Pandemiya elektron ticarəti necə “diriltdi”? - MÜZAKİRƏ
İqtisadçı-ekspert Natiq Cəfərli AFN-ə açıqlmasında bildirdi ki, Azərbaycanda son illər elektron ticarət və nəğdsiz alış-verişlə bağlı çox təəssüf ki, qonşu ölkələrə nisbətən daha az inkişaf trayektoriyasını müşahidə etmişik: "Türkiyədə, Rusiyada daha yüksək səviyyədə elektron ticarət alətlərindən istifadə olunurdu. Ancaq pandemiyanın gətirdiyi özəlliklərdən biri də bu oldu ki, 2020-ci il ərzində bu sahədə nəğdsiz ödənişlərin dövriyyəsi kəskin artdı, elektron ticarətin müxtəlif növlərinin geniş yayılmasının şahidi olduq. Azərbaycanda da bu sahəyə maraq həddindən çox artdı. Ancaq çox təəssüf ki, bu sahəyə artan marağın doğru-dürüst idarə olunmasındansa müəyyən qadağalar və məhdudiyyətlərin yaranmasının da şahidi olduq. Məsələn, ötən ilin sentyabrında ölkəyə elektron ticarət vasitəsilə sifariş edilib gətirilən aylıq malın hər vətəndaş üçün həcmi min dollardan 300 dollara salındı. Bu, elektron ticarətlə bağlı vərdişlərə müəyyən ziyan vurdu. Çünki bütün dünyada əksinə, elektron ticarətlə bağlı daha təşviqedici addımların şahidi olduqsa, Azərbaycanda yeni məhdudiyyətlərin qoyulması kifayət qədər problem yaratdı. Gömrük Komitəsinin açıqlamasında bəzi insanlar bundan sui-istifadə hallarına yol verərək biznesə çevirməsi haqqında məlumat var idi. Əslində bu da anlaşılan deyil. Əgər insanlar bunu biznesə çevirmək istəyirdilərsə əksinə, bu sahədə yeni qanunvericilik qaydalarının tətbiq olunmasına, vergiyə cəlb olunma qaydalarına, cüzi vergiləndirmə sisteminin tətbiq olunmasına və insanların bu yolla iş qurmasına kömək olmaq lazım idi. Ona görə də bu sahədə qanunvericilikdə olan boşluqların aradan qaldırılması, gömrük rüsumları və vergi dərəcələri ilə bağlı yeni yanaşmaya, bu sahədə təşviq olunmasına da ehtiyac var. Çünki elektron ticarət və nəğsiz ödənişlər istənilən halda ölkələrdə kölgə iqtisadiyyatının azalmasına, ümumiyyətlə iqtisadiyyatın şəffaflaşmasına kömək edən amillərdən biridir". Ekspertin fikrincə, bizdə əhali bu sahə ilə yeni maraqlanır və onun üstünlüklərini də görürlər: "Elektron ticarət vasitəsilə müəyyən mal və xidmətlərin asanlıqla əldə edildiyinin şahidi olduqca bu sahəyə maraq da artır. Ancaq alışqanlıq hələ tam oturuşmayıb. Bizdə ötən il pandemiya ilə bağlı nəğdsiz ödənişlərin ciddi artımını müşahidə etdik. Buna baxmayaraq, hələ də ticarət dövriyyəsində böyük yer tutmurlar. Bizdə ticarət dövriyyəsində elektron ticarətin və nəğdsiz ödənişlərin həcminin artırılmasına ehtiyac var.
Bunun üçün müəyyən təşviq proqramlarının olmasına, əhalinin məlumatlandırılmasına ehtiyac var ki, daha çox sayda insanların bu sahəyə marağı artsın. Məsələn, bu gün müşahidə edirik ki, hər ay təqaüdlər və maaşlar yükləndikcə insanlar bankomatların qarşısında növbələrdə qalırlar. Halbuki eyni kartla istənilən yerdən alış-veriş etmək mümkün olmalı idi. Bunun üçün də altyapı qurulmalıdır. Yalnız böyük marketlərdə, restoranlarda yox, kiçik marketlərdə belə e-ticarətin, nəğdsiz ödənişlərin həyata keçirilməsi üçün infrastruktur qurulmalıdır".
