“Deyirdilər ki, bizi bura o kişi göndərib…” -Laçının işğalındakı gizli məqamlar: MÜSAHİBƏ
Mayın18-i Laçın rayonunun işğalının 27 ili tamam olur.
İllər keçsə də, işğal tarixi ilə bağlı hələ də sirli məqamlar var. Cebhe.info işğalın açıq və gizli tərəfləri ilə bağlı Laçın alayının komandiri olmuş, polkovnik Arif Paşa ilə söhbətləşib.
-Arif bəy, mayın 17-dən 18-nə keçən gecə Laçında nə baş verdi?
- Əslində baş verənlər o müddətə qədər Qarabağda baş verənlərin məntiqi sonluğu idi. Qarabağın yaşayış məntəqələri Ermənistan Silahlı Qüvvələri və Dağlıq Qarabağda yerləşən qanunsuz silahlı birləşmələr tərəfindən işğal edilmiş, may 8-də isə Şuşa işğala məruz qalmışdı. Laçının işğalı Şuşanın tam mühasirəyə düşməsi, Şuşanın işğalı isə Laçının yarım mühasirə vəziyyətinə düşməsi demək idi. Laçının işğalı Şuşaya, Şuşanın işğalı isə Laçına arxadan zərbə edirməyə şərait yaradırdı. Yəni birinin işğalı digərinin işğalına aparırdı. Beləliklə, Şuşanın işğalından sonra Laçının saxlanılması mümkün deyildi. Məhz 18-nə keçən gecə Şuşanı və Laçına bitişik starateji yüksəklikləri ələ keçirmiş erməni silahlı qüvvələri Laçın şəhərini işğal etməyə nail oldular.
-İşğal necə baş verdi?
-Qeyd edim ki, Laçın həm Ermənistan, həm də Yuxarı Qarabağdan hücum edilməsi ehtimalına görə hər iki tərəfdən müdafiə məqsədli tədbirlərin görülməsi ilə möhkəmləndirilmiş hərbi ərazi idi. Ermənistanla sərhədlərə 5500 ədəd tank əleyhinə mina düzülmüş, həmin ərazi piyada əleyhinə minalar və müdafiə məqsədli hərbi qurğularla işlənilmişdi. Eləcə də Laçın və Şuşa arasında 5 km ərazi hər 50 metrdən bir partlayış quyuları ilə işlənilərək hazırlanmışdı. Bu quyular yerin səthindən 50-60 sm səviyyədə, dərinliyi 5-6 metr , diametri 15-20 sm olan, içi trotillə doldurulmuş və mərkəzi idarəetmə punktunda generatorlara naqil vasitəsilə birləşdirilmişdi. Məqsəd Yuxarı Qarabağ tərəfdən hücum ehtimalı olan hərbi birləşmələrin həmin partlayış zonalarının üzərinə çəkilməsi və onlara son zərbənin- həm atıcı silahlar, həm də partlayiş quyuları vasitəsilə - endirilməsi nəticəsində düşmənin darmadağın edilməsi idi. Lakin 30 aprel 1992-ci ildə MN-nin 0151 saylı əmri ilə, yəni Laçın alayının ləğvindən sonra həmin hərbi məqsədli qurğuların sıradan çıxarılması ermənilərin əraziyə daxil olmasına şərait yaratdı. Laçının dairəvi müdafiəsi Yuxarı Qarabağ istiqamətindən darmadağın edildi. Dəfələrlə demişəm ki, Laçın açıq-aşkar xəyanətin qurbanı oldu. Hadislərə indiki məqamdan baxanda Krımda törədilənləri nəzərə alsaq, belə qənaətə gəlmək olur ki, hərbi və insan resursları Azərbaycandan qat-qat güclü olan Ukraynada öz iradəsini diktə etməyi bacaran Rusiya Azərbaycanda da oxşar addımı daha rahat atacaqdı. Amma bu, həmin zaman Rusiyanın iradəsinin ifadəsi olaraq ərazidə Azərbaycan ordusunun məğlubiyyəti üçün addımlar atmış şəxsləri məsuliyyətdən azad edə bilməz. Bu barədə dəfələrlə həm Laçın-Şuşa məhkəməsində, həm də mətbuatda geniş məlumat verilib. Ancaq mənə elə gəlir ki, ərazilərin işğalına cavabdeh olan şəxslərə münasibətdə hələ də adekvat addımlar atılmayıb.
-Qeyd etdiyiniz kimi, 30 apreldə alayın ləğvi barədə əmr verildi. 30 apreldən sonra nə etdiniz?
