Əhali banklarda olan əmanətlərini sürətlə çıxarır: Çıxış yolu nədədir?


Qlobal bank sistemində baş verən problemlər bütün dünyada banklarla bağlı narahatlıqların yaranmasına səbəb olub. Xüsusilə də ABŞ və Avropanın bank sistemində yaşanan problemlərdən sonra əksər ölkələrdə yerli bank sisteminin dayanıqlığı, böhranın genişlənəcəyi təqdirdə yerli banklara mümkün zərərləri müzakirə edilir.


Azərbaycanda da bu müzakirələrin getdiyi bir zamanda açıqlanan bəzi rəsmi məlumatlar ölkənin bank sistemində ciddi problemlərin olduğuna dair rəyin formalaşmasına səbəb olub. Azərbaycan Mərkəzi Bankının açıqladığı məlumata görə, ölkədə problemli kreditlərin həcmində artım baş verib. Rəsmi rqəmlərə əsasən, 2023-cü ilin fevralında Azərbaycanda vaxtı keçmiş kreditlərin həcmində artım qeydə alınıb. 2023-cü ilin 1 fevralında 583.8 milyon manat olan problemli kreditlərin həcmi martın 1-i tarixi üçün 606.1 milyon manata yüksəlib. Bu da problemli kreditlərin payının cəmi kredit portfelində (20 milyard 347.1 milyon manat) 2.88 faizdən 2.98 faizə qalxması deməkdir. Hesabat tarixinə, 16 milyard 370.7 milyon manatlıq milli vayutadakı kreditlərin 448.6 milyon manatını problemli kreditlər təşkil edib. 3 milyard 919.1 milyon manat ekvivalentində olan xarici valyutada olan kreditlərin 157.6 milyon manat ekvivalentini vaxtı keçmiş kreditlər təşkil edib. Xarici valyutada problemli kreditlərin həcmi aylıq müqayisədə 3 faiz artıb. Xarici valyutada olan problemli kreditlərin cəmi xarici valyutada olan kreditlərdə payı son ayda 3 faizdən 4 faizə qədər yüksəlib.

Mərkəzi Bankın açıqlamasında ölkə banklarındakı əmanətlərin həcmində azalmanın qeydə alındığı da əksini tapıb. Bildirilir ki, ötən ay fiziki şəxslərin depozitləri 27 faiz azalıb. Mart ayının 1-nə 11 milyard 901.8 milyon manat təşkil edib. Bu rəqəm fevralın 1-nə olan göstəricidən 0,2 faiz azdır.

Azalmanın baş verəcəyi əslində gözlənilən idi. Bu il fevralın 1-dən əhalinin əmanətlərindən əldə olunan mənfəət yenidən vergiyə cəlb edilir. Qeyd edək ki, bu vergi növü 2016-cı ilin fevralından dayandırılmışdı. Qərar 2015-ci ildə baş verən iki devalvasiya ilə əlaqəli verilmişdi. Həmin vaxt əhali banklarda olan milli valyuta ilə əmanətlərini sürətlə çıxararaq xarici valyutalara çevirirdi. Bu prosesin qarşısını almaq üçün qeyd edilən addım atıldı. Əvvəlcə depozitlər üzrə faizlərdən vergi tutulması 3 illik dayandırıldı, sonradan bu müddət 7 ilə çatdırıldı. Bu, sonrakı illərdə depozitlərin həcminin kəskin artmasına səbəb oldu. Bu ilin fevralından tətbiq olunan vergi əmanət gəlirləri ilə yanaşı, bank kartlarında qalan vəsaitdən gələn keşbekdən də tutulur. Bu baxımdan vətəndaşlar banklardakı əmanətlərini geri çəkməyə başlayıblar. Bank məsələləri üzrə ekspert Elman Sadıqov AzTV-yə müsahibəsində məsələni şərh edərkən bildirib ki, depozitlər üzrə faizlərdən gəlir vergisinin tutulmasında müəyyən güzəştlərin tətbiq edilməsinə ehtiyac var: "Məsələn, 100 min manatdan yuxarı depozitlərdən mənfəət vergisini tutmaq olar. 100 min manata qədər olan depozitlər adətən əhalinin daha az təminatlı hissəsinə məxsusdur. Hər bir halda bu siqnal ciddi şəkildə araşdırılıb təhlil edilməlidir ki, bunun davamı gəlməsin". E.Sadıqov qeyd edib ki, depozitlərə görə vergi tutulması təcrübəsi demək olar ki, bütün dünyada var: "Lakin güzəştlər də var. Məsələn, bəzi ölkələrdə 59-60 yaşdan yuxarı şəxslərin depozitlərindən gələn faizlərdən vergi tutulmur. Başqa ölkələrdə faizin məbləğinə görə vergi tutulur. Əgər faiz azdırsa, bu, vergiyə cəlb edilmir. "
Ekspertlərə görə, bu tip qərarlar fiskal yığımın artımına şərait yaratsa da, iqtisadi artım və iqtisadi inkişaf üçün stimullaşdırıcı deyil.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu