Maldiv adalarında akvalanqla dalış edən 5 turist ölüb
Maldiv adalarında akvalanqla dalış etdikləri zaman qəzaya uğrayan 5 italiyalı turistin həyatını itirdiyi bildirilib.
AFN.az xəbər verir ki, "BBC"-nin yaydığı məlumata görə, İtaliya Xarici İşlər Nazirliyi dənizin 50 metr dərinliyindəki mağaraları kəşf etməyə çalışan 5 nəfərlik italiyalı qrupun dalış zamanı bədbəxt hadisə ilə üzləşdiyini və öldüyünü qeyd edib.
Xəbərdə qrupun qayıqdan suya tullandıqdan sonra bir daha görünməməsi üzərinə yerli qurumlara məlumat verildiyi diqqətə çatdırılıb.
İtaliya mətbuatı da hadisədən sonra ilkin mərhələdə 1 nəfərin cəsədinin tapılaraq çıxarıldığını, digər 4 nəfərin də sudan çıxarılması üçün işlərin davam etdirildiyini vurğulayıb.
Sözügedən hadisənin ölkədə baş verən ən ağır dalış qəzalarından biri olduğu qeyd edilir.
Cenova Universitetindən verilən açıqlamada isə ölənlərdən birinin dəniz biologiyası professoru, digərlərinin isə onun qızı və 2 gənc elmi işçi olduğu bildirilib.