Bu gün ölkədə elektron ticarətlə bağlı sürətli poçtdaşıma və kuryer şirkətlərindən biri olan "Limak”ın piyar və kommunikasiya üzrə mütəxəssisi Samir Əfətli bildirdi ki, karantin dövründən, 2020-ci ilin mart ayının 24 -dən başlayaraq, insanların online alış-verişə tələbatı 100-150 faiz artıb: "Əvvəllər insanlar gedib oflayn mağazalardan alver edirdisə, indi mövcud şəraitlə bağlı molların bağlı olması, mağazaların məhdud şəkildə fəaliyyəti ilə bağlı artıq onlayn alış-verişə üstünlük verirlər. Bu, həm də Türkiyə brendlərinə olan maraqdan irəli gəlir. Çünki azərbaycanlılar davamlı olaraq Türkiyə televiziyalarını izlədikləri üçün oradakı reklamların təsiri altına düşür və bu, istər-istəməz həmin brendlərin də alıcılıq qabiliyyətinə öz təsirini göstərir. İndi karqo olaraq ötən ilə nisbətən artım dəhşətli dərəcədə çoxdur. Dijital eradayıq və buna doğru gedirik. İnsanlar online yemək, paltar sifaş etməyə keçid ediblər. Dünyanın hər bir yerində belədir".
Əsasən hansı ölkələrdən e-ticarətin çox olduğuna gəldikdə isə S.Əfətli deyir ki, reytinq olaraq ilk sırada Türkiyə, Amerika, Çin, Avropa ölkələri gəlir: "Gömrük işi ilə bağlı hazırda elə bir problem yoxdur. Bir az sənəd işləri artıqdır, ancaq ümumilikdə şəffaflaşıb. İstər gömrük, istər vergi olsun ölkəyə daxil olan və çıxan pulun hamısını görə bilirlər. Əvvəllər hansısa şirkətlər qara yollarla məşğul olurdusa indi çöp belə olsa onu bəyan etmək məcburiyyətindəsən. Bunu da artıq gömrükdə izləyirlər, görürlər. Şəffaf statistik nəticələri çıxarıb göstərə bilərlər vətəndaşlara ki, bu il ölkəyə smart kassa üzərindən nə qədər məhsul daxil olub. Bu, ölkənin rifahı, iqtisadi gücünün artması, yəni qaçaqmalçılığın, qara buxalteriyanın qarşısını almaq üşün çox yaxşı bir vasitədir. “Limark” olaraq bizim bu sahədə problemimiz yoxdur. “Limark”ın ölkə daxilində də filialları var. Bazarda ən böyük şirkətik, 200 mindən artıq müştərimiz var".
Həmsöhbətimiz onu da vurğuladı ki, hazırda normal şirkət tələb olunan qaydalara uyğun fəaliyyət göstərirsə, heç bir problem yoxdur: "Gömrük deyir, bu sənədləri tələb edirik, bunları et, sizinlə işimiz yoxdur. Tələb etdikləri də əslində qaydalarda var idi. Sadəcə onu tənzimləyə bilmirdilər. İndi smart-kassa olandan sonra başlayıblar qaydaları tələb etməyə. Gömrükdə də problem ola bilər, ancaq elə bir böyük problem yoxdur. Çox rahat şəkildə xaricdən məhsullar gəlir. E-ticarətin inkişafı Azərbaycanda hazırda ilkin mərhələdədir. Elektronlaşmağa doğru gedirik. İndi e-ticarət deyəndə bizdə karantin dövründə peraşki satan da qapısına online satış yazıb. E-ticarət o deyil, insan əli dəymədən A nöqtəsindən B nöqtəsinə qədər çatdırılma xidmətinin təşkilidir, innovativ sistemdir. Azərbaycanda olmayan bir şeyin bir il içində mükəmməl səviyyədə olması qeyri-mümkündür. Ancaq indiyədək bu qədər kütləvi olmayıb. Birdən-birə tələbat var, bunun da qarşısına təkliflə çıxmaq lazımdır. Problem ondadır ki, təklif də var, indi zəmin yaranıb. İnanıram ki, e-ticarətlə bağlı 1-2 ilə Azərbaycanda gözəl işlər olacaq. E-ticarətin olması vergi üçün də yaxşıdır ki, əvvəllər hər cür variant mümkün idi. E-ticarətdə isə onu qaçırmaq mümkün deyirl. Bunlar hamısı dövlət tərəfindən nəzarət ediləcək mexanizmlərdir".
NİGAR







