Cümhuriyyət dövründə Azərbaycan gerbinin hazırlanması: layihə müəllifi Aleksandr Şervaşidze kimdir?
Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının (MEK) “Vikipediya” Metodik Mərkəzinin könüllüləri tərəfindən abxaz knyazları nəslindən olan rəssam, dizayner Aleksandr Şervaşidze haqqında məqalə yaradılıb.
MEK-dən bildirilib ki, Aleksandr Şervaşidze Azərbaycan Xalq Cümhuriyyəti dövründə hazırlanmış gerb layihəsinin müəllifidir. Məqalədə maraqlı faktlar yer alıb. Bildirilir ki, “Azərbaycan” qəzetinin 1919-cu il 14 noyabr tarixli buraxılışında dövlət gerbi və himn haqqında məlumat dərc olunub. Xalq Maarif Nazirliyi Cümhuriyyətin dövlət gerbi və himninin işlənib hazırlanmasına dair mülahizələrini hökumətə təqdim edib. Mülahizələrdə qeyd edilib ki, himnin seçilməsi üçün hazırlanmış layihələr 1920-ci il fevralın 1-dək müsabiqəyə təqdim olunmalıdır. Nazirlik dövlət gerbi layihəsinin hazırlanmasını Bakıda olan və öz əsərləri, xüsusilə də Şərq memarlığı, heykəltəraşlığı və rəssamlığına dair bilgiləri ilə məşhurluq qazanmış rəssam knyaz Şervaşidzeyə həvalə olunmasını təklif edib. Hökumətin 1920-ci il 30 yanvar tarixli qərarına əsaslanaraq Xalq Maarif Nazirliyi dövlət gerbi və möhürünün təsvirinin, eləcə də himn mətninin layihələrinin hazırlanması haqqında fevralın 19-da “Azərbaycan” qəzetində müsabiqə elan edib. Müsabiqədə iştirak etmək istəyənlər öz layihələrini mayın 1-dək möhürlənmiş zərflərdə Xalq Maarif Nazirliyinin dəftərxanasına təqdim etməli idilər. Qalib gəlmiş layihələrin AXC istiqlalının ikinci ildönümünədək təsdiq olunması müəyyənləşdirilmişdi. Lakin 1920-ci ilin aprelində Azərbaycanın sovetləşdirilməsi nəticəsində bu iş həyata keçmədi. Həmin tarixi hadisədən 71 il keçdikdən sonra Azərbaycan Respublikası Ali Soveti 1991-ci il fevralın 5-də “Azərbaycan Respublikasının Dövlət gerbinin ən yaxşı təsviri üçün müsabiqənin elan olunması haqqında” qərar qəbul etdi. Qərara əsasən, dövlət gerbinin yaxşı təsviri üçün 5 min manat məbləğində mükafat müəyyənləşdirildi. O dövrdə müxtəlif mətbuat orqanlarında kifayət qədər yeni gerb layihələri dərc olundu. 1993-cü ilin əvvəllərində Milli Məclisdə həmin layihələr, o cümlədən A.Şervaşidze tərəfindən 1919-1920-ci illərdə hazırlanmış gerb layihəsi müzakirə edildi. Məhz onun layihəsi rəssam–dizayner Rafiq Məmmədovun müəyyən düzəlişləri və təkmilləşdirməsindən sonra Azərbaycan Respublikasının dövlət gerbi kimi təsdiqləndi.
Daha ətraflı məlumatı linkdən oxumaq mümkündür: az.wikipedia.org
Qeyd edək ki, məqalə yaradılarkən Milli Arxiv İdarəsinin saytında yerləşdirilmiş “Azərbaycan gerbinin hazırlanmasında knyaz izi və ya Aleksandr Şervaşidze kim idi?” materialından istifadə olunub.