ABŞ-da Kral III Çarlzın səfəri öncəsi yanlışlıqla Avstraliya bayraqları asılıb
Kral III Çarlzın ABŞ-a gözlənilən dövlət səfəri ərəfəsində Vaşinqton küçələrində Böyük Britaniya bayraqları əvəzinə yanlışlıqla Avstraliya bayraqları asılıb.
AFN.az xəbər verir ki, bu barədə Kanadanın CBC telekanalı məlumat yayıb.
Bildirilir ki, Kralın keçəcəyi marşrut boyunca 230-dan çox bayraq asılıb ki, onların da azı 15-i kiminsə səhvi ucbatından Avstraliya bayrağı olub. Səhv aşkar edildikdən sonra həmin bayraqlar dərhal Böyük Britaniyanın "Union Jack" bayraqları ilə əvəzlənib. Telekanal xatırladıb ki, III Çarlz konstitusiyaya uyğun olaraq həm də Kanada və Avstraliyanın dövlət başçısı sayılır.
Kral III Çarlzın ABŞ-a dövlət səfəri 27-30 aprel tarixlərinə planlaşdırılıb. Səfər çərçivəsində onun Konqresdə çıxış edəcəyi və Ağ Evdə Prezident Donald Tramp tərəfindən qəbul ediləcəyi gözlənilir. Britaniya mediası yazır ki, Kral bu səfərdən London və Vaşinqton arasında pisləşən münasibətləri düzəltmək üçün istifadə etmək niyyətindədir.
Qeyd edək ki, münasibətlərin gərginləşməsinə səbəb rəsmi Londonun İrana qarşı müharibəyə qoşulmaqdan imtina etməsi olub. Bu mövqe Trampın kəskin tənqidinə səbəb olmuş, hətta o, ABŞ-ın NATO-dan çıxa biləcəyi ilə hədələmişdi. III Çarlzın amerikalı liderlə görüşdə transatlantik birliyinin qorunmasının vacibliyini vurğulayacağı gözlənilir.

