Parlamentin yeni tərkibində kim etik əndazəni aşsa, mandatı ilə “sağollaşacaq” — QAYDALAR
Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyası (MSK) ilkin rəsmi nəticələri açıqlayıb. MSK-nın fevralın 13-də keçirilən iclasında isə 33 saylı Xətai Birinci Seçki Dairəsinin, 35 saylı Xətai Üçüncü Seçki Dairəsinin, 74 saylı Lənkəran Kənd Seçki Dairəsinin, 80 saylı İmişli-Beyləqan Seçki Dairəsinin nəticələri ləğv edilib. Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrini yoxlayıb təsdiqləyəcəyi təqdirdə, qanunverici orqan yeni tərkibdə fəaliyyət göstərəcək. Parlamentin bundan əvvəlki çağırışlarında bir çox deputat qalmaqallı açıqlamaları ilə yadda qalmışdı. Hətta bəziləri təhqiramiz fikirlərlə gündəmə gəlmişdilər. Bu isə etik-davranış qaydalarının pozulmasıdır. V çağırış Milli Məclisin iclasında etik davranış qaydalarını pozduğuna görə, deputat mandatından məhrum edilən olmamışdı. Yalnız Rafael Cəbrayılov mandatından məhrum edilmişdi. Bu isə borca görə Milli Məclisin deputat vəsiqəsinin girov qoyulması ilə əlaqədar idi.
AFN bildirir ki, oxu.az deputatların etik davranış qaydalarını pozacaqları təqdirdə mandatdan məhrum edilmə ilə bağlı araşdırma aparıb.
Deputatların mandatından məhrum edilməsi üçün Konstitusiyadakı müddəalar “ana maddə” rolunu oynayır.
Konstitusiyanın 89-cu maddəsinə əsasən, deputatlar seçkilər zamanı səslərin düzgün hesablanmadığı aşkar olunduqda, Azərbaycan Respublikası vətəndaşlığından çıxdıqda və ya başqa dövlətin vətəndaşlığını qəbul etdikdə, cinayət törətdikdə və məhkəmənin qanuni qüvvəyə minmiş hökmü olduqda, dövlət orqanlarında vəzifə tutduqda, din xadimi olduqda, sahibkarlıq, kommersiya və başqa ödənişli fəaliyyətlə məşğul olduqda (elmi, pedaqoji və yaradıcılıq fəaliyyəti istisna olmaqla), özü imtina etdikdə səlahiyyətlərini itirir.
Eyni zamanda, deputat qanunla müəyyən edilmiş etik davranış qaydalarını kobud surətdə pozduqda mandat ilə “vidalaşır”.
Etik davranış qaydalarının pozulmasına görə, deputat Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi ilə müəyyən edilmiş qaydada məsuliyyət daşıyır.
Parlamentin Daxili Nizamnaməsinin 45-ci və 46-cı maddələri deputata tətbiq edilən intizam tədbirləri ilə əlaqədardır.
Deputatlar “Deputatın etik davranış qaydaları haqqında” qanunla müəyyən edilmiş etik davranış qaydalarını pozduqda parlamentdaxili məsuliyyətə cəlb olunur. Lakin kobud surətdə pozduğu hallar istisnadır, yəni buna görə, deputat barəsində daha sərt tədbir görülür.
Qalan hallarda isə Milli Məclisin deputatı barəsində aşağıdakı intizam tədbirlərindən biri tətbiq edilir: xəbərdarlıq, söz kəsmə, iclas salonundan çıxarma, töhmət, deputat səlahiyyətlərinin itirilməsi.
Əgər deputatın hərəkətlərində qanunla müəyyən olunmuş qaydada pozuntu halları aşkarlanarsa, Milli Məclisin sədri deputat barəsində İntizam komissiyasına təqdimatla müraciət edir.
İntizam komissiyası 2 həftə müddətində apardığı araşdırma nəticəsində müvafiq əsaslar aşkar etdikdə deputat barəsində töhmət intizam tədbirinin tətbiq edilməsi haqqında qərar qəbul edir.
Parlamentin və onun komitə iclaslarında üzrsüz səbəbdən azı dalbadal 4 və ya bir ayda üst-üstə 6 dəfə iştirak etməyən deputat barəsində Milli Məclisin sədri İntizam komissiyasına təqdimatla müraciət edir. İntizam komissiyası 1 həftə müddətində apardığı araşdırma nəticəsində müvafiq əsaslar aşkar etdikdə deputat barəsində töhmət intizam tədbirinin tətbiq edilməsi haqqında qərar qəbul edir.
Milli Məclisin deputatı barəsində töhmət intizam tədbirinin tətbiq edilməsi haqqında qərar parlamentin növbəti iclasında elan edilir.
Spiker Milli Məclisin növbəti sessiyasının bütün iclaslarında və ya il ərzində Milli Məclisin 15 iclasında üzrsüz səbəbdən iştirak etməyən deputat barəsində İntizam komissiyasına təqdimatla müraciət edir. İntizam komissiyası iki həftə müddətində apardığı araşdırma nəticəsində müvafiq əsaslar aşkar etdikdə Milli Məclisin deputatı barəsində deputat səlahiyyətlərinin itirilməsi intizam tədbirinin tətbiq edilməsi haqqında rəy qəbul edir. Daha sonra bunu Milli Məclisin müzakirəsinə çıxarır.
Bu məsələyə Milli Məclisin növbəti iclasında səlahiyyətlərinin itirilməsi nəzərdə tutulan deputatın iştirakı ilə baxılır. Həmin deputatın iclasda iştirakı mümkün olmadıqda bu məsələyə onun iştirakı olmadan baxılır.
İclasda iştirak edən Milli Məclisin deputatları yalnız deputat səlahiyyətlərinin itirilməsi üçün yetərli əsasların olub-olmamasını aydınlaşdıra bilər. İntizam komissiyasının üzvlərinə suallar verə bilər. Onlar deputatın səlahiyyətlərinin itirilməsinin lehinə və ya əleyhinə çıxış edə bilərlər. Milli Məclisin deputatının səlahiyyətlərinin itirilməsi barədə parlamentin qərarı azı 63 səs çoxluğu ilə qəbul edilir.
“Deputatın etik davranış qaydaları haqqında” qanunda Milli Məclisin iclaslarında etik davranış qaydalarına riayət olunması ilə bağlı müddəalar var.
Belə ki, deputat Milli Məclisin iclaslarında həmkarlarının fikirlərinə hörmətlə yanaşmalı, münaqişələrdən çəkinməli, öz mövqeyini təhdidlə bildirməməlidir.
Deputat Milli Məclisin iclaslarının aparılmasına mane olmamalı, çıxış edənlərin sözünü kəsməməlidir. Kənardan müdaxilə etməməli, iclasın normal gedişini və iş qaydasını pozmamalıdır. İnsanın şərəf və ləyaqətini alçaldan kobud, təhqiramiz sözlərə və hərəkətlərə yol verməməli, qanunsuz hərəkətlərə çağırış etməməlidir.
Deputat çıxışlarının, bəyanatlarının, sual və təkliflərinin məzmununun müəyyən edilmiş gündəliyə uyğun olmasına riayət etməlidir. Belə hallar iclasın iş qaydasını pozmasına yol verməməlidir.
Deputat başqa deputatın əvəzinə səs verməməlidir.