Qənirə Paşayeva bəzi qurumlara müraciət etdi - VİDEO




Millət vəkili Qənirə Paşayeva MM-in komitə iclaslarında 2020-ci il büdcə layihəsinin 2-ci oxunuşu müzakirələrində çıxış edib və cəmiyyəti narahat edən bir sıra problemlərin həlli istiqamətində bəzi qurumlara müraciət edib.



Məktəblərdə ciddi narahatlıq doğuran problemlərdən biri olan kişi müəllimlərin sayının getdikcə azalması məsələsini vurğulayan millət vəkili Q.Paşayeva bunun əsas səbəblərindən biri kimi maddi sosial səbəblərin olduğunu deyib və müvafiq qurumları orta məktəb müəllimlərinin güzəştli ipoteka şərtlərindən yararlanması üçün müəyyən tədbirlər görməyə səsləyib. Bu gün müəllimlərimizin ən böyük problemlərindən biri mənzil problemidir deyən millət vəkili Q.Paşayeva orta məktəb müəllimlərinin də güzəştli ipotekadan yararlanan qrupa aid edilməsi təklifini təkrar səsləndirib və bu məsələyə qısa zamanda baxılmasını hökümət qurumlarından xahiş edib. O deyib:” Müəllimlərin də ipotekadan güzəştli yararlanan kateqoriyaya daxil edilməsi çox vacibdir. Mən xahiş edirəm ki, bu məsələyə yaxın günlərdə baxılsın və orta məktəb müəllimləri də güzəştli kateqoriyaya daxil edilsin. Gələcəyimiz olan gəncləri müəllimlər yetişdirir və ona görə də müvafiq qurumların qısa zamanda bu məsələyə baxmasını, müsbət həll olunmasını xahiş edir və buna çağırırıq.Mən 100-lərlə müəllimin xahişini buradan səsləndirərək bu məsələyə qısa zamanda baxılacağına ümid edirəm.”

Bundan başqa, millət vəkili Qənirə Paşayeva Tovuzun bəzi kəndlərinin təbii qaz problemindən də danışıb. O deyib:“Kəndlərdə müstəqillik dövründə yeni evlər tikilib, yeni məhlələr yaranıb, amma onlara qaz boru xətti çəkilmədiyi üçün təbii qaz verilmir və əhalidən bu boruların öz vəsaitləri hesabına çəkilməsi tələb olunur. Bəzi kəndlərimizdə evlərin 70%-80% təbii qazla təmin olunub, 20-30% yeni evlərə isə qaz boru xətti çəkilmədiyi üçün təbii qaz verilmir. Yeni evlərdə yaşayan insanlarımız məhlələrinə, küçələrinə qaz borusunun çəkilməsini həyata keçirə bilmirlər, buna kəndlərdə çox insanın maddi gücü çatmır.” Eyni kənddə əhalinin bir hissəsinin təbii qazdan istifadə edib, bir hissəsinin edə bilməməsinin kəndlərdə xeyli sayda insanlarımızın problemi olduğunu, onların bu vəziyyətdən narazılıq etdiyini deyən millət vəkili bu məsələyə qısa zamanda baxılmasını və boru xətlərinin dövlət tərəfindən dövlət vəsaiti hesabına çəkilməsini xahiş edib, müvafiq qurumları Tovuzda bu prosesin tezliklə başa çatmasına ciddi dəstək göstərməyə çağırıb.

Sumqayıt şəhərindən, Masazır, Saray və Abşeronun bəzi kəndlərindən Bakıya gələn əsas yolda səhər və axşam saatlarında yaranan dəhşətli tıxaclar problemi barədə də danışan millət vəkili Q.Paşayeva bu problemin həll olunması üçün müvafiq qurumlara çağırış edib. Q.Paşayeva hər gün 100-lərlə tələbənin Sumqayıtdan və Abşeronun bəzi kəndlərindən bu yolla dərsə gəldiyini, 100-lərlə insanın işə gəldiyi və qayıtdığını deyib, və səhər və axşam saatlarında bu yolda yaranan dəhşətli tıxacların qısa zamanda aradan qaldırılması üçün addımları atılmasının vacibliyini vurğulayıb. Bəzən səhər və axşam saatlarında təcili yardım maaşınlarının belə yarım saata yaxın bu tıxaclardan çıxa bilmədiyini deyən millət vəkili Q.Paşayeva Sumqayıt şəhərindən Masazır, Saray, və Abşeronun bir sıra kəndlərindən avtovağzal, 20 yanvar istiqamətinə gələn əsas yoldakı bu vəziyyətin aradan qaldırılması istiqamətində minlərlə insanın xahişini müvafiq qurumlara çatdırıb və qısa zamanda tədbirlər görməyə səsləyib.

Millət vəkili Q. Paşayeva həmçinin Abulbəyli kənd Mədəniyyət Mərkəzinin yarımçıq qalmış təmir bərpa işlərinin tamamlanması üçün gələn ilin büdcəsindən vəsait ayrılmasına çağırıb. O deyib ki, təmir bərpa işlərinin yarımçıq qalması görülmüş işlərə də ciddi ziyan vurur və təcili şəkildə Abulbəyli kənd Mədəniyyət Mərkəzinin təmirinin başa çatdırılmasına ciddi ehtiyac var. Millət vəkili Q. Paşayeva müvafiq qurumları bu məsələyə diqqətlə yanaşmağa və problemin qısa zamanda həll edilməsinə çağırıb.

Millət vəkili Qənirə Paşayevanın geniş çıxışını və qaldırdığı məsələləri aşağıdakı linkdən izləyə bilərsiniz:




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu