Şagirddən bezən müəllim, psixoloq, “detinspektor”: məktəblərdə qalmaqallar necə həll edilir?


“Mən informatika müəllimiyəm. Şagirdlərdən birinə dərs keçmək istəmirəm. Qanunla mənim o uşağı dərsimə buraxmamaq haqqım varmı?”
AFN xəbər verir ki, sosial şəbəkələrdəki təhsil qrupunda yayılan müəllimlərdən birinin bu müraciəti müzakirələrə səbəb olub. Müzakirələrdə bəzi rəylər maraq doğurur. Belə ki, sosial şəbəkə istifadəçisi olan müəllimlərdən biri yazıb ki, çətin tərbiyə olunan uşaqla detinspektor məşğul olmalıdır: “Müəllim psixologiyanı bilməlidi, metodikanı bilməlidi və s. və ilaxır. Öhdəsindən gələ bilmədiyimiz uşaqlar olur. Bu bir reallıqdır Məktəb polisləri məktəbdə niyə görünmür? Psixologiyanı bilməklə çətin insanları yoluna qaytarmaq mümkün olsa, nə həbsxanalar olardı, nə də cinayətkarlar. Hansı səbəbdənsə detinspektorların məktəblərə ayaq açmasına direktorlar razı olmur Nəticədə hər əziyyəti, əsəbi müəllim çəkir”.

Məktəblərdə belə bir problem yarandıqda necə həll olunur, məktəbdə psixoloq, detinspektor tərəfindən müdaxilələr olurmu? Bununla bağlı müvafiq qurumların və ekspertlərin rəyini öyrənməyə çalışdıq.



Təhsil Nazirliyinin ictimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov AFN-ə açıqlamasında bildirdi ki, müəllimin dərs keməmək, dərsdən imtina etmək səlahiyyəti yoxdur: “Uşaqla bağlı hansısa problem varsa onu valideyinlə, məktəb rəhbərliyi ilə müzakirə edə bilər. Ancaq dərsdən kimisə uzaqlaşdıra bilməz, çünki hər bir kəsin təhsil hüququ var. Mən tam olaraq bilmirəm ki, uşağın problemi nədir, onu aydınlaşdırmaq lazımdır. Ən yaxşı hal odur ki, valideyinlərlə, məktəbin psixoloqu varsa onunla müzakirə edilsin”. C.Valehovun sözlərinə görə, məktəbdə belə bir problemi polislə müzakirə etmək doğru çıxış yolu deyil, ona qədər xeyli yol var: “Ən yaxşısı ailə vasitəsilə, uşağın özünü dinləməkdir, münasibətləri yoluna qoymaqdır. Məktəb polisi deyilən bir anlayış yoxdur. Yetkinlik yaşına çatmayanlarla bağlı bir komissiya var, müəyyən bu cür hallar olursa, o zaman müzakirə olunur, müvafiq tədbirlər görülür”.



Təhsil eksperti Kamran Əsədov AFN-ə açıqlamasında bildirdi ki, “Təhsil haqqında” qəbul edilmiş qanuna görə, orta ümumtəhsil məktəblərində tədrisi həyata keçirən müəllimin şagirdi seçmək, yaxud hər hansı şagirdə dərs deməmək kimi bir hüququ yoxdur: “Qanunvericilik bunu qadağan edir. Eləcə də 2014-cü ildə qəbul edilmiş “Müəllimlərin etik davranış qaydaları”na görə, müəllimlər bütün şagirdlərə eyni baxmalıdır, şagirdləri hər hansı sosial vəziyyətinə, psixoloji durumuna, ailə vəziyyətinə görə ayıra bilməz. Təbii ki, burada bir məsələ qalır. Qanunvericiliyin tələbinə görə, əgər müəllimin hər hansı bir şagirdin dərsi pozduğuna, dərsin normal gedişinə mane olması ilə bağlı sübutları varsa bununla əlaqədar müvafiq olaraq məktəbin pedaqoji şurasına müraciət edir.
Pedaqoji şura həmin şagirdi psixoloqun rəyinə əsasən dəyərləndirir. Əgər həqiqətən də həmin şagirdin psixoloji durumu normal deyilsə, şagirdin bir sinifdən digərinə keçmək qaydalarına görə sinifləri dəyişdirilə bilər. Ancaq müəllimlərin şagird seçmək kimi bir hüququ yoxdur. Şagirdlərin isə əksinə, müəllimdən əgər narazıdılarsa, bu da onun xarici görünüşü, sosial vəziyyətinə görə yox, müvafiq fənni tədris etməsi ilə bağlı müəyyən narazılıqlar varsa, dərsi etik davranış qaydalarına əməl etmədən aparırsa, düzgün bilik və bacarıqlar verə bilmirsə o zaman məktəblərdə müzakirələr aparılır və şagirdlərin 50 faizinin rəyi əsasında müəllim sinifdən çıxarıla bilər. Heç bir halda müəllim fərq qoymamalıdır. Çünki Azərbaycan Respublikasının Konstitusiyasına və “Təhsil haqqında” qanuna görə, təhsil icbaridir, hər kəsin təhsil almaq hüqüqu var. Bu heç məhkəmənin qərarı ilə də məhdudlaşdırıla bilməz. Əgər həmin şagirdin davranışları prblemlidirsə, şagirdin sinfi dəyişdirilə bilər. Ancaq müəllim sinifə daxil olanda şagirdlər arasında heç bir fərq qoymadan tədrisi normal aparmalıdır, mən bu uşağa dərs demək istəyirəm, digərinə yox, demək hüququ yoxdur”.
Məktəblərdə detinspektorlara gəldikdə isə ekspert deyir ki, xüsusi hallar istisna olmaqla hətta polis rəisi belə məktəbə girə bilməz: “Əvvəllər uşaqlarla işləyən DİN-in müvafiq inspektorları var idi. İndi onlar məktəblərə gəlmir və gələ də bilməz. Məktəbin 2011-ci ildən etibarən psixoloqu var. Orta ümumtəhsil məktəblərdə çətin tərbiyə olunan uşaqlarla işləyirlər. Əgər hansısa şagird masaları qırır, sinif yoldaşlarına qarşı pis davranırsa o zaman təqdimat yazılır, komissiya tərəfindən ondan sonra sinfi dəyişdirilə bilər”.

NİGAR



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu