1 milyon avroluq uduş bileti zibillikdən tapıldı



Qazandığı 1 milyon avro dəyərindəki lotereya biletini səhvən zibilə atan bir şəxs təmizlik işçilərinin itmiş bileti tapmasından sonra İtaliyanın ən şanslı insanlarından biri hesab olunub.

AFN.az xəbər verir ki, kimliyi açıqlanmayan qalib Cənubi İtaliyanın Bitonto şəhərində yerləşən mağazada biletini yoxlatdırdıqdan və ödənişin həyata keçirilə bilməyəcəyi barədə məlumat aldıqdan sonra bileti zibilə atıb.

Daha sonra yaxınlarından biri həmin şəxsin daim oynadığı nömrələrin udduğunu xatırladıb. Bundan sonra o, qalib biletini səhvən tulladığını anlayıb.

Şəhərin tullantıların idarə olunmasına cavabdeh şirkətinin rəhbəri Roberto Nikola Toskano bildirib ki, zibil maşını tərəfindən toplanmış tullantılar arasında iki gün davam edən axtarış əməliyyatı təşkil olunub. Onun sözlərinə görə, baş verən hadisə əsl möcüzədir.

Məlumata görə, anlaşılmazlıq ona görə yaranıb ki, uduş məbləği mağaza tərəfindən ödənilə bilməyəcək qədər yüksək olduqda sistem avtomatik olaraq ödənişin mümkün olmadığı barədə xəbərdarlıq göstərir.

Şəxs evə qayıtdıqdan sonra ailəsi onun daim seçdiyi 2, 4, 8, 10 və 51 nömrələrinin udduğunu göstərib.

Bölgədə tullantıların yığılmasına cavabdeh olan SANB şirkətinin rəhbəri Roberto Nikola Toskano bildirib ki, yanlış anlaşılma dərhal üzə çıxıb. Onlar birlikdə mağazaya gedərək biletlərin zibilə atıldığını və artıq kommunal xidmət əməkdaşları tərəfindən toplandığını müəyyən ediblər.

Zibil maşını preslənməzdən əvvəl dayandırılıb.

Şəxsin tullantı şirkəti ilə əlaqə saxlamasından sonra zibil maşını içindəki tullantılar sıxılıb utilizasiyaya göndərilməzdən əvvəl müəyyən edilərək dayandırılıb.

Toskano bildirib ki, hadisənin bazar günü baş verməsi tullantıların poliqona daşınmasının qarşısını alıb.

Zibil maşını xüsusi əraziyə aparılıb və nəhəng tullantı yığını arasında kiçik kağız parçasının tapılması üçün axtarışlara başlanılıb.

İki gün davam edən əməliyyatdan sonra qalib bilet çərşənbə axşamı səhər saatlarında bir təmizlik işçisi tərəfindən tapılıb. Bildirilib ki, əməkdaşlar sanki mükafatı özləri qazanmış kimi bu xəbərə seviniblər.

Toskano qeyd edib ki, bilet digər zədələnmiş biletlərlə birlikdə deşik bir torbanın içində aşkarlanıb və salamat qalan azsaylı kağızlardan biri olub.

Axtarış əməliyyatının xərclərinin əvvəlcədən bu xərcləri ödəməyi öhdəsinə götürən qalib şəxsdən tutulacağı bildirilib.

Toskano qalibin şəxsiyyəti ilə bağlı hər hansı məlumat açıqlamaq səlahiyyətinə malik olmadığını da vurğulayıb.

Maraqlıdır ki, axtarış qrupunun da bəxti gətirib. Toskano və həmkarları zarafat məqsədilə aldıqları ani lotereya biletindən 50 avro uduş qazanıblar.




AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu