Rusiyada baş verənlər, səbəblər və təsirlər - Açıqlamalar


Son günlər Rusiyada baş verən hadisələr son bir ayda ABŞ-ı silkələyən hadisələri dünya gündəmindən sıxışdırıb çıxartdı. Rusiyada və beynəlxalq içtimaiyyətdə "Bu, Con Baydenin Putinə cavabıdır", "Navalnı Putinin idarəetmə maraqlarına cavab verən layihədir", "Navalnı Putinin yeganə alternatividir" kimi yanaşmalar mövcuddur, bizdə isə daha çox Rusiyada gözlənilən siyasi dəyişikliklərin Azərbaycana və regiona hansı təsirlərinin ola biləcəyi haqqında müzakirələr açılır. Mövzuya bir qədər aydınlıq gətirmək üçün müraciət etdiyimiz ekspertlər Xeberlent.az-a açıqlama verdilər.

Politoloq Elxan Şahinoğlu: “Məncə, Rusiya hakimiyyəti üçün Navalnının çağırışı ilə yürüş və mitinqlərin ölkənin Moskva, Sankt-Peterburq şəhərləri də daxil olmaqla bir çox şəhərlərində keçirilməsi gözlənilməz oldu. Digər tərəfdən, bu il Rusiyada parlament seçkiləri keçiriləcək. Navalnı parlamentdə təmsil olunmadığına görə sistemdən kənar müxalifət hesab olunur. Belə ki, Putin parlamentdə təmsil olunan Liberal-Demokratik, Kommunist və digər partiyalarla dialoq apararaq, onları nəzarətdə saxlaya bilir. Amma onun sistemdən kənar müxalifətlə dialoqu yoxdur. Ona görə də ən çox problemi də Putinə, Rusiya hakimiyyətinə məhz sistemdən kənar müxalifət yarada bilir və bununla daim Qərbin əsas diqqət mərkəzində yer alır. Navalnının həbsi inauqurasiyası yeni olmuş Bayden adminstrasiyasının Rusiyaya qarşı siyasətini sərtləşdirə bilər. Qərbdə müzakirə olunduğu kimi, Azərbaycanda da bu mövzu geniş müzakirə olunur. Navalnı kimi birisi Rusiya hakimiyyətinə gələrsə, Azərbaycana mövqeyi necə olacaq? – Bunu indidən demək çətindir. Amma Navalnı liberal olsa da, onun millətçi tərəfi də var, üstəgəl erməni separatçılarına rəğbəti, Paşinyan hakimiyyətə gəldiyi zaman onu tərif və təbrik etməsi ilə də tanınıb. Ona görə də Rusiyada belə birisinin hakimiyyətə gəlməsinə çox da sevinmək lazım deyil. Navalnının tərəfdarlarının olması, gənclərin ona dəstək verməsinə baxmayaraq, hakimiyyətə gəlmə perspektivini görmürəm. Amma onu deyim ki, Navalnı hal-hazırda Putinin ən böyük baş ağrısıdır”.



Jurnalist-politoloq Seymur Şahbazov: “Əlbəttə ki, Putin gedəcək. Amma bu tezliklə yox! Küçənin tələbi ilə yox. Qərbin və Qərb agentlərinin tələbi ilə heç yox! Və əlbəttə ki, hansısa əbləhin qurama filminin yaratdığı hay-küyə görə yox.

Putin qovulmayacaq, hörmətlə yola salınacaq. Artıq Rusiyanın dirçəliş və yüksəliş yolunda əyləcə çevrilsə də, xilaskardır.

Bəli, xalq "qırmızıpaqon" oliqarxik quruluşdan bezib. Dünyanın ən zəngin ölkəsində əhali bir sürü yüksək çinli oğrunun sayeyi-mərhəmətindən kasıb yaşayır. Ən yeni tarixdə sosialist inqilabının bayraqdarı olmuş bir xalqın bu vəziyyətə hələ çoxmu dözəcəyi vacib sualdır. Bəlkə də, postsovetin indi ən vacib sualı. Çünki Rusiya özünün "yaxın xaric"dəki dublikatları üçün əsas ülgüdür.

Bu Navalnı isə bizim müxalifət kimidir – xalqı azdırır və sağlam müxalifətin yaranmasına imkan vermir. Deməli, kimə sərf edir? – Əlbəttə ki, hakimiyyətə, Putinə.

Bunu da deməsəm olmaz ki, Rusiyanın tarixində Putin qədər Azərbaycana yaxşı yanaşan lider yaxın keçmişdə olmayıb, yaxın gələcəkdə də olmayacaq”.



