Almaniya Aralıq dənizinə mina axtaran gəmi göndərəcək



Almaniyanın müdafiə naziri Boris Pistorius Hörmüz boğazında mümkün missiya üçün vaxt itirməmək məqsədilə bir mina axtaran gəminin Aralıq dənizinə sövq ediləcəyini bildirib. 

AFN.az xəbər verir ki, "Rheinische Post" qəzetinə müsahibə verən Pistorius Almaniya donanmasının Hürmüz boğazında fəaliyyət göstərməsinin ilkin şərtinin regiondakı münaqişələrin sona çatması olduğunu vurğulayıb.

Nazir qeyd edib ki, Almaniya Avropanın ən böyük silahlı qüvvələrindən birinə sahib olduğu üçün beynəlxalq məsuliyyəti üzərinə götürməlidir.

Almaniya hərbi dəniz qüvvələrinin minaların aşkarlanması və təmizlənməsi sahəsində yüksək peşəkarlığa malik olduğunu deyən Pistorius, bu imkanlarla Hürmüz boğazında naviqasiya təhlükəsizliyinə mühüm töhfə verə biləcəklərini qeyd edib.

O, bölgədə vəzifə icra etməyin yalnız Bundestaqın icazəsi ilə mümkün olduğunu xatırladaraq, vaxt qazanmaq üçün birliklərin bir hissəsinin öncədən Aralıq dənizinə göndərilməsinə qərar verdiklərini açıqlayıb. Beləliklə, parlamentdən müvafiq mandat alındıqdan sonra gəmilər boğaza daha tez çatacaqlar.

"Aralıq dənizinə bir mina axtaran gəmi göndərəcəyik" deyən Pistorius, bu gəmini bir komanda və təchizat gəmisinin də müşayiət edəcəyini bildirib.

Nazir Hörmüz boğazındakı missiyanı dəstəkləmək üçün Almaniyanın digər bölgələrdəki hərbi öhdəliklərinin tərəfdaşlarla koordinasiyalı şəkildə müvəqqəti olaraq azaldıla biləcəyini vurğulayıb.

O, oxşar təcrübənin Avropa İttifaqının Qırmızı dənizdəki "Aspides" missiyası zamanı da tətbiq edildiyini və bunun əməliyyatın başlanmasını xeyli sürətləndirdiyini xatırladıb.

Hüquqi zəminlə bağlı sualları cavablandıran Pistorius "Aspides" missiyasının mandatının coğrafi olaraq onsuz da Fars körfəzini əhatə etdiyini, lakin hazırkı çərçivənin yalnız mülki gəmiçiliyə yönəlmiş təhdidlərin qarşısını almağa imkan verdiyini qeyd edib.

Bu səbəbdən missiyanın hüquqi çərçivəsinin yeni vəziyyətə uyğunlaşdırılmasının mümkün bir variant olduğunu deyən nazir, BMT mandatının daha yaxşı olacağını, lakin bunun hazırda real görünmədiyini əlavə edib.

Gəminin Aralıq dənizinə yola düşəcəyi konkret tarix isə hələlik açıqlanmayıb.






AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu