DGK Akademiyası ilə İspaniya Krallığının Fiskal Araşdırmalar İnstitutu arasında memorandum imzalanıb


Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Akademiyası (DGKA) ilə İspaniyanın Fiskal Araşdırmalar İnstitutu (IEF) arasında Anlaşma Memorandumunun imzalanması mərasimi keçirilib.



Onlayn formada keçirilən mərasimdə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-polkovniki Səfər Mehdiyev, İspaniya Gömrüyünün baş direktoru xanım Pilar Jurado, Dövlət Gömrük Komitəsinin Akademiyasının (DGKA) rəisi Qulu Novruzov, Fiskal Araşdırmalar İnstitutunun (FAİ) direktoru Aleyin Kuensa və İspaniya Səfirliyinin müvəqqəti işlər vəkili İqnasio Sançez Taboada iştirak ediblər.
İspaniya Gömrüyünün baş direktoru xanım Pilar Jurado açılış nitqi ilə çıxış edərək iki ölkənin gömrük orqanları arasındakı səmərəli, işgüzar münasibətlərdən və perspektivlərdən məmnunluqla söhbət açıb. Baş direktor imzalanacaq memorandumun gömrük təlimləri və tədqiqatları sahəsində əməkdaşlığa töhfə olacağına, qarşılıqlı əlaqələri daha da gücləndirəcəyinə əminliyini ifadə edib.
Mərasimdə çıxış edən Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Azərbaycan Respublikası ilə İspaniya Krallığı arasında qarşılıqlı anlaşmaya əsaslanan mövcud əlaqələrdən bəhs edib və bildirib ki, Azərbaycan və İspaniya beynəlxalq hüququn norma və prinsiplərini əsas tutaraq, bir-birilərinin ərazi bütövlüyünün, suverenliyinin, beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını dəstəkləyir və hörmət edirlər.
Səfər Mehdiyev Azərbaycanın gömrük xidmətinin dünya gömrük ailəsində əhəmiyyətli yer tutduğunu və ölkəmizin gömrük xidmətinin hazırda iki il müddətinə Ümumdünya Gömrük Təşkilatının Gömrük Əməkdaşlıq Şurasına sədr müavinliyini, Avropa regionu üzrə isə sədrliyini həyata keçirdiyini diqqətə çatdırıb.
Komitə sədri bildirib ki, Ümumdünya Gömrük Təşkilatı ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi arasındakı səmərəli əməkdaşlıq və qarşılıqlı münasibətlər uğurla inkişaf edir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin rəhbərliyi ilə gömrük sistemində, gömrük işinin səmərəli təşkili, beynəlxalq ticarətin asanlaşdırılması, tranzit əməliyyatlarının sürətləndirilməsi istiqamətində innovativ islahatlar həyata keçirilir. Ümumdünya Gömrük Təşkilatı ilə səmərəli əməkdaşlıq da islahatların uğurla reallaşdırılmasına mühüm töhfə verir. Vurğulanıb ki, Ümumdünya Gömrük Təşkilatının Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin, Regional Tədris və Kinoloji mərkəzlərinin Azərbaycanda yerləşməsi ölkənin gömrük orqanlarının uğurlu fəaliyyətinin və səmərəli əməkdaşlığının nəticəsidir.
DGK sədri Dövlət Gömrük Komitəsi ilə Ümumdünya Gömrük Təşkilatı arasında “ÜGT-nin e-Learning Modullarından istifadə üzrə Lisenziya” verilməsinə dair Razılaşma imzalandığını bildirib. Təhsildə yeni metod və yanaşmaları ehtiva edən, bilik və məlumatların elektron qaydada məsafədən əldə olunmasına, öyrənilməsinə, təhlil edilməsinə və dəyərləndirilməsinə şərait yaradan bu sistemin tətbiqi Azərbaycan Respublikasının gömrük xidməti əməkdaşlarının bilik və bacarıqlarının artırılmasında, potensialın gücləndirilməsində mühüm rol oynamaqla yanaşı, təcrübə mübadiləsi istiqamətində də səmərəli nəticələrin əldə olunmasını təmin edir.