Politoloq Tofiq Abbasov: “Rusiyada gedən bütün proseslər, yeniliklər, əlbəttə ki, postsovet məkanına öz təsirini göstərir və biz də buna biganə qala bilmərik. Əvvəla, indiki proseslər bir qədər həyəcan doğurandır çünki sosial zəmində narazılıq artıb və həqiqətən insanlar bir çox regionlarda rəsmi dairələrdən, xüsusilə yerli orqanlardan öz qayğılarına, öz problemlərinə diqqət gözləyirlər. Düzdür, Vladimir Putin 2000-ci illərin əvvələrində hakimiyyətə gələndə asta-asta ölkədə islahatlar keçirdi və şaquli vəziyyəti qüvvəyə mindirdi. Yəni əgər əvvəl, ona qədər üfüqi şəkildə qurulmuş əlaqələr var idisə – o isə ondan xəbər verirdi ki, regionlarda, federasiya daxilində olan respublikalarda, bir növ, iqtisadi müstəqillik var, onlar inkişaf edir, sonra qazancın böyük hissəsi yerlərdə qalır və beləliklə, müəyyən sosial paketlər həyata keçirlir – Putin gələndən sonra şaquli xətləri qüvvəyə mindirdi və onları gücləndirdi. İndi sosial proqramın həyata keçməsində faktiki olaraq böyük əyintilər, böyük çatışmamazlıqlar var və bir çox hallarda Putin özü də, hökümətə gətirdiyi qüvvələr də bunu etiraf edir. Biz görürük ki, bunun fonunda Aleksey Navalnının hərəkatı yavaş-yavaş güc toplayır. Təbii ki, bu proses müəyyən qədər həm də xaricdən idarə olunur, çünki Navalnı onsuz da xariclə əlaqəli adamdır, o bunu heç vaxt gizlətməyib. Digər tərəfdən, mövcud vəziyyətdə rəngli inqilabın işartıları özünü biruzə verir və bundan başqa, Tramp getdikdən sonra ABŞ yenidən dünyada aparıcı rolunu özünə qaytarır, Avropa ölkələri –İngiltərə, Fransa, Almaniya kollektiv surətdə Putin və onun ətrafını ciddi tənqid edirlər, sanksiyalarla hədələyirlər. Bilmirəm, Putin başda olmaqla Kremldə əyləşən komanda ölkəni nə dərəcədə idarə edir, bunların hakimiyyət rıçaqları nə dərəcədə etibarlı əllərdədir, ancaq fakt odur ki, daxildə elə qüvvələr var ki, xaricdə əlaqələri var, onlar milli qayığı çalxalamaq, burulğan yaradıb o qayığı çevirmək istəyirlər. Rəngli inqilabların həmişə bir xüsusiyyəti var: onların aparıcı qüvvələri göz önündə olanlardırsa, göz önündə olmayan qüvvələri də olur və bəzi hallarda həmin qüvvələr hakimiyyət sistemində yer alır və yavaş-yavaş küçə və meydanlarda olan insanlarla, qruplarla, siyasi cərəyanlarla əlaqə yaratmağa başalayırlar və altdan-altdan beləcə bir-birilərini qidalandırmaqla, informasiya mübadiləsi aparmaqla vəziyyəti gərginləşdirməkdə davamlı bir rol oynayırlar. İndiki bu halda mən həmin cərəyanın konturlarını görürəm. Söz yox ki, indi Rusiyadakı sistem özünü bir qədər sığortalaya bilir, çünki keçmiş xüsusi xidmət orqanlarının əməkdaşları indi hətta maliyyə-təsərrüfat mövqelərində də yer alıblar və onlar Putin komandasına sadiqdirlər. Bunula bərabər, belə xəbərlər bayıra sızır ki, hakimiyyət elitasında artıq küçəyə səs-səsə verənlər də var. Vəziyyəti həmçinin bunlar durmadan gərginləşdirirlər. Mən elə düşünürəm ki, Putin hakimiyyətinin dayaqları bir qədər möhkəmdir. Biz gördük ki, minlərlə insanlar bir çox şəhərlərdə, yaşayış məntəqələrində küçələrə axışdılar – istər Moskva, istər Sankt-Peterburq, Saransk, Xabarovskda, Uzaq Şərq bölgəsində, ancaq hüquq-mühafizə orqanları öz işlərini bərk tuturlar və heç bir şans vermirlər ki, nümayişçilər, etiraz edənlər hardasa təşəbbüsü əla alsınlar. Düzdür, artıq Rusiyanın prokurorluq orqanları polisə qarşı, hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı zorakılıqlar qeydə alıblar. Yəni bir yandan vətəndaşlara zor tətbiq edilib, digər tərəfdən isə vətəndaşlar hüquq- mühafizə işçilərinə fiziki xəsarət yetiriblər. Belə olduğu halda hər iki tərəfin bir-birinə qarşı iddiası artmaqda olur. İstənilən halda asayişin keşiyində duran qüvvələr heç bir boşluğa yol vermirlər. Məsələn, Sankt-Peterburqda nümayişə xeyli insan çıxsmışdı, hətta təxribata cəhd də olunmuşdu, elə Moskvanın özündə – Navalnının olduğu Matroski Tişina həbsxanası həndəvərində hərəkətlilik var idi, ancaq Milli Qvardiya vəziyyəti öz nəzarətində saxladı və böyük bir qarşıdurmaya, küçə döyüşlərinə imkan vermədi. Rusiya, təbii ki, böyük dövlətdir, dünya liderlərinin sırasında yer almış dövlətdir, rəsmi orqanlar imkan verə bilməzlər ki, nümayişlər, etirazlar ölkənin daxilində çaxnaşma, böyük xaos yaratsın. Düzdür, Qərb mətbuatı prosesləri bir qədər şişirdilmiş formada verirlər, hətta bildirilər ki, artıq mövcud hakimiyyətin dövrü sona çatmaqdadır və s. Mən belə fikirləşmirəm və düşünürəm ki, Kreml baş verənlərdən ilk növbədə özü üçün müəyyən çıxarışlar etməli, insanların qayğılarına bir qədər diqqətlə yanaşmalıdır. Sirr deyil ki, Rusiyada oliqarxiya deyilən bir zümrə də var və onların da bu proseslərdə marağı və iştirakı ola bilər. Digər tərəfdən, Rusiyanın xüsusi orqanları kifayət qədər məlumatlıdır ki, vəziyyəti boş buraxmasın və hansısa pozucu qüvvələrə ölkəni hərcmərcliyə sürükləməyə imkan verməsin!

