Süni intellekt dünyasında gələcəyi formalaşdıracaq tarixi məhkəmə prosesi



Dünyanın ən böyük süni intellekt platformalarından biri olan "ChatGPT"-nin tərtibatçısı "OpenAI" ilə texnologiya milyarderi İlon Mask arasındakı hüquqi mübarizədə kritik mərhələyə qədəm qoyulub. 

AFN.az xəbər verir ki, şirkətin quruluş fəlsəfəsindən uzaqlaşdığını müdafiə edən Mask ilə rəhbərliyə qarşı ittihamları rədd edən "OpenAI" arasındakı bu çəkişmə süni intellektin gələcək istiqamətini müəyyənləşdirəcək.

İki nəhəng isim arasındakı yol ayrılığı 2015-ci ilə təsadüf edir. Belə ki, "OpenAI" İlon Mask, Sem Altman və Qreq Brokman tərəfindən bəşəriyyətin xeyrinə, qeyri-kommersiya məqsədli və açıq mənbəli bir araşdırma laboratoriyası kimi yaradılmışdı.

Quruluş mərhələsində təxminən 38 milyon dollar maliyyə təmin edən və şirkətin adını şəxsən müəyyənləşdirən Mask süni intellektin tək bir mərkəzin nəzarətinə keçməməli olduğunu müdafiə edirdi.

Lakin 2018-ci ildə Maskın idarə heyətindən istefa verməsi ilə balanslar dəyişdi və şirkətin bir il sonra mənfəət yönümlü iştirakçı qurum yaradaraq "Microsoft" ilə milyardlarla dollarlıq tərəfdaşlıq müqaviləsi imzalaması Mask tərəfindən quruluş missiyasına xəyanət kimi qiymətləndirildi.

Kaliforniyada davam edən məhkəmə prosesində tərəflər arasındakı gərginlik hər keçən gün artır. Mask məhkəməyə təqdim etdiyi ifadələrdə şirkətin yağmalandığını və "Microsoft"-un qapalı mənbəli bir bölməsinə çevrildiyini iddia edərək 150 milyard dollarlıq rekord təzminat tələb edir və bu məbləğin "OpenAI"-ın xeyriyyə qoluna köçürülməsini istəyir.

"OpenAI" tərəfi isə bu ittihamları əsassız adlandırır və Maskın keçmişdə şirkəti "Tesla" ilə birləşdirmək və ya mənfəət mərkzli struktura çevirərək rəhbərliyi ələ almaq istədiyini sübut edən elektron məktubları dəlil kimi təqdim edir.

Müdafiə tərəfi məhkəmə işinin əslində bir prinsip mübarizəsi deyil, Maskın öz süni intellekt şirkəti olan "xAI"-a üstünlük qazandırmaq cəhdi olduğunu vurğulayır.

Məhkəmənin ikinci günündə şahid kürsüsünə çıxan İlon Mask "OpenAI" CEO-su Sem Altmanı vəqfin qeyri-kommersiya xarakterini pozmaqda günahlandıraraq kəskin mübahisələr yaşayıb.

Prosesdə Maskın başlanğıcda vəd etdiyi 1 milyar dollarlıq maliyyə dəstəyi də müzakirə mövzusu olub. Altmanın vəkilləri bu vədin yerinə yetirilmədiyini desələr də, Mask komandaya etibarını itirdiyi üçün bu addımı atdığını, lakin nağd yardımla yanaşı brend gücü və əlaqələri ilə böyük nüfuz töhfəsi verdiyini bildirib.

Süni intellekt dünyasının nəticəsini səbirsizliklə gözlədiyi bu işdə qərarın may ayının ortalarında açıqlanması gözlənilir.

Məhkəmənin verəcəyi qərar "OpenAI"-ın rəhbərliyinin tamamilə dəyişməsinə, Sem Altmanın vəzifədən uzaqlaşdırılmasına və şirkətin 2026-cı ilin sonunda planlaşdırdığı 1 trilyon dollarlıq xalq kütləsinə açıq satış (IPO) prosesinin təhlükəyə düşməsinə səbəb ola bilər.

Ekspertlər bu qərarın süni intellekt texnologiyasının ictimai mülkiyyət, yoxsa kommersiya məhsulu olması mübahisəsinə son nöqtəni qoyacağını düşünürlər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu