İlon Mask: OpenAI-ın ideya müəllifi və sponsoru mənəm
Süni intellekt dünyasının gələcəyini formalaşdıracaq tarixi məhkəmə işində tərəflər üz-üzə gəlib.
AFN.az xəbər verir ki, "ChatGPT"nin tərtibatçısı "OpenAI" şirkətinə qarşı hüquqi mübarizəyə başlayan İlon Mask dünən keçirilən ilk iclasda şirkətin quruluş missiyasından yayındığını və yağmalandığını iddia edib. "Tesla" və "SpaceX"in qurucusu İlon Mask məhkəmə ifadəsində "OpenAI" ideyasının və adının ona məxsus olduğunu müdafiə edib. Şirkətin əsas simalarını şəxsən özünün işə götürdüyü və ilkin maliyyələşməni təmin etdiyini bildirən Mask qurumun hər hansı fərdə mənfəət gətirməyən bir xeyriyyə təşkilatı kimi dizayn edildiyini vurğulayıb. Mask "əgər bir xeyriyyə qurumunun yağmalanmasını adiləşdirsək, ABŞ-dakı xeyriyyəçilik fəaliyyətinin təməli yox olar" deyə bildirib.
İlon Mask Sem Altman və Qreq Brokmanı qeyri-kommersiya təşkilatını nəhəng bir kommersiya şirkətinə çevirməkdə ittiham edərək "OpenAI" və onun investoru "Microsoft"dan 150 milyard dollar təzminat tələb edir. İddiaçı həmçinin şirkətin yenidən qeyri-kommersiya strukturuna qaytarılmasını, Sem Altman və Qreq Brokmanın rəhbərlikdən uzaqlaşdırılmasını tələb edir. "OpenAI" və Sem Altmanın vəkili Vilyam Savitt isə açılış nitqində ittihamları rədd edib. Savitt iddia edib ki, Mask quruluşu əvvəldən bir gəlir mənbəyi kimi görüb və onu mənfəət yönümlü struktura çevirərək şəxsən rəhbərlik etmək istəyib. Şirkət tərəfi Maskın təhlükəsizliyə deyil, yalnız idarəetmədə söz sahibi olmağa fokuslandığını müdafiə edib.
Bu məhkəmənin nəticəsi "OpenAI"ın dəyərinin 1 trilyon dollara çata biləcəyi təxmin edilən potensial səhm satışı (IPO) prosesinə birbaşa təsir göstərə bilər. Məhkəmədə yaxın günlərdə "Microsoft"un baş direktoru Satya Nadella və Sem Altmanın da ifadə verməsi gözlənilir. İşə dair qəti qərarın may ayının ortalarında açıqlanacağı proqnozlaşdırılır.

