BƏƏ-nin gedişi OPEC-in gələcəyinə necə təsir edəcək?
Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) hasilat siyasətində müstəqil hərəkət etmək məqsədilə OPEC-dən ayrılmaq qərarı alıb.
AFN.az xəbər verir ki, qlobal tədarükün üçdə birindən çoxunu idarə edən təşkilatın ən güclü üzvlərindən birini itirməsi ilə neft bazarlarında qiymət müəyyənləşdirmə gücünün necə formalaşacağı maraq doğurur.
BƏƏ-nin bu addımı birliyin qlobal bazarlar üzərindəki nüfuzuna yönəlmiş ən ciddi sınaqlardan biri kimi qiymətləndirilir. 1970-ci illərdə dünya neft tədarükünün yarısından çoxunu idarə edən təşkilatın payı hazırda 36 faizə geriləyib və ən böyük üçüncü ixracatçının ittifaqdan qopması qlobal enerji balansında kartların yenidən paylanmasına səbəb olur.
1960-cı ildə neft ixrac edən ölkələrin maraqlarını qorumaq və hasilat siyasətində koordinasiyanı təmin etmək üçün yaradılan OPEC hazırda İran, İraq, Küveyt, Səudiyyə Ərəbistanı, Venesuela, Əlcəzair, Liviya və Nigeriya kimi ölkələri birləşdirir.
2016-cı ildə Rusiya ilə qurulan "OPEC+" ittifaqı təşkilatın qlobal miqyasını daha da genişləndirsə də, daxili parçalanmalar qurumun işinə mane olur. Təşkilat qlobal neft qiymətlərində sabitliyi təmin etmək üçün üzvlərin hasilat həcmini tənzimləyir, tələb azaldıqda tədarükü məhdudlaşdırır, tələb artdıqda isə hasilatı artıraraq bazarı tarazlaşdırmağa çalışır.
Lakin üzv ölkələrin bəzən öz iqtisadi ehtiyacları naminə müəyyən edilmiş kvotalardan kənara çıxması bu strukturun fəaliyyətini çətinləşdirir.
BƏƏ təşkilatın ən strateji üzvlərindən biri hesab olunur. 2025-ci ilin məlumatlarına görə, ölkə Səudiyyə Ərəbistanı və İraqdan sonra birliyin üçüncü ən böyük ixracatçısı mövqeyində idi. Hörmüz boğazındakı mövcud fasilələr ixrac axınına təsir etsə də, BƏƏ-nin ayrılması təşkilatın ümumi potensialında böyük bir boşluq yaradır.
Hazırda gündəlik 3,1 milyon barel neft hasil edən BƏƏ bu göstərici ilə təşkilat daxilində dördüncü sırada yer alırdı. Ekspertlər bildirirlər ki, təşkilatın məhdudiyyətlərindən azad olan BƏƏ həyata keçirdiyi nəhəng investisiyalar sayəsində gündəlik hasilatını qısa müddətdə daha 1 milyon barel artıra bilər. Bu isə o deməkdir ki, BƏƏ artıq bazarda tamamilə müstəqil bir gücə çevriləcək.
OPEC-in qlobal bazar payı 1973-cü ildəki 52,5 faiz səviyyəsindən 36,7 faizə qədər düşüb. ABŞ, Kanada və Braziliya kimi təşkilatdan kənar istehsalçıların yüksəlişi OPEC-in qiymətlər üzərindəki mütləq hakimiyyətini zəiflədib.
Xüsusilə Hörmüz boğazındakı keçid problemlərinin davam etdiyi bir vaxtda BƏƏ kimi önəmli bir istehsalçının gedişi təşkilatın bazarı yönləndirmə qabiliyyətini qalıcı olaraq məhdudlaşdıra bilər.


