Perseverance Mars səthinin altında qorunmuş üzvi karbon aşkarlayıb



NASA-nın Perseverance aparatı Marsda səthə çox yaxın dərinlikdə qorunmuş üzvi karbon aşkarlayıb.

AFN.az xəbər verir ki, yeni tapıntı qədim Mars mühitində həyatın mümkün izləri ilə bağlı elmi müzakirələri yenidən gündəmə gətirib.

Xatırladaq ki, ötən ilin sentyabrında NASA Perseverance aparatının bioloji mənşəli ola biləcək potensial izlər aşkar etdiyini açıqlamışdı.

Science Advances jurnalında dərc olunan yeni araşdırma Bright Angel geoloji formasiyasındakı iki süxurda üzvi karbonun mövcudluğunu təsdiqləyib. Tədqiqat alimlərə hansı maddələrin müəyyən edildiyini və hansı sualların hələ də cavabsız qaldığını daha dəqiq qiymətləndirməyə imkan verib.

Üzvi karbon həyatın əsas kimyəvi tikinti elementlərindən biri hesab olunsa da, onun bioloji proseslər olmadan da əmələ gələ bilməsi qeyd olunur.

Tədqiqatın həmmüəllifləri Planetar Elmlər İnstitutunun doktoranturadan sonrakı tədqiqatçısı Eşli Mörfi və SHERLOC cihazının baş elmi əməkdaşının müavini Kyle Uckert olub.

Tədqiqat qrupu Jezero kraterində yerləşən Bright Angel geoloji formasiyasındakı süxurları öyrənmək üçün Perseverance aparatının robot qoluna quraşdırılmış SHERLOC cihazından istifadə edib və Cheyava Falls adlanan qayadan nümunə götürüb.

SHERLOC nümunəyə zərər vermədən mineralları və üzvi birləşmələri müəyyən edib xəritələşdirmək üçün Raman spektroskopiyası əsasında işləyən lazer texnologiyasından istifadə edir.

Aparılan analizlər nəticəsində karbon atomlarının mürəkkəb şəbəkəsindən ibarət olan makromolekulyar karbon aşkarlanıb.

Yer kürəsində və meteoritlərdə geniş yayılmış bu maddə elmi baxımdan mühüm əhəmiyyət daşısa da, həm bioloji, həm də qeyri-bioloji proseslər nəticəsində yarana bildiyi üçün təkbaşına həyatın sübutu hesab edilmir.

Alimlərin fikrincə, milyardlarla il əvvəl su və çöküntülər Jezero kraterinə axaraq burada sonradan Perseverance tərəfindən öyrənilən gildaşlarını formalaşdırıb.

Makromolekulyar karbonun incə dənəli çöküntülər, eləcə də sonradan suyun təsiri ilə yaranmış karbonat və sulfat mineralları ilə birlikdə mövcud olduğu müəyyən edilib.

Bu isə üzvi maddələrin Marsın geoloji tarixi ərzində iki və ya daha çox mərhələdə ya formalaşdığını, ya da qorunub saxlandığını göstərir.

Araşdırmaçılar makromolekulyar karbonun Mars səthinin cəmi bir neçə mikrometr altında qorunduğunu müəyyən ediblər. Bu, indiyədək Marsda qeydə alınmış ən dayaz dərinlikdə üzvi maddə aşkarlanması hesab olunur.

Məlumdur ki, Marsın səthi güclü radiasiya, Günəş şüaları və yüksək kimyəvi aktivlik səbəbindən üzvi molekullar üçün əlverişsiz mühitdir.

Üzvi maddənin səthə bu qədər yaxın qalması onun ya parçalanmaya qarşı yüksək davamlı olduğunu, ya da ətrafındakı minerallar tərəfindən qorunduğunu göstərir.

Bu kəşf Marsın üzvi maddələr xəritəsini də genişləndirib. Perseverance həmin maddəni Curiosity aparatının Gale kraterində aşkar etdiyi oxşar üzvi birləşmələrdən 3200 kilometrdən artıq məsafədə müəyyən edib.

Tədqiqatçılar hesab edirlər ki, bu nəticə milyardlarla il əvvəl Marsın qədim göllərində və çaylarında üzvi maddələrin daha geniş yayılmış ola biləcəyini göstərir.

Alimlər vurğulayırlar ki, əldə edilən nəticələr mühüm olsa da, Marsın keçmişdə həyat üçün əlverişli olub-olmaması sualına hələ də qəti cavab vermir.

Qeyd olunur ki, Perseverance aparatındakı elmi avadanlıq Bright Angel qayalarında fosilləşmiş mikrob həyatının olub-olmadığını tam müəyyən etməyə imkan verəcək laboratoriya imkanlarına malik deyil.

Buna görə də dəqiq nəticələrin əldə olunması üçün nümunələrin Yerə gətirilərək daha həssas laboratoriyalarda araşdırılması vacib hesab olunur. Bu halda üzvi karbonun bioloji, yoxsa geoloji mənşəli olduğu müəyyən edilə bilər.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu