Pakistanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri ATU-nun qonağı olub - FOTOLAR


Azərbaycan Tibb Universitetinin (ATU) rektoru, professor Gəray Gəraybəyli Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri cənab Bilal Hayeni qəbul edib.



ATU-nun rektoru, professor Gəray Gəraybəyli Vətən müharibəsi zamanı göstərilən hərtərəfli dəstək üçün cənab səfirə öz təşəkkürünü bildirib.

Görüşdə Azərbaycan və Pakistan arasında müxtəlif sahələrdə uzun illərə dayanan əməkdaşlıq münasibətlərinin tibb sahəsi üzrə də sürətli inkişafından söz açılıb və bu əməkdaşlığın genişləndirilməsi barəsində fikir mübadiləsi aparılıb.

Görüş zamanı rektor G.Gəraybəyli son illər ATU-nun beynəlxalq əlaqələrinin genişləndiyini bildirərək, əməkdaşlıq qurulan ali məktəblərin sayının artdığını da xatırladıb: “Hazırda dünyanın 30-a yaxın ölkəsindən olan 85-ə yaxın ali təhsil və elmi-tədqiqat qurumları ilə əməkdaşlığımız mövcuddur. ATU əcnəbi tələbə sayına görə ölkənin lider universitetidir. Belə ki, Tibb Universitetində 37 ölkədən 2526 nəfər xarici vətəndaş təhsil alır. Ali məktəbimizdə Pakistandan da 24 tələbə təhsil alır”.

Rektor G.Gəraybəyli Pakistandan olan tələbə sayının artırılması, gələcəyin həkimlərinin mübadiləsinin təşkil olunması, birgə elmi araşdırmaların aparılması üçün səyləri gücləndirməyin vacib olduğunu bildirib.

Pakistanın ölkəmizdəki Səfiri Bilal Haye də öz növbəsində Azərbaycan hökumətini və xalqını böyük qələbə münasibətilə təbrik edib. Səfir Dağlıq Qarabağ məsələsində Pakistanın həmişə Azərbaycanın haqlı və ədalətli mövqeyini dəstəklədiyini bildirib. Səfir həmçinin Azərbaycan Tibb Universiteti ilə Pakistanın ali məktəbləri arasında əməkdaşlıq əlaqələrinin qurulması və gücləndirilməsi, qarşılıqlı layihələrin icrası ilə bağlı atıla biləcək addımlardan danışıb.

Görüşün sonunda 2020-ci ildə Azərbaycan Tibb Universiteti öz 90 illik yubileyini qeyd etdiyini bildirən rektor Gəray Gəraybəyli cənab səfirə ATU-nun 90 illik yubiley medalını təqdim etmişdir.

Görüşdə ATU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, dosent Orxan İsayev, Pakistan İslam Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfirinin köməkçisi İqbal Abdullayev iştirak ediblər.








AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu