ATU Türkiyə Universitetləri ilə əməkdaşlığı genişləndirir


Azərbaycan Tibb Universiteti (ATU) ilə Türkiyənin Selçuk Universitetinin rəhbər şəxsləri arasında onlayn görüş keçirilib. ATU rektoru, professor Gəray Gəraybəyli çıxışının əvvəlində 44 günlük Vətən müharibəsi dövründə Türkiyə tərəfinin Azərbaycana verdiyi güclü dəstəyə görə təşəkkürünü bildirib. Gəray Gəraybəyli Selçuk Universitetinin rektoru professor Metin Aksoyu Azərbaycan Tibb Universitetinin adından yeni təyinatı münasibətilə təbrik etmiş və Azərbaycanda onu görməkdən məmnun olacağını bildirib.



Rektor ATU-nun bir çox universitetlərlə qarşılıqlı protokollar əsasında əməkdaşlıq etdiyini xatırladaraq Selçuk Universiteti ilə də belə bir sazişin olmasının vacibliyindən söz açdı. Qeyd etdi ki, ATU və Selçuk Universiteti tədris, elm və bu kimi müxtəlif istiqamətlər üzrə əməkdaşlıq etmək potensialına malikdir. Həmçinin, iki ali məktəb arasında tələbə, rezident və müəllim mübadiləsinin aparılması da önəmlidir. Professor G.Gəraybəyli bütün mümkün istiqamətlərdə ATU-nun əməkdaşlığa tam hazır olduğunu bildirdi.

Selçuk Universitetinin rektoru, professor Dr. Metin Aksoy Türkiyə və Azərbaycan arasında mövcud qardaşlıq münasibətlərinin hər sahəyə sirayət etdiyini bildirib. İki universitet arasında müxtəlif istiqamətlər üzrə əməkdaşlığa ehtiyac olduğunu hesab edən rektor M.Aksoy rəhbərlik etdiyi ali məktəb haqqında da məlumat verib. Qeyd olunub ki, Selçuk Universiteti 1975-ci ildə Türkiyənin Konya şəhərində yaradılmış dövlət universitetidir. Universitetdə təhsil ingilis və türk dillərində aparılır. Ölkə daxilində olduğu kimi, ölkə xaricində də ən çox seçilən universitetlər arasında öz yerini tutan Selçuk Universiteti 50-dən çox ölkənin vətəndaşlarına da tədris verir. 70 min tələbəsi ilə elmi fəaliyyət göstərən Universitetin 20-dən çox fakültəsi və peşə məktəbi, konservatoriyası, 5 kolleci, 6 institut və 20 tədqiqat mərkəzi var. Rektor Metin Aksoy ATU-ya hədiyyə edilən 30 tibb kitabını əməkdaşlığın başlanğıcı kimi qiymətləndirib.

ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev isə universitetlər arasında əməkdaşlığın istiqamətləri, sazişə daxil ediləcək bəndlər haqqında ətraflı danışıb. Prorektor O.İsayev ATU-nun fakültələri, tədris proqramları, yeni açılan tibb bacısı və fizioterapist ixtisaslarının tədrisi haqqında da məlumat verib.

Azərbaycanın Türkiyədəki səfirliyinin təhsil müşaviri Nəcibə Nəsibova da çıxışında əməkdaşlığın vacibliyini qeyd edərək rezidentlərin mübadiləsi, tələbələrin ortq proqramlara qoşulması kimi məsələlərin təşkili haqqında danışıb.

Görüşdə ATU və Selçuk Universiteti arasında imzalanacaq əməkdaşlıq sazişinin digər müddəaları da ətraflı müzakirə olunub.

Görüşdə ATU-nun tədris şöbəsinin müdiri, dosent Samir Cavadov, beynəlxalq əlaqələr şöbəsinin müdiri, dosent Müşfiq Orucov, I müalicə-profilaktika fakültəsinin dekanı, dosent Elşad Novruzov, II müalicə-profilaktika fakültəsinin dekanı, dosent İsrail Məhərrəmbəyli, İctimai Səhiyyə fakültəsinin dekanı, professor Anar Ağayev, Stomatologiya fakültəsinin dekanı, Səid Əhmədov, Əczaçılıq fakültəsinin dekanı, dosent Kamandar Yaqubov iştitak ediblər.

Türkiyə tərəfindən Selçuk Universitetinin Tibb Fakültəsinin dekanı professor Dr.Yavuz Selvi, Tibb Fakültəsinin tədris işləri üzrə dekan müavini professor Dr.Nadire Doğan, Tibb bacısı fakültəsinin dekanı professor Dr.Sema Yılmaz, Tibb bacısı fakültəsinin tədris işləri üzrə dekan müavini, professor Dr.Fatma Taşarslan, Diş həkimliyi fakültəsi dekan müavini professor, Dr.Ercan Durmuş, Diş həkimliyi fakültəsi tədris işləri üzrə dekan müavini dosent, Dr.Murat Selim Botsalı, Əczaçılıq fakültəsinin dekanı, professor, Dr.Hanifi Soylu, Əczaçılıq Fakültəsinin dekanı müavini Doç.Dr.Esra Maltaş, Əczaçılıq fakültəsinin akademik təhsil üzrə məsul dekanı müavini, dosent Dr.Nuraniye Eruygur iştirak ediblər.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu