Əraqçi İslamabadda Pakistanın Baş Qərargah rəisi ilə görüşüb
İranın xarici işlər naziri Abbas Əraqçi Pakistan, Rusiya və Omanı əhatə edən regional turunun ilk dayanacağı olan İslamabadda Pakistanın Baş Qərargah rəisi Asim Munir ilə görüşüb.
AFN.az xəbər verir ki, İran xarici işlər nazirinin rəsmi teleqram kanalında paylaşılan məlumata görə, Əraqçi Baş Qərargah rəisi Munir ilə regional proseslər ətrafında geniş fikir mübadiləsi aparıb.
Görüşdə Əraqçini İranın xarici işlər nazirinin müavini Kazım Qəribabadi, XİN-in mətbuat katibi İsmail Bekayi və İranın İslamabaddakı səfiri Rza Əmiri Müqəddəm müşayiət edib.
Görüşün detalları barədə hələlik rəsmi açıqlama verilməsə də, səfərin əsas məqsədinin ABŞ və İsrail tərəfindən İrana qarşı başladılan müharibənin dayandırılması istiqamətindəki diplomatik səyləri müzakirə etmək olduğu bildirilir.
XİN sözçüsü İsmail Bekayi daha əvvəl verdiyi bəyanatda Əraqçinin bu regional turu çərçivəsində sülhün bərpası üçün mümkün vasitəçilik addımlarının qiymətləndiriləcəyini qeyd etmişdi.
İran tərəfi İslamabadda ABŞ heyəti ilə hər hansı birbaşa görüşün planlaşdırılmadığını xüsusi vurğulasa da, Pakistanla aparılan danışıqların yeni diplomatik təmaslar üçün zəmin hazırlamaq məqsədi daşıdığı ehtimal edilir.
