MSK sədrindən xahiş edirəm, Ülvi Quliyevin namizədliyini qeydə almasın – 17 saylı dairənin seçiciləri başqa deputat istəyirlər


Azərbaycanda növbədənkənar parlament seçkiləri keçiriləcək. Xəbər verildiyi kimi, VI çağırış Milli Məclis artıq buraxılıb, yeni seçkilərin vaxtı 2024-cü il sentyabrın 1-nə təyin edilib.


AFN.az-a artıq bir sıra deputatlarla bağlı seçici müraciətləri daxil olur. Oxucular, vətəndaşlar deputatlarının indiyə qədərki fəaliyyətindən razılıq və narazılıq ifadə edirlər. Məsələn, indiyə qədər fəaliyyətindən ən çox razılıq edilən millət vəkillərinin sırasında 52 saylı Quba seçki dairəsindən deputat Vahid Əhmədov, 114 saylı Şəki kənd birinci seçki dairəsindən Əli Məsimli öndə gəlirlər. Adları çəkilən deputatlar haqda əsasən ziyalı insanlar razılıq edirlər. Ümumi rəylərə görə, bu şəxslər parlamentdə xalqın, seçicilərin mövqeyini daha layiqincə təmsil ediblər. Ona görə də bu şəxslərin yenidən parlamentdə olmaları arzuolunandır. Bəzi deputatlar haqda da ara-sıra müsbət rəylər olsa da, ümumilikdə parlamentin tamamı haqda rəylər qənaətbəxş deyil.

Daha çox tənqid edilən deputatlardan biri isə 17 saylı Yasamal üçüncü seçki dairəsindən Ülvi Quliyevdir. Dairə ərazisində yaşayan oxucularımız bildirirlər ki, ötən 4 il 4 ayda Ü.Quliyev parlamentdə necə fəaliyyət göstəribsə, dairədə də o cür fəaliyyət göstərib. “Bizim deputatın üzünü görən cənnətlikdir” – deyə ağsaqqal Rasim kişi bildirib. Əməkdaşımızla söhbətində deputatlarından daha çox xalqın mənafeyinə qanunvericilik təşəbbüsləri gözlədiklərini deyən seçicinin sözlərinə görə, bəzi bayramlarda deputatdan gələn "sovqat“dan başqa bir vəkillik görməyiblər: “Hərdən qohum-qonşuda olan qazilərə, şəhid ailələrinə, ehtiyaclı ailələrə bayram sovqatı göndərir. Onu da özü gətirmir, başqalarından göndərir. Bir dəfə də iylənmiş ət göndərmişdi qazinin evinə. Bilirik ki, şəxsən, bilərəkdən etməmişdi, işçiləri etmişdi. Amma “balıq başdan iylənər” deyib atalar. Əgər o özü məsuliyyətli, diqqətli olsaydı, işçiləri də o səhvi eləməzdilər. O vaxtı rəhmətlik Qənirə xanım da sovqat gətirirdi şəhid ailələrinə, o qədər yüksək səviyyədə edirdi ki, heç kimin ruhu incimirdi. Amma bu (Ülvi Quliyev-red.) hər dəfə bir cür insanların qəlbini qırır. Lazım deyil onun ildə bir dəfə göndərdiyi, bizim səsimizi-ünümüzü parlamentdən lazımi yerlərə çatdırsın, halımıza yansın. Bircə dəfə ağzını açıb uşaq pulu tələb etməyib. Elə bilirlər ki, biz seçicilər heç nəyə fikir vermirik, onların parlamentdəki fəaliyyətlərini izləmirik. Mənim oğlanlarım ailəlidirlər, hərəsinin 3-4 övladı var. Oğlumun biri təhsillidi, yaxşı yerdə işləyir, ailəsini dolandıra bilir, o biri oğlum fəhlədir. Hamı təhsil alıb mənsəb sahibi ola bilməz, necə deyərlər, “sən ağa, mən ağa, inəyimizi kim sağa?” Hamı oxuyub dövlət işində, ofisdə işləsə, fəhləliyi kim edər? Bəs fəhlənin günahı nədir ki, ailəsini dolandıra bilmir? Niyə uşaq pulu verilmir? Ülvi Quliyevə görüşlərdə bu məsələ deyilib seçkidən əvvəl, loyal yanaşıb, amma mandatı alan kimi susdu oturdu. Ona mandat biznesini qorumaq, böyütmək üçün lazımdır. Ona görə də biz onu istəmirik, səs verməyəcəyik. Bilirik ki, bizim etirazımız mənasızdır, amma səs verməmək də bizim hüququmuzdur. Burdan bir normal namizəd olsa ona səs verəcəyik. Ülvi Quliyev getsin başqa dairədən versin namizədliyini. MSK sədrindən xahiş edirəm, onun 17 saylı dairədən deputatlığa namizədliyini qeydə almasınlar!”
Bir neçə dəfə Ülvi Quliyevin qəbuluna düşmək üçün parlamentə getdiyini deyən tənha ana Qönçə xanım (ad şərtidir-red.) mənzil probleminin həlli üçün deputatdan yardım istəmək fikrində olduğunu, lakin bunu edə bilmədiyini deyib: “Dəfələrlə parlamentə getdim, gah dedilər qəbul vaxtı bitib, gah dedilər Ülvi müəllim ölkədə deyil. Sonuncu dəfə qapıdan qayıtdıqdan sonra internetdə oxudum ki, Ülvi Quliyev vətəndaş qəbulu keçirib. Məəttəl qaldım. Nə vaxt olub qəbul? Bəs mən niyə girə bilmədim qəbula?”
Qeyd edilənlərlə bağlı Ü.Quliyevin mövqeyini verməyə hazırıq.



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu