Vergilər Nazirliyi "Veysəloğlu"nu cərimələdi- Şirkətdən etiraz: "Cərimə əsassızdır..."




Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin əməkdaşları tərəfindən “Veysəloğlu” Şirkətlər Qrupuna aid olan 10-a yaxın şirkətdə audit yoxlamaları həyata keçirilib.

AFN xəbər verir ki, bu barədə demokrat.az saytı məlumat yayıb. Sayt yazır ki, səyyar vergi yoxlamaları zamanı sözügedən şirkətlərin külli miqdarda vergidən yayınması faktları ortaya çıxıb: "Araşdırmalar zamanı məlum olub ki, “Veysəloğlu” Şirkətlər Qrupuna aid olan 10-a yaxın vergi ödəyicisi Nizami rayonu, Keşlə qəsəbəsində böyük bir ərazini əhatə edən ərzaq-mal anbarından istifadə etməklə, özünün iqtisadi fəaliyyətini həyata keçirib.

Yəni, “Veysəloğlu” Şirkətlər Qrupu məhsullarını satış məqəsdilə sözügedən vergi ödəyiciləri vasitəsilə satışa çıxarırmış. Bu zaman həmin vergi ödəyicilərinin “Veysəloğlu” Şirkətlər Qrupunun himayəsi altında külli miqdarda vergidən yayınması məlum olub.

Sözügedən Departamentin əməkdaşları tərəfindən aparılan səyyar vergi yoxlaması ilə külli miqdarda vergidən yayınma halları aşkar edilərək, “Veysəloğlu” Şirkətlər Qrupuna iki milyon manatlıq maliyyə sanksiyası tədbiq edilib".

Yayılan məlumatla bağlı "Veysəloğlu" Şirkətlər Qrupu da açıqlama verib. Şirkətin İctimaiyyətlə əlaqələr departamentindən verilən açıqlamada bildirilir ki, ötən ilin sonunda “Veysəloğlu” Şirkətlər Qrupuna daxil olan bütün şirkətlərdə aksiz nişanı ilə markalanması məcburi olan məhsulların, işçilərin əmək müqavilələrinin və nağd pulun idarə edilməsinin yoxlanılması üzrə operativ vergi yoxlamaları həyata keçirilib: Lakin yoxlama aparılan istiqamətlər üzrə şirkətimizin fəaliyyətində kənarlaşmalar aşkar edilməyib. Belə ki, şirkətimizin bütün əməkdaşlarının əmək müqavilələri, şirkətlərimizə məxsus anbarlarda bütün məhsulların miqdarına, həmçinin aksiz nişanı ilə markalanması məcburi olan məhsulların və nağd pul dövriyyəsinə aid bütün uçot sənədləri qaydasında olub. Yoxlama zamanı vergi əməkdaşları tərəfindən yaranmış olan bütün sorğu və suallar zamanında cavablandırılaraq müvafiq sənədlər təqdim olunub.
Hətta yoxlama zamanı və yoxlamadan sonrakı dövrdə vergi əməkdaşları da bizim vergi uçotuna dair işlərimizin qanunvericiliyə uyğun yüksək səviyyədə təşkil olunması barəsində dəfələrlə müsbət fikirlər səsləndirmiş və yoxlama apardıqları digər şirkətlərə bizi yaxşı nümunə olaraq göstəriblər. Bunun əsas səbəbi isə cənab nazirin 2018-ci ili şəffaflığa doğru keçid ili kimi elan etməsi çağırışına məsuliyyətlə yanaşaraq bu istiqamətdə ciddi işlər görməyimiz olub.
Lakin 2019-cu ilin əvvəlində şirkətimizə qeyd olunduğu kimi, cərimə yazılıb. Şirkətimiz bu cəriməni əsassız sayaraq qəbul etməyib və məhz bu səbəbdən dərhal Vergilər Nazirliyinə şikayət məktubu ilə müraciət edib. Bu zaman qeyd olunan cərimənin əsassız olduğunu sübut edən bütün vergi uçot sənədlərini də aidiyyəti üzrə təqdim etmişik. Hazırda etirazımız Vergilər Nazirliyi tərəfindən araşdırılmaqdadır. Ümid edirik ki, yaxın günlərdə Vergilər Nazirliyi bizim haqlı olduğumuzu təsdiq edəcək və ədalətli qərar verəcəkdir.
Məqalədə yer almış olan satışa gedən məhsulların vergidən yayınma halları ilə bağlı yazılanlar da həqiqəti əks etdirmir. Bu istiqamətdə aparılan yoxlamalar zamanı vergi rəsmilərinin tələb etdiyi bütün lazımi sənədlər tərəfimizdən təqdim edilib və satışa gedən məhsulların vergidən yayınma faktlarının aşkar edilmədiyi müəyyən olunub.
Bildirmək istəyirik ki, şirkətimiz müvafiq dövlət qurumları tərəfindən şəffaflığa doğru atılan bütün addımları alqışlayır və tam olaraq dəstəkləyir. Bu gün də şirkətlər qrupumuz bu istiqamətdə öz aktivliyini davam etdirməkdədir.
“Veysəloğlu” şirkəti uzun illəri əhatə edən fəaliyyəti dönəmində qanunvericiliyə müvafiq olaraq ölkəmizin vergi siyasətini hər zaman dəstəkləyib və bu siyasəti icra edən vergi orqanları ilə qanun çərçivəsində əməkdaşlıq edib".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu