Laçın azad edildikdən sonra ermənilərin vəziyyəti necə olacaq... - ŞƏRH


Azərbaycan, Rusiya və Ermənistan liderlərinin imzaladığı 10 noyabr tarixli razılaşma fonunda geniş ictimaiyyətdə Qarabağın statusu məsələsi ilə bağlı narahatlıqlar davam edir.



Qaynarinfo xəbər verir ki, siyasi analitik Nazim Cəfərsoy Qarabağda mövcud status kvo-nu şərh edib.

Onun sözlərinə görə, Laçın rayonunun Ermənistan tərəfindən boşaldılmasından sonra Qarabağda yaşayan ermənilərə Azərbaycanın təsir imkanları yaranacaq: "Laçının boşaldılması ilə işğal bitəcək və rəşadətli Azərbaycan ordusu bu rayonlara və təbii ki qərbdəki Azərbaycan-Ermənistan sərhədi boyunca yerləşəcək. Bu sərhədin Laçın koridoru hissəsində də rus sülhməramlısı ilə yanaşı, həm Azərbaycan Sərhəd Xidməti, həm də Azərbaycan Gömrüyü olacaq. Ermənistandan gələn mallara ən az 36 faiz vergi tətbiq ediləcək. Azərbaycan isə bölgədəki öz mallarina ƏDV-ni ləğv edəcək. Xankəndindəki onsuz da iqtisadi imkanı məhdud olan normal ermənilər orta vədədə Azərbaycan mallarını almağa başlayacaq. Çünki Ermənistandan ixrac olunan malların qiyməti gömrük və ƏDV-yə görə baha olacaq.

Narahatçılıq yaradan digər bir məsələ ilə bağlı deyim ki, Xankəndi, Xocalı və Xocavəndə azərbaycanlı məcburi köçkünlər qayıdacaq. Əlimizdəki statistik məlumlatlara görə, Xankəndinə ən azı 10 min, Xocalıya da ən azı 10 min azərbaycanlı qayıdacaq. Zatən Xocalıda əvvəllər erməni yaşamayıb, onların müxtəlif problemləri ilə təbii ki, Azərbaycan dövlətinin ələqadar qurumları məşğul olacaq. Yəni Putinin dediyi "status-kvo saxlanılır" fikri özünün də imzaladığı və "əsla pozulmamalı" dediyi 10 noyabr bəyannaməsinin 8-ci maddəsində yer alan "bütün məcburi köçkünlər qayıdacaq" şərtinə tam ziddir və praktikada olması mümkün deyil. Yəni status kvo yoxdur artıq. O qədər azərbaycanlının yaşadığı yerə onların istəmədiyi bir statusun verilməsi mümkün deyil. Hələ bir də köhnə Ağdamı (şəhəri - red.) muzey kimi saxlayıb, yeni Ağdamı Xankəndinə daha yaxın yerdə inşa etsək. O yeni Ağdama böyük bir hərbi hissə də yerləşdirə bilərik.

Digər tərəfdən faktiki Xankəndi, Xocavənd, Ağdərədə yaşayacaq ermənilərin daxili gəlir imkanları artıq yoxdur. Diaspor, Ermənistan və Qərbin onlara pul verməsi mümkün deyil. Rusiya isə bunu birtərəfli qaydada edə bilməz, etsə, sülhməramlı olmaqdan çıxar və onun nəticələri də regionda böyük problemlər deməkdir. İş qalacaq əsasən Azərbaycanın mövqeyi və ya puluna. Biz də öz şərtlərimizi qoyacağıq.

Həmçinin, bölgədə yaşayacaq olan Azərbaycan vətəndaşlarına mühüm güzəştlər olacaq. İstəyən Qarabağ ermənisi bizim vətəndaşlığı qəbul edəcəksə, bundan faydalanacaq. Qəbul etməkdə müqavimət göstərən ermənilər isə xarici vətəndaş kimi müxtəlif texniki problemlərlə qarşılaşacaqlar. Vətəndaşlığı qəbul edən ermənilərdən Azərbaycan qanunvericiliyinə görə cinayət törətmiş şəxslər, xüsusilə ağır və zaman aşımı olmayan insanlıq suçu, xəyanət, silahlı üsyan, muharibə cinayəti işləyənlər təbii ki, zaman içində mühakimə ediləcək. Mühakiməni qəbul etməyənlər isə vətəndaşlıqdan çıxarılıb, hüquq səbəblərlə ölkədən çıxarılacaq".

Ekspert hesab edir ki, əgər ermənilər Qarabağın statusu məsələsində müqavimət göstərməkdə davam etsələr, yenə uduzacaqlar:
"Deyək ki, bütün bunlara baxmayaraq, Ermənistan və Qarabağ erməniləri status mövzusunda müqavimət göstərdilər. Hərbi, siyasi və iqtisadi şərtlər artıq bizim lehimizədir. İstəməsələr, 26 il də biz müzakirəni uzadarıq. Görək kim zərərli çıxacaq?" Bütün bu şərtlərin xeyrimizə dəyişməsi üçün biz prosesi doğru idarə etməliyik..."



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru




menyu
menyu