İlk dikdabanı kim geyinib?- Qəribə FAKTLAR




Qadınların bu gün də bəyənərək geyindiyi dikdaban ayaqqabının maraqlı hekayəsi var. Tarixi dəqiq məlum olmasa da, ilk dəfə misirli cütcülər və yunan aktyorları tərəfindən geyinildiyi bildirilir. Bir sözlə, birinci istifadəçisi qadınlar deyil, kişilər olub.



AFN xəbər verir ki, araşdırmalara görə, misirli cütcülər palçığa batmamaq üçün ayaqlarına pəncələrini yuxarıda saxlayan xüsusi vasitə keçiriblər. Həmçinin Misirdə yaşayan qəssabların da dikdaban geyinməsi ilə bağlı fikirlər var. Yerdəki qana bulaşmamaq üçün onların da hündür ayaqqabıdan istifadə etdikləri bildirilir.

Tarixi əsərlərdə yunan aktyorların da ictimaiyyətdən seçilmək və nüfuzlarını vurğulamaq üçün dikdaban geyindikləri qeyd olunub.

Bəzi mənbələrin yazdığına görə, indiki dikdaban ayaqqabının ilk modeli 1533-cü ildə Katerina Mediçi adlı zadəgan qız üçün hazırlanıb. Fransa şahzadəsi Henri de Valuaya (gələcək Fransa kralı II Henri) nişanlı olan bəstəboy qız toy günü daha gözəl görünmək üçün belə bir yola əl atıb. İtaliyada hazırlatdığı ayaqqabı 5 sm-lik dabanı ilə sarayda hər kəsin diqqətini cəlb edib. K.Mediçininin bu geyimi qısa müddətdə dəbə minib və digər zadəgan xanımlar da geyinməyə başlayıb.

Həmçinin İngiltərə kraliçası, ortaboylu Mariya Tüdorun da dikdaban geyindiyi yazılır.

Avropada dikdaban dəbi XIV Lüdoviqin dövründə daha geniş yayılmağa başlayıb. Qısa boyunu gizlətməyə çalışan Fransa kralı üzəri gözəl işləmələrlə hazırlanan hündür ayaqqabıları ilə tarixə düşüb. Hətta 1660-cı ildə çəkməçi Nikolas Lestajın XV Lüdoviq üçün 10 sm-lıq dikdaban hazırladığı da qeyd olunur.

Dikdabanın kişi "erası" XVIII əsrdə sona çatır və yalnız qadınların istifadə etdiyi geyimlərin sırasına daxil olur. Artıq 1680-ci illərdə hündür ayaqqabılar zərafət göstəricisi kimi qəbul edilirdi. Qadınlar 10-12 sm dabanı olan geyimlərdə rahat gəzir, bu cür daha incə və gözəl göründüklərini düşünürdülər.

1789-cu ildə baş verən Fransa burjua inqilabından sonra dikdaban zərərli geyim kimi istehsaldan çıxarılır. Həkim və filosoflar hündür ayaqqabının sağlamlıq üçün zərərli olduğunu bildirərək, qadınları bu geyimdən imtina etməyə çağırırdılar. Lakin bütün irad və tənqidlərə bxmayaraq, 50 il sonra dikdaban yenidən vitrinlərə qayıdır.

XIX əsrdən etibarən, Amerika fabrikləri müxtəlif çeşiddə hündür ayaqqabı istehsal etməyə başlayır. İlk nazik dikdaban 1950-ci ildə italyan modelyer Salvador Ferraqamo tərəfindən hazırlanır. Həmin illərdə dünyaca məşhur Dior Moda Evi də oxşar modeldə yeni ayaqqabılar təqdim etməyə başlayır.

Beləcə dikdabanın misirli cütcülərdən bu günə uzanan maraqlı yolu var. Sağlamlığa zərər verməsi ilə bağlı kifayət qədər məlumat mövcuddur. Xüsusən də sümüklərin deformasiyasına səbəb olduğu bildirilir. Lakin bütün mənfi rəylərə baxmayaraq, dikdaban indi də qadınların vazkeçilməz geyimi olaraq qalmaqdadır.

Könül CƏFƏR



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az




menyu
menyu