"Döyüş gedə-gedə qeyri-rəsmi videoları paylaşmaq cinayətdir"


Son günlər müxtəlif sosial şəbəkələrdə döyüş bölgəsindən və azad edilən yaşayış məntəqələrindən videomateriallar yayılır. Artıq peşəkar zabitlərin bu videolarda ötürülən məlumat əsasında vurulduğu, şəhid olduğu deyilir. Bu isə bu tip videoların yayılmasının necə təhlükəli olduğunu göstərir.



Hərbi şərhçi Ramil Məmmədli "Report"a açıqlamasında bildirib ki, hələ bir neçə il əvvəl müxtəlif dövlət qurumları ölkə vətəndaşlarını hərbi-strateji, hərbi təyinatlı məsələlərlə bağlı videoçəkilişlər və paylaşımlar edən zaman diqqətli olmağa çağırıb:

"Həmçinin hərbi obyektlərin və döyüş əməliyyatlarının çəkilişinin aparılmamasına dair tövsiyə və tələblər irəli sürülüb. Biz bu acı nəticəni 2016-cı ildə aprel döyüşləri zamanı da görmüşük. Bundan sonra KİV-ə və vətəndaşlara bildirilmişdi ki, həm mətbuat orqanlarında, həm də sosial şəbəkələrdə belə material paylaşarkən diqqətli və ehtiyatlı olmaq lazımdır".

R.Məmmədli təəssüflə bildirirb ki, bu cür videolar çəkilərək sosial şəbəkələrdə paylaşılır:

"Bununla da Vətən müharibəsi aparan hərbçilərimizi çətin vəziyyətə salırlar. Azərbaycan tərəfindən sosial şəbəkədə yayılan istənilən material düşmən tərəfindən izlənilir, öyrənilir və analiz edilir. Hansı ərazidə və məkanda çəkilişin aparıldığı, mövqeyin necə olduğu müəyyənləşdirilir. Onlar da öz tərəflərindən tədbirlər görürlər. Biz bu cür acı nəticələrlə bir daha qarşılaşmamaq üçün hətta hərbçilər tərəfindən qohumlara göndərilən videogörüntülərin mülki şəxslər tərəfindən paylaşılmasına yol verməməliyik. Belə addım atmamalıyıq".

Hərbi şərhçi özündə müxtəlif videolar və fotolar olduğunu, lakin bunları paylaşmadığını bildirib:

"Belə görüntülər məndə də olub. Amma onları paylaşmaq, status yazmaq yolverilməzdir. Bu məsələlər cinayət tərkibi olan hallardır. Zəng edib hansısa erməniyə deməyə ehtiyac yoxdur, çünki bunu sosial şəbəkədə paylaşmaqla biz mövcud informasiyanı onlara ötürürük. İşğaldan azad edilən ərazilərlə bağlı proses tam bitəndən sonra Ali Baş Komandan informasiya verir və rəsmi şəkildə onlarla bağlı məlumat paylaşılır. Hesab edirəm ki, bundan sonra hər hansı bir paylaşımın edilməsi mümkündür. Amma o da qırmızı xətti nəzərə almaqla. Döyüş gedə-gedə qeyri-rəsmi videoları sosial şəbəkədə paylaşmaq ən böyüş yanlışlıqdır, hətta deyərdim ki, cinayətdir".



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, e-mail afn.news@mail.ru




menyu
menyu