Etna vulkanında güclü kül və lava püskürüb

İtaliyanın cənubundakı aktiv vulkanlardan biri olan Etnanın dünən gecədən bu gün səhər saatlarına qədər güclü şəkildə kül və lava püskürdüyü bildirilir.
Siciliya adasındakı Etna dağında aprelin əvvəlindən müşahidə edilən vulkanik aktivlik davam edir.
Etna dağının cənub-şərq kraterində 2900 metr yüksəklikdə dünən axşam yerli vaxtla saat 19:00 radələrində başlayan kül və lava püskürmə fəaliyyəti bu gün səhər saatlarına qədər davam edib.
Cənub-şərq kraterindən sızan maqma vulkanın yamacından aşağı cənub-şərq istiqamətində üç fərqli qola bölünən lava axınına gətirib çıxarıb.
Yerli mənbələr Etnanın partlayış səslərinin vulkanın yamaclarında yerləşən bir neçə kənddə güclü şəkildə eşidildiyini bildirib.
İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutunun (INGV) Kataniya şöbəsi də vulkanik aktivliyi təsdiqləyib.
Bu arada mətbuatda yer alan xəbərlərdə Etnada vulkanik aktivliyə görə bölgədən keçən təyyarələr üçün gecə saatlarında narıncı kodlu xəbərdarlıq edildiyi bildirilib.
Etna yaxınlığındakı Kataniya Fontanarossa hava limanına uçuşların vulkanın kül və lava püskürməsindən təsirlənmədiyi və uçuşların davam etdiyi bildirilib.
Təxminən 3300 metr hündürlüklə kontinental Avropanın ən yüksək aktiv vulkanı olan Siciliya adasındakı Etna dağında bu son vulkanik aktivlik aprel ayında dördüncü aktivlik olaraq qeydə alınıb.
Bu ilin fevral ayında vulkanda intensiv vulkanik aktivlik müşahidə olunub.