Avtomobillər artıq qaradan daha qara rəngdə ola biləcək



Elm adamları görünən işığın 99,9 faizindən çoxunu udmaqla əşyaları tamamilə qaranlığa qərq edən və avtomobil standartlarına uyğun gələn yeni ultra-qara örtük texnologiyası kəşf ediblər.

AFN.az xəbər verir ki, avtomobil dünyasında lüksün və zərifliyin rəmzi kimi qəbul edilən qara rəng elmi bir innovasiya sayəsində tamamilə yeni bir ölçüyə daşınıb.

Elmi bir araşdırmaya görə, tədqiqatçılar işığı udma qabiliyyəti bu günə qədər hazırlanan bütün boyaları geridə qoyan bir örtük üsulu tapıblar.

Mövcud texnologiyalarda qara rəngin dərinliyi yalnız qurum əsaslı piqmentlərin işığı udma gücü ilə məhdudlaşdığı halda, yeni üsul səthin mikroskopik strukturunu dəyişdirərək işığı həbs edən struktur udma texnikasından istifadə edir.

Bu sayədə səthə dəyən görünən işıq dalğa uzunluqlarının orta hesabla 99,9 faizi yox edilir və ortaya qüsursuz bir qaranlıq çıxır.

Kimyaçı tədqiqatçı Jivey Liu bildirir ki, dərin qara tonlar lüks avtomobil sahibləri üçün hər zaman ilk seçim olub.

Avtomobil şirkətlərinin uzun müddətdir seriyalı istehsala uyğun, həddindən artıq qara örtük həlləri üzərində işlədiyini ifadə edən Liu hazırladıqları yeni formulun karbon nanotexnologiyalı borularla (nanotublar) dəstəkləndiyini qeyd edib.

Bu xüsusi tərkib işığı demək olar ki, tamamilə udaraq avtomobilə güclü vizual effekt və dərin bir lüks hissi qazandırır.

Bu texnologiya yaddaşlarda 2019-cu ildə təqdim edilən və işığın 99 faizini udan yeganə nümunə olan bir BMW modelini canlandırır.

O dövrdə yalnız sərgilər üçün xüsusi olaraq hazırlanan həmin avtomobil ətraf mühit amilləri qarşısında rəngini qoruya bilmirdi və piqment strukturu sürətlə sıradan çıxırdı.

Yeni hazırlanan ultra-qara örtük isə mövcud avtomobil standartlarına cavab verəcək şəkildə layihələndirilib.

Lakin bu texnologiyanın minik avtomobillərində geniş şəkildə istifadə edilə bilməsi üçün dayanıqlılıq və tətbiq sınaqlarının bir müddət də davam etməsi lazımdır.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu