Məmur-media münasibətlərində "ünsiyyət qəzası": Kimdir günahkar?


Bakı Metropoliteninin rəisi Vüsal Aslanovun paytaxt kənd və qəsəbələrinə metro xətlərinin çəkilməməsini camaatın mərkəzə axın etməsi ehtimalı ilə əlaqələndirməsi birmənalı qarşılanmayıb.

Açıqlama ciddi tənqidi münasibətlə üzləşdi: əksəriyyət bu yanaşmanı kənd və qəsəbə sakinlərinin infrastruktur hüquqlarının məhdudlaşdırılması və vətəndaşlar arasında sosial ayrı-seçkilik kimi qiymətləndirərək etiraz edir. Bu hadisə həm də başqa bir problemi gündəmə gətirdi: məmurların cəmiyyətlə ünsiyyət qura bilməməsi və media ilə münasibətlərdəki dərin böhran.

Artıq dəfələrlə rast gəlinən bu kimi hallar sübut edir ki, məmurların mətbuatdan qaçmasının kökündə çox vaxt "strateji sükut" dayanır. Belə ki, xüsusilə də yeni təyin edilən məmurlarda bir yanlış təsəvvür var ki, danışmamaq səhv tutulmağın, tənqid olunmağın və vəzifəni riskə atmağın qarşısını alır. Lakin bu yanaşma dövlət qurumu ilə vətəndaş arasındakı uçurumu daha da dərinləşdirir. Medianı sadəcə "sözü yozan" və ya "kontekstdən çıxaran" bir tərəf kimi görmək, məmura öz məsuliyyətindən qaçmaq üçün rahat bir bəhanə verir. Əslində isə çox vaxt kontekstdən çıxarılan sözün özü deyil, məmurun cəmiyyətin real həyatından nə qədər qopuq olduğunu göstərən düşüncə tərzi olur.

Peşəkar idarəetmə qorxu sevmir

Təəssüf ki, Azərbaycanda son illərdə formalaşan idarəetmə mədəniyyətində məmurun "səhv etmək lüksü" olmadığına dair bir qəlib mövcuddur. Bu qorxu onları soyuq, ictimaiyyətə və əhaliyə qarşı məsafəli bir dil seçməyə məcbur edir. Vüsal Aslanov nümunəsində də bunu görürük: əgər o, səmimi və texniki baxımdan əsaslandırılmış bir dialoq qurub, şəhərin yükünü azaltmaq üçün mərkəzsizləşdirmə strategiyasından danışsaydı, nəticə fərqli olardı. Lakin "camaat mərkəzə gəlməyə çalışacaq" ifadəsi birbaşa sosial ayrı-seçkilik kimi qəbul edildi. Bu, hələ püxtələşməmiş bir ünsiyyət mexanizminin və ictimai rəy həssaslığını nəzərə almamağın acı nəticəsidir.

Problem hardadır?

"Problem kimdə, yaxud hardadır" sualına cavab axtardıqda məsuliyyət tərəzisi hər iki tərəfə meyl edir. Məmurların problemi jurnalisti bir düşmən və ya pusquda duran ovçu kimi görmələridir. Neçə ki, belə davam edəcek, səsləndirdikləri hər cümlə bir "mina"ya çevriləcək. Bəzən mediada da qeyri-peşəkar yanaşma olur: klik xatirinə mahiyyəti kənara qoyub, ən zəif və ya uğursuz cümləni manşetə daşıyırlar. Amma təbii ki, bu, məmurun susması üçün bəraət ola bilməz. Peşəkar idarəçi medianın bu manevrlərini neytrallaşdıracaq qədər hazırlıqlı, şəffaf və səmimi olmağı bacarmalıdır.

Məmurlar qəbul etməlidirlər ki, ictimaiyyətə hesabat vermək bir seçim deyil, vəzifə borcudur. Onlar mətbuatla nə qədər çox təmasda olsalar, suallara cavab verməkdə bir o qədər təcrübə qazanarlar. Bu gün metronun rəisi ətrafında yaranan bu böhran, əslində digər məmurlar üçün də bir dərs olmalıdır: susmaq qızıl deyil, sadəcə problemlərin üzərini örtən və onları daha da paslandıran bir pərdədir. Əsas olan isə vətəndaşı bir yük kimi deyil, xidmət edilməli olan subyekt kimi görüb, onunla eyni dildə danışmağı vərdiş halına gətirməkdir.

AFN.az, Təhlil qrupu




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu