Etna niyə bu qədər aktivdir?
Avropanın ən aktiv vulkanı olan Etnanın illərdir həll oluna bilməyən sirri elm adamları tərəfindən aydınlaşdırılıb.
AFN.az xəbər verir ki, yeni aparılan araşdırma nəhəng vulkanın yerin kilometrlərlə dərinliyindən qeyri-adi üsulla qidalandığını və normalda yalnız çox kiçik vulkanlarda rast gəlinən xüsusi püskürmə mexanizminə malik olduğunu üzə çıxarıb.
İtaliyanın Siciliya adasında yerləşən 3400 metrlik nəhəng Etna uzun müddətdir geoloqlar üçün böyük bir tapmaca idi.
Alimlər vulkanın püskürtdüyü lavanın kimyəvi tərkibinin və formalaşma tərzinin məlum vulkan növləri ilə uyğunlaşmadığını müşahidə ediblər.
Tədqiqatçılar yer qabığındakı nəhəng plitələrin hərəkətinin yerin təxminən 80 kilometr dərinliyindəki maqma ciblərində təzyiq yaratdığını kəşf ediblər.
Bu təzyiq altında qalan maqma, eynilə süngərin sıxılmasına bənzər şəkildə qabıqdakı çatlarla yuxarıya doğru itələnərək səthə çıxır.
Normal şəraitdə "petit-spot" adlandırılan bu üsul adətən yalnız okean dibindəki kiçik vulkanlarda müşahidə olunur.
Lakin bu prosesin Etna kimi nəhəng stratovulkan strukturunda işlədiyinin məlum olması elm dünyası üçün böyük sürpriz olub.
Bu kəşf Avropanın ən aktiv vulkanı olan Etnanın niyə bu qədər aktiv olduğunu izah etməklə yanaşı, gələcəkdə baş verə biləcək püskürmələrin proqnozlaşdırılmasında və bölgədəki yaşayış məntəqələri üçün risk analizlərinin yenilənməsində mühüm rol oynayacaq.