-30 apreldə Bakıya gəldim. Səbəb Bakıdan göndərilən bəzi hərbi qüvvələrin Laçın və Şuşada törətdikəri təxribat xarakterli hərəkətlərin, o cümlədən Xankəndinə tələsik və hazırlanmamış hücumu nəzərdə tutan, əslidə Azərbaycan əsgərini qırğına verəcək təxribatçı əməllərin qarşısını almaq idi. Bakıda olarkən Laçın alayının ləğv edildiyini bildim. Mən artıq hərbi hissənin komandirliyindən uzaqlaşdırılmışdım. Ona görə də Ukraynaya gedərək Qara dəniz flotiliyasını bölmək üstündə müharibə ərəfəsində olan bu ölkədə Rusiyaya qarşı vuruşmaq istəyirdim. Lakin mayın 8-də ermənilərin Şuşaya hücum etdiyi barədə məlumat alaraq təcili Laçına qayıtdım. Həmin müddətə qədər isə Bakıdan xeyli silah-sursat tədarük edib Laçına göndərmişdim.
-Bakıda olarkən alayın ləğv edilmə səbəbini araşdırmadınızmı?
-Həmin vaxt mümkün olmadı. Nazir Rəhim Qazıyevin masasının üstünə qoyulan əmrdə alayın 4-cü briqadaya tabe etdirilməsi barədə başlıq vardı. Əmrin icra hissəsi isə Laçın alayının ləğvi barədə idi. Xatırlarlayırsınızsa, həmin vaxt “Azadlıq” qəzetində “Rəhim Qazıyevlə üz-üz oturmağım bir çox sirlərin üstünü aça bilərdi” başlıqlı məqalələrim dərc olunurdu. Məzh həmin ərəfədə bu, mənim məsələlərin üstünü açmaq cəhdim idi. Nə baş vermişdi? Nazir Rəhim Qazıyev əmrin başlığına görə mənim tabe olmadığımı düşünərək mənə qarşı kəskin münasibətdə idi. Mən isə Laçın alayının ləğv edilməsinə görə Rəhim Qazıyevə kəskin münasibətdə idim. İkimizi də ustalıqla aldatmışdılar. Əslində xəyanət etmişdilər. Rəhim Qazıyevlə mənim aramda olan anlaşılmazlığın kökündə məzh bu məqam dururdu. Qazıyev düşünürdü ki, mən əmrə tabe olmuram. Çünki onun verdiyi əmrin başlığı Laçın alayının 4-cü briqadaya tabe etdirilməsi barədə idi. Əslində isə əmr alayın ləğvi barədə idi. Bu xəyanətin üstü Laçın-Şuşa məhkəməsində açıldı.
-Əmri məhz bu şəkildə kim hazırlamışdı?
-Əmri ozamankı Baş Qərargah rəisi Şahin Musayev hazırlamış və sənədlərin arasında nazirə imzalatmışdı.
- İşğal ərəfəsində Laçında çəkilən kadrlarla bağlı da xeyli mübahisəli məqamlar var.
-Ümumiyyətlə, o kadrlar həqiqəti əks etdirmək baxımından yox, siyasi mülahizələr üstün götürülərək hazırlanmışdı. Təsəvvür edin ki, mən “Mərkiz dağı” deyilən ərazidən Mixail Vasilyeviç Qridasovun reaktiv artilleriya divizionu ilə Yuxarı Qarabağda yerləşən erməni qüvvələrinə zərbə endirirdik. Adını bildiyim və məhkəmədə bəyan etdiyimiz yüksək rütbəli zabit isə Yuxarı Qarabağ istiqamətində olan postların birinə gələrək “Arif Paşayev hardadır?” sualı verir və bir neçə döyüşçüyə həmin bu sualı verdirərək məlum çəkilişi təşkil etdirir. Məqsəd mənim əvvəldən planlaşdırılmış həbsimə zəmin yaratmaq idi. Laçın hələ işğal edilməmişdən işğala görə mənim həbsim ssenarilədirilmişdi. İşğalın əsas səbəbkarları məsuliyyətdən kənar qoyulmalı, mən və tabeçiliyimdə olan bir neçə şəxs məhz işğalda günahlandırılaraq həbs edilməli idi. Proses belə də davam etdi. Mən dəfələrlə bəyan etmişəm ki, komandirlikdən çıxmağıma baxmayaraq, alayın sənədlərinin düşmən əlinə keçməməsi üçün zor tətbiq etmək lazım gəlsə belə, həmin sənədlərin ərazidən çıxarılmasına nail olacaqdım. Bu gün də həmin hadisələr baş versəydi, yenə eyni addımı atardım. Çünki bu, həm Nizamnamə baxımından, həm də sənədlərin düşmən əlinə keçməməsi üçün edilməsi vacib hərəkət idi.
