Dostlar arasında nahar hesabını bölüşmək "şübhəli əməliyyat" sayıldı: "Kapital Bank" müştərinin kartını blokdan çıxarmır
Azərbaycanda bank xidmətlərinin rəqəmsallaşması və təhlükəsizlik tədbirlərinin gücləndirilməsi fonunda, bəzi bankların çevik olmayan daxili prosedurları vətəndaşları ciddi şəkildə narahat edir. Növbəti analoji hadisə ölkənin ən böyük maliyyə institutlarından biri olan "Kapital Bank" ASC-nin müştərisi Cavid Əsgərovun başına gəlib. Dostları ilə etdiyi adi nahar hesabının kart vasitəsilə bölüşdürülməsi bank tərəfindən "şübhəli əməliyyat" kimi qiymətləndirilərək vətəndaşın hesabı bloklanıb.
Bu barədə C.Əsgərov sosial şəbəkə hesabında bildirib. Onun sözlərinə görə, hadisə iyunun 17-də baş verib. Müştəri restoranda kartı vasitəsilə 219 AZN məbləğində ümumi hesabı ödəyib. Daha sonra məclisdə iştirak edən digər 6 nəfər öz paylarını P2P (kartdan karta) köçürmə vasitəsilə onun hesabına qaytarıblar. Ardıcıl gələn kiçik məbləğli köçürmələr bankın avtomatlaşdırılmış təhlükəsizlik sistemi tərəfindən bloklanma ilə nəticələnib.
Cavid Əsgərov vəziyyətin tamamilə gündəlik bir prosedur olduğunu vurğulayır:
"Məsələ əslində çox sadədir: 219 AZN məbləğində olan nahar hesabı 7 nəfər arasında bölündü və iştirakçılar öz paylarını mənə köçürdülər. Bu səbəbdən kartıma təxminən 31 AZN məbləğlərində bir neçə mədaxil daxil oldu. Yəni bu, tamamilə normal və gündəlik həyatda çox rast gəlinən bir vəziyyətdir."
"Birbank" çatında itən sübutlar və 30 günlük "araşdırma" müddəti
Bloklanmadan dərhal sonra müştəri "Birbank" mobil tətbiqinin çat xidməti vasitəsilə banka müraciət edərək lazımi ekran görüntülərini (skrinşotları) və izahatı təqdim edib. Lakin bankın daxili koordinasiya qüsuru səbəbindən həmin sübutlar müraciətə əlavə olunmayıb və vətəndaş eyni məlumatları yenidən göndərmək məcburiyyətində qalıb.
Ən böyük təzad ise icra müddətlərində ortaya çıxıb. Belə ki, tətbiqdə müraciətin icra müddəti 3 iş günü göstərildiyi halda, müştəriyə daxili araşdırmanın 30 günə qədər uzana biləcəyi bildirilib.
Bankdan tələb: "Həmin köçürmələr üçün rəsmi sənəd gətirin"
Problemi həll etmək üçün bankın 196 Çağrı Mərkəzi ilə əlaqə saxlayan müştəri tamamilə absurd bir tələblə qarşılaşıb. Bank əməkdaşları kartın açılması üçün ondan "rəsmi sənəd" tələb ediblər. Şikayətçi bankın bu yanaşmasını haqlı olaraq sual atəşinə tutur:
"196 Çağrı Mərkəzi ilə danışarkən mənə bildirildi ki, araşdırma üçün “rəsmi sənəd” təqdim olunmalıdır. Burada haqlı olaraq bir neçə sual yaranır: Əgər rəsmi sənəd tələb olunurdusa, niyə bu məlumat ilk müraciət zamanı və ya çat yazışmalarında bildirilməyib? 7 nəfərin restoran hesabını bölüşməsi ilə bağlı mən hangi rəsmi sənədi haradan əldə etməliyəm? Restoran hesabının dostlar arasında bölünməsi gündəlik və adi bir əməliyyatdırsa, bunun üçün vətəndaşdan hansı hüquqi əsasla rəsmi sənəd tələb olunur?"
Artıq iki gündür şəxsi vəsaitlərinə çıxışı tamamilə məhdudlaşdırılan C.Əsgərov qeyd edir ki, bankın bu ləngliyi onun digər maliyyə öhdəliklərini, gündəlik ödənişlərini və xüsusilə "Birbank İnvest" hesabı üzərindən planlaşdırdığı investisiya əməliyyatlarını iflic edib.
"Müştərinin heç bir qanun pozuntusu etmədiyi, əməliyyatın məntiqi izahı verildiyi halda, bankın daxili prosedurları səbəbindən yaranan maddi və mənəvi zərərin məsuliyyətini kim daşıyır? Mən təhlükəsizlik tədbirlərinin əleyhinə deyiləm. Əksinə, bankın təhlükəsizlik sisteminin işləməsini dəstəkləyirəm. Lakin təhlükəsizlik tədbirləri müştərinin vəsaitinə günlərlə çıxışını məhdudlaşdıracaq səviyyədə tətbiq olunursa, bu zaman operativ araşdırma və müştəriyə aydın izahat verilməsi vacibdir."
Vətəndaş Cavid Əsgərov məsələnin media vasitəsilə bankın rəhbər heyətinin diqqətinə çatdırılmasını istəyərək aşağıdakı tələbləri irəli sürür:
Məsələ formal cavablarla keçişdirilmədən, təcili şəkildə araşdırılsın və kartın bloku qısa müddətdə aradan qaldırılsın;
Kartın bloklanmasının hüquqi və faktiki əsasları müştəriyə rəsmi şəkildə izah edilsin;
Tələb olunan sənədin konkret olaraq nə olduğu və dostlararası hesablarda hansı "rəsmi sənədin" nəzərdə tutulduğu yazılı şəkildə bildirilsin;
Müştərinin üzləşdiyi maddi və mənəvi zərərin kompensasiya olunması məsələsinə baxılsın.
Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.


