"Rosatom" litium mədən kompleksinin tikintisinə 600 milyon dollar sərmayə qoyacaq


"Rosatom"un törəmə şirkəti olan "Uranium One Group" Boliviyanın dövlət şirkəti "Yacimientos de Litio Bolivianos" ilə litium karbonatın hasilatı və istehsalı məqsədilə sənaye kompleksinin tikintisi üçün çərçivə sazişi imzalayıb.


2022-ci ilin iyun ayında "Yacimientos de Litio Bolivianos", "Uranium One Group"un "American Lilac Solutions", eləcə də Çindən olan dörd şirkət ilə birlikdə bir neçə litium yatağının işlənməsi üzrə müsabiqənin finalçılarından biri olduğunu elan edib. Boliviya dövlət şirkətinin prezidenti Karlos Ramos bildirib ki, bu ərizəçilər yataqların işlənməsi və istehsalın təşkili üçün ən yaxşı texnologiyalar təqdim ediblər.

"Uranium One Group" Boliviyanın cənub-qərbindəki Potosi departamentində yerləşən "Pastos Grandes" yatağının işlənməsini həyata keçirəcək. "Rosatom" üçün bu, litium istehsalı sahəsində ilk irimiqyaslı xarici layihədir, investisiyalar təqribən 600 milyon dollar təşkil edəcək. "Rosatom"un baş direktorunun birinci müavini, inkişaf və beynəlxalq biznes bölməsinin direktoru Kirill Komarov bildirib ki, geoloji-kəşfiyyat işlərinin nəticələrinə əsasən onun artırılması imkanı ilə ildə 25 min ton (dünya istehsalının 6%-i) litium karbonat gücünə malik sənaye kompleksinin tikintisi planlaşdırılır. Birinci mərhələnin istismara verilməsi və hazır məhsulların istehsalına başlanması 2024-cü ilə, tam gücə (25 min ton) çataraq - 2027-ci ilə planlaşdırılır.

Litium elektrik nəqliyyat vasitələri və bərpa olunan enerji mənbələri üçün lazım olan akkumulyatorların və enerji saxlama sistemlərinin istehsalı üçün xammaldır. Dünyanın ən böyük litium istehsalçıları Avstraliya (55%), Çili (26%), Çin (14%) və Argentinadır (6%).

2023-cü ilin aprelində Boliviya prezidenti Luis Arce ölkəsinin "litium dövrünə qədəm qoyduğunu və sürətləndirməyə ehtiyacı olduğunu" bildirdi. Bunun üçün xarici tərəfdaşlar, o cümlədən "Uranium One Group" cəlb edilib. Yeni mədən texnologiyaları sayəsində Boliviya 2026-cı ildə litium batareyalarının ixracına başlaya biləcək və 2030-cu ilə qədər dünya litium tədarükünün 40%-ni təmin etməli və onu "dünyanın litium paytaxtı" halına gətirməlidir.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu