Azərbaycanda müəllif hüquqları qorunmur - MÜZAKİRƏ


Müəllif hüquqları Azərbaycanda ən çox tənqid olunan sahələrdən biridir. Müəllif hüquqları insanların elm, ədəbiyyat və incəsənət sahələrində əldə etdikləri yaradıcılıq nəticələrinin istifadəsinin hüquqi münasibətlərini tənzimləyən qaydadır. Bu gün bütün dünyada müəllif hüququ qoruma aləti kimi çııxış edir. Ölkədə müəllif hüquqlarının qorunması istiqamətində müəyyən addımlar atılıb, qanunvericilik bazası yaradılıb. Bəs hazırda müəllif hüququ yetərincə qorunurmu, mövcud poroblemlərin aradan qaldırılması istiqamətində hansı addımlar atılmalıdır?




Mövzu ilə bağlı AFN-in suallarını cavablandıran millət vəkili Aqil Abbas bildirdi ki, ümumiyyətlə, ölkədə müəllif hüququ demək olar ki, qorunmur: “Məsələn, televiziyalar müğənnilərə, mahnıların müəlliflərinə-bəstəkarlara, şairlərə pul vermir. Bəzən müəlliflər özləri də tələb eləmir, halbuki onları məhkəməyə verə bilər. Ola bilər ki, mahnısını birdəfəlik satsın, bu ola bilər. Ancaq Azərbaycan kinolarına televiziyalar pul verirlər. Ölkədə bununla bağlı Gildiya var və şəxsən mənim “Dolu” filmim yayınlandıqca mənə qonorar verilir. Ümumiyyətlə, müəllif hüquqları hazırda xoşagələn vəziyyətdə deyil. Milli Məclisdə bu məsələni qaldırmışam. Gənc respublikayıq, tədricən düzələr. Ancaq problemlər var. Məsələn, Türkiyədə kitablarımız dərc olunur, qonorar almırıq. Müəllif məhkəməyə müraciət etməlidir, tələb etməlidir. Görünür, qanunvericilikdə boşluq var. O məsələyə parlamentdə bir də baxmaq istəyirlər. Müəllif hüququnu qorumaq təkcə müvafiq qurumun işi deyil. Mətbuatın özündə də müəllif hüquqları pozulur. Məsələn, indi şeir çap edirik, müəllifə qonorar vermirik. Əvvəllər pulumuz var idi, kimin bir məqaləsi, şeri çap olunurdusa pul verirdik. Son bir neçə ildir ki, imkan olmadığına görə vermirik. Bu mənada bütün mətbuat orqanları müəllif hüquqlarını pozur. Bir “Ədəbiyyat” və dövlətin rəsmi orqanları qonorar verir, özəl mətbuat orqanları isə bu qaydanı pozur. Problemin aradan qaldırılması üçün müəyyən qanun qəbul edilməldiir. Ancaq qəzetlərin bir fəndi də odur ki, kiminsə məqaləsini çap edirsə əvvəlcədən deyir ki, sənin məqaləni çap edirik, ancaq pulum yoxdur. Adi bir misal çəkim, AzTV-də sovet vaxtı redaktor Firudin Ağayev vardı, tələbə idik, şeir oxuyurduq, müsahibə verirdik, dərhal 50-60 manat qonorar verirdilər. İnsanların, tələbələrin çoxu radio, televiziyadan dolanırdı. Hətta Ağdamın bir qəzetində yazımız çıxardısa, 5 manat 50 qəpik-6 manat qonorar verirdilər. Ancaq indi belə deyil. Ümumilikdə müəllif hüquqları ilə bağlı problem mövcuddur və yəqin ki, bu məsələyə Milli Məclisdə bir daha baxılacaq”.



