Almaniyada hava limanında partlayıcı yüklü PUA aşkarlanıb



Almaniyanın hava limanlarından birində partlayıcı qurğu ilə təchiz olunmuş pilotsuz uçuş aparatı (PUA) aşkarlanıb. Almaniyanın daxili işlər naziri baş verən hadisələrin yeni təhlükə səviyyəsinə işarə etdiyini bildirib.

AFN.az xəbər verir ki, Saksoniya polisinin açıqlamasına əsasən, gecə saatlarında bir əməkdaş Leipziq/Halle Hava Limanında Ukraynaya məxsus yük təyyarələrinin yaxınlığında partlayıcı qurğunu aşkar etdikdən sonra əraziyə bomba zərərsizləşdirmə robotu göndərilib. Həmin hava limanının yaxınlığında müəyyən edilməmiş ikinci obyekt də bir yük təyyarəsi ilə toqquşub. Təyyarə yüngül zədələrlə Hannover şəhərinə eniş edib.

Almaniyanın daxili işlər naziri bildirib ki, baş verən hadisələr ölkənin üzləşdiyi təhlükələrin yeni mərhələyə keçdiyini göstərir.

Son aylarda hərbi bazalar, hava limanları, enerji terminalları, limanlar və logistika şirkətləri üzərində icazəsiz PUA uçuşlarının artmasından sonra Almaniyanın hava limanlarında təhlükəsizlik tədbirləri maksimum səviyyəyə qaldırılıb. Polis Moskvanın təkzib etdiyi mümkün Rusiya bağlantısı ilə bağlı xəbərdarlıqlar edib.

Almaniyanın şərqində yerləşən Leipziq/Halle Hava Limanı Almaniya ordusu və NATO müttəfiqləri tərəfindən hərbi yüklərin daşınması üçün istifadə olunur. Eyni zamanda hava limanı Ukraynanın yükdaşımalarının böyük hissəsini həyata keçirən Antonov Hava Yolları üçün baza rolunu oynayır və DHL logistika şirkətinin əsas mərkəzlərindən biridir.

Polis sözçüsü partlayıcı qurğunun park vəziyyətində olan Antonov təyyarələrinin yaxınlığında aşkar edildiyini bildirib.

Qurğudan alışdırıcı mexanizm çıxarıldıqdan sonra polis tərəfindən nəzarətli partlayış həyata keçirilib. Şimal uçuş-eniş zolağında uçuşlar saat 01:55-də bərpa olunub, cənub zolağı isə bağlı qalmaqda davam edir.

Peşəkar hibrid təhlükə ssenarisi

Almaniyanın daxili işlər naziri Alexander Dobrindt bildirib ki, hadisə təsadüfi və ya həvəskar yanaşmanı deyil, peşəkar şəkildə hazırlanmış hibrid təhlükə ssenarisini xatırladır və araşdırmalar bu istiqamətdə davam etdirilir.

Şübhəlilərin adını açıqlamayan nazir istintaqın xarici qüvvələrin də iştirak edə biləcəyi ehtimallarını araşdırdığını qeyd edib.

Ukraynanın Berlindəki səfiri Oleksii Makeyev isə Welt TV-yə açıqlamasında hadisənin arxasında Rusiyanın dayandığını düşündüyünü bildirib. Rusiya tərəfi isə məsələ ilə bağlı hər hansı açıqlama verməyib.

King's College London Təhlükəsizlik Araşdırmaları professoru Peter R. Neumann sosial media hesabında yazıb ki, Almaniyada şübhəli PUA-larla bağlı oxşar hadisələr yalnız Rusiyanın 2022-ci ilin fevralında Ukraynaya genişmiqyaslı hücumundan sonra müşahidə olunmağa başlayıb. O bildirib ki, PUA müharibəsi artıq Almaniyaya da çatıb və bu, uzun illər mövcud olan təhlükəsizlik boşluğunu üzə çıxarıb.

Xatırladaq ki, 2024-cü ilin iyulunda Böyük Britaniya və Avropa İttifaqı ölkələrini hədəf alan paket yanğınları silsiləsi çərçivəsində Leipziq/Halle Hava Limanında DHL yük təyyarəsinə yüklənməmişdən əvvəl bir bağlama alışmışdı.

İstintaq həmin hadisənin də Moskva ilə əlaqəli mümkün təxribat ola biləcəyini istisna etmir.

Rəsmilərin sözlərinə görə, bağlamalarda vibrasiyalı masaj yastıqlarının içərisinə yerləşdirilmiş, elektron taymerlə işə düşən partlayıcı qurğular olub. Rusiya isə bu hadisələrlə hər hansı əlaqəsinin olduğunu rədd edib.

Ötən il isə çinli bir qadın Leipziq/Halle Hava Limanındakı uçuş cədvəlləri və yük daşımaları barədə məlumatları Pekin adına casusluq edən şəxsə ötürdüyünə görə məhkum edilmişdi.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu