İran MAQATE müfəttişlərinin nüvə obyektlərinə çıxış şərtini açıqlayıb


İran hakimiyyəti yalnız sanksiyaların tamamilə ləğv edilməsindən və ABŞ-ın memorandum üzrə öhdəliklərini yerinə yetirməsindən sonra MAQATE (Beynəlxalq Atom Enerjisi Agentliyi) müfəttişlərinin müharibə zamanı zərər görmüş nüvə obyektlərinə daxil olmasına dair məsələni müzakirə etməyə hazır olacaq.

AFN.az xəbər verir ki, bu barədə İslam Respublikasının xarici işlər nazirinin müavini Kazım Qaribabadi "X" sosial şəbəkəsindəki hesabında bildirib.

"Hücuma məruz qalmış obyektlərə və nüvə materiallarına çıxış icazəsinin verilməsi ilə bağlı heç bir plan mövcud deyil. Bu məsələlər eksklüziv olaraq yekun saziş çərçivəsində nəzərdən keçiriləcək və yalnız qarşı tərəf bütün sanksiyaların tamamilə ləğv edilməsi, habelə digər öhdəliklərin icrası istiqamətində praktiki addımlar atdıqdan sonra həll olunacaq", – deyə iranlı diplomat qeyd edib.

Xatırladaq ki, iyunun ortalarında ABŞ və İran tərəfləri Livan da daxil olmaqla bütün cəbhələrdə hərbi əməliyyatların dərhal dayandırılmasını nəzərdə tutan qarşılıqlı anlaşma memorandumu imzalayıblar. İyunun 21-də isə İsveçrənin Bürgenstok şəhərində Qətər və Pakistanın vasitəçiliyi ilə sözügedən memorandumun icrasına dair ABŞ-İran danışıqları baş tutub.

Daha sonra ABŞ Prezidenti Donald Tramp bəyan edib ki, əgər Tehran və Vaşinqton arasında MAQATE müfəttişlərinin İslam Respublikasına qayıtması ilə bağlı razılıq əldə olunmasa, o, ABŞ rəsmilərinin iranlı həmkarları ilə növbəti görüşlərini ləğv edəcəyi ilə hədələyib.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu