ABB-nin sisteminə hücum olub? - Bank müştərilərə xəbərdarlıq etdi
ABB (Azərbaycan Beynəlxalq Bankı) istifadəçilərinin kart hesablarından vəsaitlər silinib.
AFN.az xəbər verir ki, bu barədə müştərilərə xəbərdarlıq gəlib. Bankın mobil tətbiqində yayımlanan bildirişdə qeyd olunub ki, hazırda üçüncü tərəflə bağlı yaranmış texniki çətinlik səbəbindən bəzi kartlarda əlavə vəsaitlərin silinməsi halları baş verib.
ABB problemin mövcudluğunu təsdiqləyərək, nasazlığın aradan qaldırılması istiqamətində işlərin davam etdiyini bildirib.
“Hazırda 3-cü tərəfli yaşanan texniki çətinliklə bağlı kartlarda əlavə vəsait silinməsi baş vermişdir. Problem yaxın zamanda aradan qaldırılacaq. Anlayışınız üçün təşəkkür edirik”, – deyə məlumatda vurğulanıb.
Hələlik problemdən neçə nəfərin təsirləndiyi, hansı kart əməliyyatlarını əhatə etdiyi və vəsaitlərin nə vaxt tam şəkildə bərpa ediləcəyi barədə əlavə məlumat verilməyib.
Müştərilərin bildirdiyinə görə, balansa daxilolmalarda da problem yaşanıb. Belə ki, köçürülən vəsaitlər hesaba əksik mədaxil edilib.



