Trampın qızıl heykəli Şimali Koreya liderlərinin abidələrinə bənzədildi
ABŞ Prezidenti Donald Trampın Floridadakı qolf meydançasına ucaldılan təxminən 4,5 metr hündürlüyündəki qızıl suyuna çəkilmiş heykəli ictimaiyyətdə geniş müzakirələrə səbəb olub.
AFN.az xəbər verir ki, "Don Colossus" ləqəbi verilən bu heykəl sosial media istifadəçiləri və tənqidçilər tərəfindən Şimali Koreyanın keçmiş diktatorlarının şərəfinə ucaldılan abidələrlə müqayisə edilib.
Heykəl layihəsi ilk dəfə 2024-cü ilin avqustunda "$PATRIOT" adlı kripto valyuta qrupu tərəfindən sifariş edilib. Ohayo ştatından olan sənətkar Alan Kottril tərəfindən dizayn edilən 3,1 tonluq bürünc heykəl daha sonra qızıl təbəqə ilə örtülüb.
Hazırlanma mərhələsində sənətkarla kripto qrupu arasında ödənişlə bağlı yaranan mübahisə səbəbindən heykəl bir müddət gizli məkanda saxlanılıb. Ödənişlər tamamlandıqdan sonra "Don Colossus" Mayamidəki "Trump National Doral" qolf meydançasına, PGA Turun "Cadillac Çempionatı"ndan cəmi bir həftə əvvəl yerləşdirilib.
Heykəldə Tramp 2024-cü ildə Pensilvaniyada ona qarşı edilən sui-qəsd cəhdi zamanı yaddaşlara həkk olunan "yumruğunu havaya qaldırma" pozasında təsvir edilib.
Lakin bu abidə "NBCUniversal"ın keçmiş rəhbərlərindən olan Mayk Sinqton və bir çox digər tənqidçilər tərəfindən Şimali Koreyanın keçmiş liderləri Kim İr Sen və Kim Çen İrin heykəllərinə olan bənzərliyinə görə hədəf seçilib.
Bəzi peşəkar qolfçular və turnir heyəti siyasi simvola çevrilən heykəlin yanında foto çəktirməkdən yayınsa da, sənətkar Kottril heykəlin hazırlanması üçün ümumilikdə 360 min dollar ödənildiyini açıqlayıb.
Ağ Ev isə sözügedən kripto layihəsi və ya heykəllə hər hansı rəsmi əlaqəsinin olmadığını bəyan edib.