-Siz həmin kadrlardakı “Sizə əmir kim verib? sulaına verilən “Arif Paşayev” cavabını nəzərdə tutursunuz?
-Bəli. Həmin vaxt qərargah rəisi olmuş mayor Rafiq Nağıyevə qəti şəkildə göstəriş verdim ki, düşmən qüvvələri atıcı silah məsafəsinə çatdığı üçün qərargahın sənədlərini “Tikanlı zəmi” deyilən əraziyə çıxartsın. Rafiq Nağıev də mənim bu göstərişimi yerinə yetirdi. Baxmayaraq ki, mən komandir deyildim, amma bu, edilməsi vacib hərəkət idi. Qəribə burasındadır ki, həmin kadrlarda mənim və Rafiq Nağıyevin tanımadığı, çox sayda hərbi qüvvə ərazini tərk edir və çəkilişdə belə təəssürat yaradılır ki, həmin şəxslərə qaçmaq əmrini mən vermişəm. Halbuki Rafiq Nağıyev “Əmri Arif Paşayev verib” deyərkən qeyd edir ki, əmr ancaq qərargahın sənədlərinə aiddir. Kadrda göstərilən həmin çoxsaylı qüvvələrin hansı hərbi hissəyə aid olduqları, kim olduqlarını mən indi də bilmirəm. Ancaq tamaşaçıda Rafiq Nağıyevin “Ancaq qərargahın sənədləri” sözündən daha çox ərazini tərk edən əsgərlər tamaşaçıda təəssürat yaradır və yanlış olaraq əmrin məhz onların ərazini tərk etməsiylə bağlı olduğu düşünülür.
Bu kadrlar çəkilərkən məhz buna hesablanmışdı. Maraqlı bir detal da var. Laçının girişində düşmən tərəfə həm avtomat silahdan, həm də BM-21 markalı “Qrad” qurğusundan atəş açılır. Belə çıxır ki, qarşıdakı düşmənə həm atıcı silah, həm də reaktiv artilleriya vasitəsilə zərbə endirilir. Bu, sadəcə olaraq şou idi. Düşmən bilavasitə təmas xəttində idisə, onda “Qrad” niyə atış açırdı? Uzaqda idisə, avtomat silahların tətbiqi hansı məntiqə söykənirdi? Yəni, bu çəkilişlərdə siyasi şoular heç də az deyildi. Və nəticə dediyim kimi, işğalın məsulyyətini faktiki günahkarların yox, torpaqların müdafiəsində iştirak etmiş milli vətənpərvər qüvvələrin üzərinə qoyularaq “bir güllə ilə iki dovşan vurmaq” idi. Müvəqqəti də olsa, buna buna nail olundu və cəmiyyəti müəyyən müddət aldada bildilər.
-Mütəllibovun da hakimiyyətdən getməsi və Laçının işğalına səbəblərdən biri kimi həmin ərazidən hərbi texnikanın AXC-yə dəsətk üçün Bakıya göndərilməsi olduğuna dair iddialar da səslənir.
-Laçını tərk edən qüvvələr ərazini Mütəllibov hakimiyyətdən getdikdən sonra tərk etmişdilər. Əgər həmin qüvvələr Azərbaycan Xalq Cəbhəsinə bağlı olsaydı, onlar ərazini mayın 14-dən ərazini tərk etməli idilər. Halbuki belə olmamışdı. Əbülfəz Elçibəy şəxsən mənə demişdi ki, əsas cəbhə bölgəsidir, əsas mübarizə düşmənlə cəbhə bölgəsində aparılır.
Gedən qüvvələr AXC-yə kömək üçün yox, Mütəllibovun hakimiyyətdən getməsinə etiraz olaraq ərazini tərk etdilər. Yuxarıda da qeyd etdiyim kimi, onların kim olduğunu nə o zaman, nə də indi bilirik. Onlar açıq-aşkar deyirdilər ki, bizi bura o kişi (Mütəllibov) göndərib, biz də ona görə çıxıb gedirik. Bir məntiq də var. Əgər həmin qüvvələr AXC-yə bağlı idilərsə, niyə həmin qüvvələrin rəhbərləri 1993-cü ildən, yəni AXC hakimiyyətdən getdikdən sonra yüksək rütbələrlə təltif olundular?