Qızılın unsiya qiymətində ucuzlaşma davam edir
Qızılın unsiya qiyməti Yaxın Şərqdəki müharibə ilə bağlı diplomatik qeyri-müəyyənliklər və mərkəzi bankların faiz artımı gözləntiləri səbəbindən 2 faizdən çox ucuzlaşıb.
AFN.az xəbər verir ki, spot bazarda qızılın unsiya qiyməti bu gün 2,42 faiz azalaraq 4 min 600 dolların altına düşüb. Bununla da qızıl 6 apreldən bəri ən aşağı səviyyəsini görüb.
Qızılın ucuzlaşmasına paralel olaraq gümüş qiymətlərində də kəskin itkilər qeydə alınıb. Gümüşün unsiya qiyməti spot bazarda 6 faizdən çox düşərək 77 dollar səviyyəsinə geriləyib.
Analitiklər Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə ABŞ Prezidenti Donald Tramp arasında Pekində keçirilən sammitdən konkret nəticə çıxmamasının qlobal qeyri-müəyyənliyi artırdığını bildiriblər. Onlar investor gözləntilərinin qarşılanmaması səbəbindən neft qiymətlərinin cümə günü yenidən yüksəlişə keçdiyini xatırladıblar.
Bu vəziyyətin qlobal inflyasiya təzyiqini gücləndirdiyini və mərkəzi bankların pul-kredit siyasətini sərt saxlayacağı gözləntisini artırdığını qeyd edən analitiklər Yaxın Şərqdə fevral ayının sonunda başlayan müharibədən bəri dəyişən faiz gözləntilərinin qızıl qiymətlərinə təzyiq göstərdiyini bildiriblər.
Analitiklər hazırkı şəraitdə ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz endirimlərini təxirə salacağını, Avropa Mərkəzi Bankının (AMB) isə faiz artımlarına davam edəcəyini proqnozlaşdırırlar.
Bu arada, qiymətli metalların dollar cinsindən qiymətləndirilməsi səbəbindən dolların digər valyutalar qarşısında dəyər qazanması da qiymətləri aşağı çəkir. Güclü dollar fərqli valyutadan istifadə edən investorlar üçün xərcləri artıraraq qlobal tələbi zəiflədir.


