Füzulidə məktəblilərə gödəkçə və ayaqqabı paylanılıb
Qaçqınların və məcburi köçkünlərin sosial problemlərinin həlli dövlət siyasətinin prioritet istiqamətlərindəndir. Prezident İlham Əliyev bu kateqoriyadan olan vətəndaşların sosial müdafiəsini gücləndirmək, rifahını yaxşılaşdırmaq üçün ardıcıl tədbirlər həyata keçirir. Onların mənzil-məişət şəraiti yaxşılaşdırılır, məşğulluq və sağlamlıq məsələləri daim diqqətdə saxlanılır.
Birinci vitse-prezident xanım Mehriban Əliyeva qaçqınlar və məcburi köçkünlərlə bağlı görülən işlərə öz töhfəsini verir, onların qayğısına qalır. Onun rəhbərlik etdiyi Heydər Əliyev Fondu da bu sahədə bir sıra sosial layihələr icra edir.
AFN xəbər verir ki, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi ölkə rəhbərliyinin tapşırığını yerinə yetirərək Novruz bayramı ərəfəsində müəyyən humanitar aksiyalar təşkil edir. Belə ki, martın 11-də Füzuli rayonunda yaşayan məcburi köçkün ailələrdən olan məktəblilərə Dövlət Komitəsi tərəfindən gödəkçə və ayaqqabı paylanılıb.
Bu humanitar aksiya rayonun “Zoubucuq” və “Qayıdış” ərazilərində salınmış 16 qəsəbədə yerləşən məktəb və bağçaları əhatə edib. Məktəblilərə ümumilikdə 720 ədəd gödəkçə, uşaq bağçalarında tərbiyə alan balacalara isə 480 ədəd ayaqqabı paylanılıb.
Gödəkçə və ayaqqabılar Dövlət Komitəsinin Təchizat-istehsalat idarəsinin tərkibinə daxil olan Baza sənaye kombinatında azırlanıb. Bütün işçiləri məcburi köçkünlərdən ibarət olan Baza sənaye kombinatında hazırda məktəbli formaları tikilir.