Aİ-də internet istifadəçilərinin təxminən yarısı onlayn nifrət məzmunu ilə qarşılaşıb
Avropa İttifaqının (Aİ) statistika idarəsi "Eurostat" tərəfindən yayımlanan 2025-ci ilin məlumatları Avropada internet istifadəçilərinin mühüm bir hissəsinin onlayn məkanda nifrət, təhqir və ya düşmənçilik xarakterli məzmunlarla üzləşdiyini ortaya qoyub.
AFN.az xəbər verir ki, Aİ miqyasında aparılan araşdırmaya görə, 2025-ci ildə internetdən istifadə edən şəxslərin 42,3 faizi müəyyən şəxsləri və ya sosial qrupları hədəf alan düşmənçilik və ya alçaldıcı onlayn mesajlarla qarşılaşıb.
Aİ üzrə orta göstərici məlumatları mövcud olan 20 üzv ölkənin nəticələrinə əsasən hesablanıb. Göstəricilər Avropada rəqəmsal platformalarda nifrət ritorikası və ayrı-seçkilik yaradan məzmunların hələ də geniş şəkildə istifadəçilərin qarşısına çıxdığını göstərir, bəzi ölkələrdə isə bu nisbətin 50 faizdən yuxarı olduğu diqqəti cəlb edir.
Araşdırmaya əsasən, onlayn düşmənçilik məzmunu ilə ən çox qarşılaşılan ölkələr arasında Macarıstan 60,9 faizlə ilk sırada qərarlaşıb. Bu ölkəni 56,7 faizlə Finlandiya və 56,2 faizlə Slovakiya izləyib.
Beləliklə, bu üç ölkədə internet istifadəçilərinin yarıdan çoxunun il ərzində ən azı bir dəfə bu növ məzmunlara məruz qaldığı müəyyən edilib. Siyahının son sıralarında isə 29,3 faizlə Latviya, 29,4 faizlə Yunanıstan, 33,7 faizlə Almaniya və 33,8 faizlə Litva yer alıb.
"Eurostat"ın məlumatları düşmənçilik xarakterli məzmunların ən çox siyasi və ya sosial baxışlarına görə fərdləri hədəf aldığını nümayiş etdirib.
Bu qəbildən olan məzmunlarla qarşılaşdığını bildirənlərin nisbəti 33,7 faiz təşkil edib. Bunu 25,5 faizlə irqi və ya etnik mənsubiyyəti hədəf alan mesajlar, 23,4 faizlə cinsi oriyentasiyanı hədəf alan məzmunlar və 22,8 faizlə din və ya inanc zəminində olan düşmənçilik xarakterli paylaşımlar izləyib.
Bundan əlavə, internet istifadəçilərinin 16,9 faizi gender əsaslı, 11,5 faizi fiziki məhdudiyyətləri hədəf alan, 8,8 faizi isə yaşla bağlı ayrı-seçkilik məzmunlu mesajlarla qarşılaşdığını ifadə edib.
Digər şəxsi xüsusiyyətləri hədəf alan düşmənçilik xarakterli mesajların nisbəti isə 8,5 faiz olaraq qeydə alınıb.




