki olaraq açmaq əvəzinə, yüksək dəqiqlikli rentgen (X-ışığı) görüntüləri və qabaqcıl alqoritmlərdən istifadə ediblər.

Bu üsulla tamamilə qaralmış rulonun daxili qatlarında gizlənən mürəkkəb izləri müəyyən edilərək bir metrdən çox sahəyə yayılan 20 sütunluq antik mətn işıq üzünə çıxarılıb.

"PHerc 1667" olaraq adlandırılan və miladdan əvvəl ikinci və ya üçüncü əsrə aid edilən bu perqament Herkulaneum kitabxanasındakı ən qədim sənədlərdən biri olmaq xüsusiyyətini daşıyır.

Neapol II Federiko Universitetinin papiroloqu Dr. Federika Nikolardi və komandasının apardığı ilk analizlər mətnin məzmun və üslub baxımından Stoa fəlsəfəsinə aid mühüm bir traktat olduğunu göstərir.

Ekspertlər əsərin Stoa məktəbinin üçüncü lideri olan məşhur yunan filosofu Xrisipp tərəfindən qələmə alına biləcəyini təxmin edirlər.

Mətndə filosofun qardaşı oğlu və tələbəsi Aristokreona edilən istinadlar da bu güclü ehtimalı dəstəkləyir.

Sözügedən antik mətn əxlaq, sənət, insan davranışı və Stoa fəlsəfəsinə aid təməl anlayışları əhatə edir.

Süni intellekt sayəsində oxunan hissələrdə insanın rasional impulsları və məntiq çərçivəsində hərəkət etməsinin əhəmiyyəti izah edilərkən, məntiqdən uzaqlaşmağın dağıdıcı ehtiraslara və insanın öz təbiətindən yayınmasına yol açacağı barədə xəbərdarlıq edilir.

Bu qlobal uğur 2023-cü ildə başladılan və qlobal proqramçılar ilə süni intellekt ekspertlərini bir araya gətirən "Vesuvius Challenge" (Vezuvi Müsabiqəsi) çərçivəsində əldə edilib.

Kentukki Universitetinin kompüter elmləri üzrə alimi Prof. Brent Sils tərəfindən təməli qoyulan layihədə süni intellekt alqoritmlərinə rentgen skanlarında papirus lifləri ilə mürəkkəb arasındakı çox kiçik toxuma fərqlərini ayırd etmək bacarığı qazandırılıb.

Əldə edilən nəticələrdən sonra açıqlama verən Dr. Nikolardi bu açılmamış perqamentlərin kənardan baxıldığında ölü kitablar kimi göründüyünü, lakin süni intellekt sayəsində artıq yenidən danışmağa başladıqlarını ifadə edib.

Layihənin müəllifi Prof. Sils isə texniki çətinliklərin böyük ölçüdə geridə qaldığını və artıq əsl həyəcanverici mərhələyə, yəni bu mətnlərin dərin fəlsəfi mənalarını dünyaca məşhur akademiklərlə birlikdə həll etmək prosesinə keçdiklərini bildirib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu