Google-un süni intellekt bölməsində yüksək səviyyəli kadr dəyişikliyi
ABŞ-ın texnologiya şirkəti Google süni intellekt bölməsi olan Google DeepMind-ın yüksək səviyyəli rəhbər heyətində dəyişiklik edib.
AFN.az xəbər verir ki, Google-un ana şirkəti olan Alphabet-in baş icraçı direktoru (CEO) Sundar Piçai X sosial şəbəkəsindəki hesabında Google DeepMind komandasında aparılan dəyişikliklərlə bağlı açıqlama verib.
Piçai bildirib ki, Google DeepMind-ın həmtəsisçilərindən Demis Hassabis bundan sonra Google DeepMind-ın idarə heyətinin sədri və Alphabet-in baş elmi işçisi vəzifəsində çalışacaq. O, eyni zamanda Isomorphic Labs şirkətinə rəhbərlik etməyə davam edəcək.
Onun sözlərinə görə, Hassabis yeni vəzifəsində vaxtını və diqqətini süni ümumi intellektin (AGI) və elmi kəşflərin gələcəyinin formalaşdırılmasına yönəldəcək. Piçai vurğulayıb ki, bu istiqamətdə görüləcək işlər həm Alphabet, həm də bəşəriyyət üçün böyük əhəmiyyət daşıyır.
Piçai həmçinin qeyd edib ki, Google DeepMind-ın texnologiya direktoru və baş süni intellekt memarı Koray Kavukçuoğlu şirkətin baş vitse-prezidenti vəzifəsinə təyin olunub.
Bildirilib ki, Kavukçuoğlu model hazırlanması proseslərinə, qabaqcıl süni intellekt tədqiqatlarına, Gemini tətbiqinə və tərtibatçı komandalarına rəhbərlik edəcək. Piçai "Koray artıq 13 ildir Google DeepMind-da çalışır və bu sahədə dünyaca tanınan mütəxəssisdir. O, dərin öyrənmə komandamızı qurub, WaveNet və DQN kimi mühüm yeniliklərə rəhbərlik edib. Google DeepMind etibarlı əllərdədir" deyib.