Komitə sədri Azərbaycan torpaqlarının işğaldan azad olunması uğrunda 44 gün davam edən Vətən müharibəsində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə əldə edilən şanlı qələbə nəticəsində Azərbaycan üçün yeni dövr başlandığını vurğulayıb. Ordumuzun uğurlu əməliyyatları nəticəsində Azərbaycan-İran sərhədinin işğal altında olan 132 kilometrlik hissəsinin də işğaldan azad olunaraq Azərbaycanın nəzarətinə qaytarıldığını diqqətə çatdıran Səfər Mehdiyev bildirib ki, ölkəmizin ərazi bütövlüyünün təmin olunması, düşmənin məğlub edilməsi bütün digər sahələr kimi gömrük xidməti qarşısında da ciddi vəzifələr qoyur.
Gömrük Akademiyasının əsas missiyası ölkəmizin gömrük xidmətinin inkişaf tempini qoruyub saxlamaq və daha da irəli aparmaq üçün yüksək peşəkarlığa və fərqli bacarıqlara sahib mütəxəssislər hazırlamaqdır-deyə sözünə davam edən DGK sədri qeyd edib ki, 2019-cu ildə 700-dən artıq gömrük xidməti əməkdaşı Akademiyada təşkil edilən ixtisasartırma təlimlərində iştirak edib. Təəssüflə qeyd etməliyəm ki, qlobal pandemiya cari ildə bu istiqamətdə fəaliyyətimizə təsirsiz olmayıb. Hazırda bir sıra təlimlərin məsafədən onlayn həyata keçirilməsində ən yaxşı təcrübələrin tətbiqi nəzərdən keçirilir. Dövlət Gömrük Komitəsinin Akademiyası ilə İspaniya Krallığının Fiskal Araşdırmalar İnstitutu arasında gömrük təlim-tədrisi üzrə Anlaşma Memorandumunun imzalanması bu baxımdan əhəmiyyətli hadisədir.
Daha sonra çıxış edən Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov vurğulayıb ki, hazırda yaşadığımız 4-cü sənaye inqilabı dövrünün reallıqları beynəlxalq əməkdaşlıq və inteqrasiyanı nəinki zərurətə çevirir, həm də bu əməkdaşlığın qarşısında yeni tələblər qoyur. Bu baxımdan gömrük xidməti baş verən qlobal transformasiyalara münasibətdə ən həssas fəaliyyət sahələrindən biridir.
Qulu Novruzov bildirib ki, təlim və tədris prosesinin mahiyyətində olan dəyişikliklər, hazırda davam edən qlobal pandemiya təlim sektoruna təsirsiz ötüşmür. Yaranmış yeni reallıqlar bizdən daha çevik və rasional addımlar atmağımızı tələb edir. Buna görə də düzgün qərarların verilməsi və ən optimal yolun seçilməsi üçün dünyada mövcud olan ən qabaqcıl təcrübələrdən faydalanmaq bizim üçün prioritetdir.
Sonra Dövlət Gömrük Komitəsinin Akademiyası ilə İspaniyanın Fiskal Araşdırmalar İnstitutu arasında Anlaşma Memorandumunun imzalanması həyata keçirilib. Sənədi Dövlət Gömrük Komitəsinin Akademiyasının rəisi Qulu Novruzov və Fiskal Araşdırmalar İnstitutunun (FAİ) direktoru Aleyin Kuensa imzalayıblar.
Qeyd edək ki, Anlaşma Memorandumunda iki ölkə arasında qarşılıqlı maraq doğuran sahələr, o cümlədən gömrük və əlaqədar sahələrdə təlimlərin, kursların, seminarların və digər tədbirlərin keçirilməsi, elektron tədris və distant təhsil üzrə birgə fəaliyyətlər, tələbə, heyət, informasiya mübadilələri, elmi araşdırma və tədqiqatlar, beynəlxalq əməkdaşlıqda qarşılıqlı dəstək, onlayn kursların yaradılması və onlardan birgə istifadə, ikili və beynəlxalq layihələrin hazırlanması və digər məsələlər nəzərdə tutulur.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu