Çexiya Prezidenti NATO sammitində iştirak etmək niyyətində israrlıdır


Çexiya Prezidenti Petr Pavel, ölkə hökumətinin onu nümayəndə heyətinin tərkibinə daxil etməkdən imtina etməsindən sonra Ankarada keçiriləcək növbəti NATO sammitində iştirak etmək mövqeyində israr edir.

AFN.az xəbər verir ki, bu barədə Çexiyanın ČTK informasiya agentliyi məlumat yayıb.

Nümayəndə heyətinin tərkibi iyunun 22-də Nazirlər Kabineti tərəfindən elan edilib. Bundan sonra dövlət başçısı Çexiya Konstitusiya Məhkəməsinə apelyasiya şikayəti göndərib. Agentliyin məlumatına görə, prezident məhkəmədən onunla Nazirlər Kabineti arasında səlahiyyətlərin bölgüsünə dair ilkin qərar çıxarmasını xahiş edir ki, o, Ankaraya yollana bilsin. Səlahiyyət mübahisəsinə baxılması prosesi uzana bilər və yekun hökm iyulun 7-8-nə planlaşdırılan NATO sammitindən sonraya qala bilər.

Bu arada Çexiyanın Baş naziri Andrey Babiş dövlət başçısının bu addımını "gülünc" adlandırıb. Onun sözlərinə görə, Pavel 2028-ci ildə keçiriləcək növbəti ümumxalq səsverməsində yenidən seçilmək naminə seçkiqabağı kampaniya aparır. Baş nazir hesab edir ki, prezidentin hərəkətləri hökumətlə dialoqa xidmət etmir.

Qeyd edək ki, Nazirlər Kabinetinin təsdiqlədiyi qərara əsasən, NATO sammitində Çexiya nümayəndə heyətinə məhz Baş nazir Andrey Babiş rəhbərlik edəcək. Ondan başqa Ankaraya Baş nazirin müavini və xarici işlər naziri Petr Matsinka, həmçinin müdafiə naziri Yaromir Zuna yollanacaqlar.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu