İlon Mask OpenAI təsisçilərinə qarşı açdığı məhkəmədə danışıb
"Tesla", "SpaceX" və "X" kimi nəhəng şirkətlərin sahibi İlon Mask süni intellekt əsaslı çat-bot "ChatGPT"nin yaradıcısı olan "OpenAI" şirkətinin təsisçiləri Sem Altman və Qreq Brokmana qarşı açdığı məhkəmə işində ifadə verib.
AFN.az xəbər verir ki, Kaliforniya ştatının Oklend şəhərindəki regional məhkəmədə baxılan iş üzrə Mask qarşı tərəfi bəşəriyyətə fayda vermək missiyasına xəyanət etməkdə ittiham edir. Maskın vəkili Stiven Molo məhkəmədə bildirib ki, bu iddia maliyyə qazancı üçün deyil, bütövlükdə insanlığın rifahı üçün qaldırılıb. Vəkil həmçinin vurğulayıb ki, İlon Mask olmasaydı, "OpenAI" da mövcud olmazdı, çünki o, şirkətin qurulması üçün 38 milyon dollar ilkin kapital ayırmaqla yanaşı, ən yaxşı süni intellekt mütəxəssislərinin işə cəlb olunmasında müstəsna rol oynayıb.
"OpenAI" və "Microsoft"un vəkilləri isə Maskın bu iddialarının əsassız olduğunu, onun yalnız idarəetmə öz əlində olduğu müddətcə qeyri-kommersiya strukturunu dəstəklədiyini irəli sürüblər. Qarşı tərəf Maskı "ChatGPT"nin uğurundan sonra qısqanclıq zəminində və özünün "xAI" şirkətini qurduqdan sonra bu iddianı qaldırmaqda günahlandırıb. Öz növbəsində İlon Mask məhkəmədəki çıxışında süni intellektin gələcəkdə hər hansı bir insan qədər ağıllı olacağını təxmin etdiyini və bu texnologiyanın həm bəşəriyyəti xoşbəxt edə biləcəyini, həm də məhv edə biləcəyini qeyd edib. O, şirkətin quruluş məqsədinin mənfəət olmadığını, əks halda vəsaitlərini kommersiya layihəsinə yönəldəcəyini bildirərək, "OpenAI"ın bütün insanlığa xidmət edən bir struktur kimi qalmasını seçdiyini diqqətə çatdırıb. Üç həftə davam etməsi gözlənilən məhkəmə prosesində Maskın ifadələrini davam etdirəcəyi gözlənilir.

