SpaceX raketinin bir hissəsi Ayın səthinə çırpılıb
Təxminən bir ildir orbitdə nəzarətsiz şəkildə hərəkət edən SpaceX Falcon 9 raketinin ikinci pilləsi çərşənbə günü gözlənildiyi kimi Ayın səthinə çırpılıb.
AFN.az xəbər verir ki, təxminən saatda 8700 kilometr sürətlə baş verən toqquşma birbaşa müşahidə olunmasa da, Çilidə yerləşən teleskop zərbədən sonra yaranan toz və qalıq buludunu qeydə alıb.
Mütəxəssislər bildiriblər ki, raket hissəsinin Ayla toqquşması qaçılmaz idi.
Hadisə ABŞ və Çinin Aya insan göndərmək uğrunda rəqabəti davam etdiyi bir vaxtda kosmik tullantılarla bağlı narahatlıqları yenidən gündəmə gətirib.
Xatırladılıb ki, 2022-ci ildə Çinə məxsus raket də oxşar şəkildə nəzarətsiz olaraq Ayın səthinə düşmüşdü.
SpaceX-in nümayəndəsi Culianna Şeyman bildirib ki, hadisə qəsdən baş verməyib. Onun sözlərinə görə, Günəş aktivliyi və cazibə qüvvələrinin birgə təsiri nəticəsində raketin trayektoriyası dəyişərək Aya yönəlib. Şirkətin gələcəkdə bu cür halların qarşısını almaq üçün NASA ilə əməkdaşlıq etdiyi qeyd olunub.
Boston Universitetinin alimi Karl Şmidt rəhbərlik etdiyi qrupun müşahidələrində Ayda baş verən toqquşmanın izlərinin aydın şəkildə göründüyünü bildirib. Avropa Cənub Rəsədxanasının Çilidə yerləşən Çox Böyük Teleskopu (VLT) toqquşmadan sonra kosmosa yayılan natrium və litium izlərini qeydə alıb.
Astronomlar hesab edirlər ki, raket Ayın Eynşteyn krateri yaxınlığındakı yaşayış olmayan əraziyə düşüb.
Toqquşmanın baş verdiyi ərazidə yaranmış krater və ziyanın dəqiq görüntülərinin əldə olunması üçün NASA-nın Ay Orbital Kəşfiyyat Aparatının (LRO) həmin ərazinin üzərindən keçərək fotoşəkillər çəkməsi gözlənilir.
Qeyd edək ki, təxminən 4 ton ağırlığında və 12 metrdən uzun olan raketin ikinci pilləsi 15 yanvar 2025-ci ildə Florida ştatındakı Keyp Kanaveral kosmodromundan iki özəl Ay aparatının buraxılması üçün istifadə olunmuşdu. Missiya başa çatdıqdan sonra orbitdə qalan raket hissəsi nəzarətdən çıxaraq sərbəst hərəkət etməyə başlamışdı.

