ÜST: Anomal istilər hər il qlobal miqyasda 500 min insanın ölümünə səbəb olub



Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus anomal istilərin qlobal miqyasda hər il təxminən 500 min insanın həyatını itirməsinə səbəb olduğunu bildirib.

AFN.az xəbər verir ki, Qebreyesus ÜST-nin həftəlik mətbuat konfransında qlobal səhiyyə məsələləri ilə bağlı qiymətləndirmələr aparıb.

Avropa və şimal yarımkürəsi ölkələrində anomal isti hava dalğasının təsirli olduğunu qeyd edən Qebreyesus yüksək temperaturun iqlim dəyişikliyinin sağlamlıq və təhlükəsizlik baxımından yaratdığı ən ciddi və sürətlə böyüyən təhdidlərdən biri olduğunu vurğulayıb.

O, anomal istilərin hər il dünyada təxminən yarım milyon insanın ölümünə yol açdığını, lakin bu ölüm hallarının çoxunun qarşısının alına biləcəyini diqqətə çatdırıb.

Baş direktor isti havanın hər kəsə təsir etdiyini, lakin ən yüksək risk qrupuna yaşlıların, xroniki xəstəlikləri olanların, uşaqların, hamilə qadınların, həddindən artıq istiyə məruz qalan işçilərin və sosial baxımdan həssas qrupların daxil olduğunu söyləyib.

İsti hava dalğalarının kütləvi tədbirlərdə və idman yarışlarında iştirak edən insanlar üçün də sağlamlıq təhlükəsi yarada biləcəyinə işarə edən Qebreyesus, FİFA Dünya Çempionatı zamanı məlumatlılığı artırmaq, erkən xəbərdarlıq sistemləri qurmaq, təhlükəsiz içməli suya çıxışı yaxşılaşdırmaq, soyutma strategiyaları və ağıllı planlaşdırma tətbiq etmək üçün FİFA və ev sahibi ölkələrlə əməkdaşlıq etdiklərini bəyan edib.

ÜST-nin Səhiyyə Sahəsində Fövqəladə Hallara Hazırlıq Departamentinin tərkibindəki Sərhədlər, Kütləvi Tədbirlər və Sağlamlığın Qorunması Tədbirləri Bölməsinin rəhbəri Ninqlan Vanq isə Avropada və dünyanın digər hissələrində bu il isti hava səbəbindən neçə nəfərin öldüyünü göstərən statistika ilə bağlı sualı cavablandırarkən, hazırda əllərində dəqiq məlumat olmadığını, lakin bunu daha sonra paylaşacaqlarını qeyd edib.

ÜST Riskılərin Azaldılması, Humanitar Yardım Əməliyyatları və İqlim Dəyişikliyi Bölməsinin rəhbəri Tereza Zakariya da hazırda Avropada yaşananların çox narahatlıq doğurduğunu bildirib.

Zakariya növbəti altı ayda anomal istilərin son dərəcə ciddi həddə çata biləcəyini dilə gətirərək, dünyanın böyük hissəsində temperaturların fəsil normalarından çox yuxarı qalxmasının və ilin eyni dövrü üçün orta göstəricilərdən 80 faizə qədər yüksək səviyyəyə çatmasının mümkün olduğunu, bu səbəbdən qarşıda duran mənzərənin narahatlıqverici olduğunu vurğulayıb.

Ebola epidemiyasına da toxunan baş direktor Qebreyesus Konqo Demokratik Respublikasında (KDR) beş həftə əvvəl Ebola epidemiyasının elan edilməsindən bəri hökumətin rəhbərliyi ilə mübarizənin əhəmiyyətli dərəcədə gücləndiyini görməyin sevindirici olduğunu bildirərək, son beş həftədə 19 tibb mərkəzində çarpayı sayının 10-dan 500-ün üzərinə çıxarıldığını ifadə edib.

KDR-də 100-dən çox insanın sağaldığını, erken diaqnostika və dəstəkləyici qulluq vasitəsilə bir çox insanın bu xəstəlikdən xilas ola biləcəyini qeyd edən Qebreyesus əldə olunan yaxşı irəliləyişlərə baxmayaraq hələ də böyük çətinliklərlə qarşılaşdıqlarını və epidemiyanın görülən tədbirləri qabaqlamağa davam etdiyini vurğulayıb.

O, hazırda 1094 təsdiqlənmiş Ebola halının və bununla bağlı 277 ölüm faktının qeydə alındığını, epidemiyanın sürətlə yayılmağa davam etdiyini diqqətə çatdırıb.

Uqandada iki həftəlik fasilədən sonra ilk Ebola virusu yoluxmasının iyunun 21-də qeydə alındığını deyən Qebreyesus, bu ölkədə ümumilikdə 20 təsdiqlənmiş yoluxma və iki ölüm halının bildirildiyini ifadə edib.

Qebreyesus Fransada KDR-dən qayıdan bir səhiyyə işçisinin Ebola virusu testinin pozitiv çıxdığını, həmin xəstənin hazırda nəzarətdə saxlanıldığını və müalicə aldığını bildirib.

ÜST-nin baş direktoru sonda qeyd edib ki, Ebola virusu ilə bağlı dünyanın qalan hissəsi üçün risk səviyyəsi aşağı düşməkdə davam edir.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu