CENTCOM: ABŞ-ın İran limanlarına tətbiq etdiyi blokada nəticəsində 42 gəmi geri qaytarılıb
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) İran limanlarına tətbiq edilən dəniz blokadası çərçivəsində indiyədək 42 ticarət gəmisinin geri qaytarıldığını açıqlayıb.
AFN.az xəbər verir ki, CENTCOM-un rəsmi sosial media hesabından verilən məlumatda ABŞ qüvvələrinin blokadanı pozmağa cəhd edərək İran limanlarına daxil olmaq və ya bu limanlardan çıxmaq istəyən 42-ci gəmini uğurla dayandırdığı bildirilir.
Açıqlamada həmçinin qeyd olunur ki, hazırda İran rejiminin sata bilmədiyi 69 milyon barel neft daşıyan 41 tanker dənizdə gözləyir. Bu isə Tehran rəhbərliyinin iqtisadi cəhətdən faydalana bilməyəcəyi təxminən 6 milyard dollardan çox vəsait deməkdir.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Tramp Pakistanın vasitəçiliyi ilə İranla aparılan danışıqlar prosesinin uğursuzluqla nəticələnməsindən sonra Hörmüz boğazı və İran limanlarının blokadaya alınması barədə göstəriş vermişdi.
Aprelin 13-dən etibarən icrasına başlanılan bu hərbi əməliyyatda 10 mindən çox hərbçi, onlarla döyüş gəmisi və müasir qırıcı təyyarələr iştirak edir. ABŞ rəsmiləri blokadanın olduqca effektiv işlədiyini və İran tərəfi yeni saziş imzalamayana qədər bu təzyiqin davam edəcəyini vurğulayırlar.
Tehran rəhbərliyi isə öz növbəsində bu addımı dəniz quldurluğu adlandıraraq müqavimət göstərəcəyini bəyan edib.