O ki qaldı proseslərin bizə təsirinə, əlbəttə ki, Azərbaycanda belə gedişat narahatlıq doğurur, çünki ilk növbədə bizim orda çoxsaylı soydaşlarımız yaşayır, iki milyona yaxındırlar, çoxu bu ölkənin vətəndaşıdır, baş verənlərin onlara da təsiri var. Digər tərəfdən, Rusiya ilə bilavasitə qonşu məmləkətik. Bizə lazımdırmı ki, bu ölkənin daxilində vəziyyət qeyri-stabil olsun, bir halda ki, bizim Rusiya ilə ortaq layihələrimiz, sərhəd işlərimiz var və bunların hamısının vaxtlı-vaxtında həyata keçməsində maraqlıyıq. Hələ yük daşımaları, Şimal-Cənub nəqliyyat dəhlizləri və sair ortaq layihələr vəziyyət nəzarətdən çıxacağı halda işləməyəcək. Misal üçün, orada sərt qapanmalar ola bilər, tətillər ola bilər – bu bizə lazım deyil və bir qonşu olaraq, təbii ki, qonşuluqda vəziyyətin sabit olmasını istəyirik.

Mən Navalnı hərəkatının gələcəyi ilə bağlı bədgümanam, düşünürəm ki, Navalnı özbaşına deyil, Putin hakimiyyətinə qarşı hazırlayıb yaydığı məlum video-çarx təkcə onun öz işi deyil, bəllidir ki bu çarxın hazırlanması müəyyən informasiya sızmaları nəticəsində mümkün olub, peşəkarlıq baxımından da keyfiyyətli işdir. Bir neçə məqam burada üst-üstə düşür: Navalnının Rusiyaya qayıtması, ona qədər zəhərlənməsi, sonra bu çarxın ortaya çıxması. Guya hakimiyyətlə xalqın arasında böyük uçurum var. Bunlar öz-özlüyündə Qərbin hazırladığı və Rusiya elitası daxilində kimlərinə rol aldığı inqlabi layihənin ayrı-ayrı komponentləridir.

Mən Navalnının özünü perspektivli siyasətçi kimi görmürəm, ümumiyyətlə, o, siyasətçi deyil, sadəcə vətəndaş cəmiyyətinin fəal bir üzvüdür və onun dərin siyasi baxışları, səmərəli ideyaları da yoxdur, fikrimcə. O ozü də kreaturadır, yəni kiminsə əlində olan alətdir və hətta bu yaxınlara qədər onunla bir cərgədə olan adamlar özləri dedilər ki, onun vaxtilə Kreml ilə çox yaxşı münasibətləri var idi, sonralar bu əməkdaşlıqda pozuntular baş verdi, indi Navalnı başqa bir qrupla əlbir olub Putin hakimiyyətinə qarşı çıxır.

Mən belə hesab edirəm ki, daxildəki liberal qüvvələr və onların xaricdəki havadarları Rusiyada inqlabi şəraiti gücləndirmək və bununla da, belə deyək, Şərq məsələsini həll etmək istəyirlər. Amma mənə elə gəlir ki, onların səyləri əbəsdir, heç bir şey edə bilməyəcəklər, on dənə də Navalnı ortaya çıxarsalar, bu layihə öz hədəfinə çata bilməyəcək, çünki Rusiyanın özündə tarixən elə bir tendensiya, elə vətənpərvər qüvvələr, cərəyanlar var ki, ən kritik məqamda səfərbər ola, vəziyyəti öz xeyirlərinə dəyişə bilirlər”.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu