Keniyada etirazlar zamanı ölənlərin sayı 31-ə yüksəlib

Keniyada dünən yenidən baş qaldıran hökumət əleyhinə etirazlar zamanı həyatını itirənlərin sayının 31-ə çatdığı bildirilib.
Keniyanın Milli İnsan Hüquqları Komissiyasının (KNCHR) yaydığı açıqlamada ölkə üzrə keçirilən aksiyalarda ölənlərin sayının 31-ə, yaralananların sayının isə 107-yə yüksəldiyi qeyd olunub.
Açıqlamada KNCHR-in bütün insan hüquqları pozuntularını qətiyyətlə qınadığı vurğulanıb, polis, mülki şəxslər və digər aidiyyəti tərəflər də daxil olmaqla bütün məsul şəxslərin cavab verməsinin tələb olunduğu bildirilib.
Qeyd edək ki, Keniyada 7 iyul 1990-cı il tarixində keçirilmiş demokratiya tərəfdarı “Saba Saba” nümayişlərinin 35-ci ildönümü münasibətilə təşkil olunan etirazlarda minlərlə insan ölkədəki iqtisadi problemlərdən, polis zorakılığından və digər narazılıqlardan çıxış edərək etiraz edib.
Etirazçılar həmçinin Prezident Uilyam Rutonun istefasını, polis orqanlarının məsuliyyət daşımasını və iqtisadi islahatların həyata keçirilməsini tələb edirlər.
Birləşmiş Millətlər Təşkilatının (BMT) İnsan Hüquqları Ofisinin sözçüsü Ravina Şamdasani bu gün Cenevrədə jurnalistlərə verdiyi açıqlamada bildirib ki, təhlükəsizlik qüvvələri Keniya paytaxtı Nayrobi və digər bölgələrdə keçirilən etirazlar zamanı gerçək güllələrdən, plastik güllələrdən, gözyaşardıcı qazdan və təzyiqli sudan istifadə edib.