Yazıçı, kulturoloq, “Yeni yazarlar və sənətçilər” İctimai Birliyinin sədri Aydın xan Əbilov bildirdi ki, Azərbaycanda müəllif hüquqları ilə bağlı bir neçə, həm həm dövlət, həm də özəl qurumları var: “Onlar bədii və ümumiyyətlə, elmi yaradıcılıqla məşğul olan isanların, patendləşdirilməsi mümkün olan ideya müəlliflərinin müəllif hüquqlarını qoruyur. Bununla bağlı Milli Məclis tərəfindən kifayət qədər qanunvericilik sənədləri qəbul edilib, ölkə başçısı tərəfindən imzalanıb. Hətta Azərbaycan müəllif hüquqları ilə bağlı beynəlxalq Bern Konvensiyasına qouşub. Ancaq sırf müəllif hüquqları ilə bağlı kifayət qədər də problemlər var. Düzdür, ölkədə müəllif hüquqları ilə bağlı ayrıca dövlət agentliyi var, çalışır ki, imkanı daxilində müəlliflərin əqli mülkiyyət hüquqlarını qorusun, tədbirlər keçirir, qanunvericilik normativləri hazırlayır. Müəlliflərin kitabları Müəllif Hüquqları Agentliyi tərəfindən rəsmi şəhadətnamə ilə təsdiqlənir. Ancaq bütövlükdə götürdükdə müəllif hüquqları həddindən artıq çox böyük sahələri əhatə edir. Bu, yalnız bədii əsərlər, şeirlər, romanlar, rəsm əsəri, xalça, musiqi əsəri deyil. Hazırda ən yeni formaları var ki, televiziyada göstərilən kliplərdən, filmlərdən, seriallardan, musiqi kompozisiyalarından başlayaraq hamısı müəllif hüquqlarına daxildir”. Kulturoloqun sözlərinə görə, eyni zamanda sosial mediada yaratmış olduğumuz kontentlərin özləri belə məsələn, “Tik Tok”dakı hər hansı 1 dəqiqəlik video, “Instagram”dakı müəyyən şəkillər, videolar da müəllif hüquqlarına daxil edilir: “Beynəlxalq aləmdə də, milli qanunvericilikdə də hüquqi boşluq var. Bu hüququ boşluq bir sıra sənədlərlə tənzimlənsə də, bütövlükdə bu boşluğu görmək mümkündür. Məsələn, birinin çəkdiyi video “Youtube”kanalında təqdim edilir və müəyyən mənada müəllif hüquqları qorunur, ancaq başqa platformalarda yayılırsa bütövlükdə öz müəllif hüquqlarının bir hissəsini həmin platformalara, istifadəçilərə bağışlamaq anlamına gəlir. O deməkdir ki, bu əsəri yaradan mənəm, ancaq bundan kommersiya xarakterli bir marağım yoxdur. Bu baxımdan da həmin boşluqların doldurulması üçün Müəllif Hüquqları Agentliyi də, ictimai təşkilatlar da və ümumiyyətlə, televiziya kanalları, kino sənayesi, musiqi kommersiya yayımı ilə məşğul olan qurumlar, internet portalları birgə işləməlidirlər. Azərbaycan müəlliflərinin çoxu onların özlərinin hansı hüquqlarının olmasını bilmirlər. Məsələn, ədəbiyyat sahəsində, müəllif şeir yazır, aparıb şeirlərini nəşriyyata verir, öz cibindən pul verib kitabı çap etdirir, ancaq nəşriyyat öz loqosunu və müəllif hüququnun ona məxsus olduğu haqda informasiyanı, məlumatı kitaba yerləşdirir. Bu absurd bir şeydir. Müəlliflərimizin özləri də bir qədər maariflənməlidirlər, hüququ cəhətdən bilməlidirlər ki, hansı hüququları var. Hər hansı yaradıcı sahənin adamıdısa, ortaya qoyduğu kreativ mədəni məhsulun müəlliflik hüququ ilə bağlı hissələrini hüququ aktlarla sənədləşdirməlidirlər”.

Kulturoloq onu da vurğuladı ki, əslində XXI əsrdə bütün sahələrin patentləşdirildiyi, kommersiyalaşdırıldığı bir dövrdə yaşayırıq və insanlar düşünməlidir ki, artıq müftə, havayı şeir yazıb, musiqi bəstələyib, kitab çap edib təqdim etmək günahdır: “Çünki əqli, yaradıcı, intellektual mülkiyyət dünyanın ən dəyərli mülkiyyəti sayılır və dünyanın hər yerində o mülkiyyəti yaradan insanlar ondan pul qazanmağa çalışırlar. Bu baxımdan qanunvericilikdə bir qədər sərtləşməyə getmək lazımdır. Bəzən biz bunun çətinliklərini də görürük. Heç bir sənədləşmə aparılmadığına görə, “Sarı gəlin”mahnısını ermənilər oxuyanda, milli xörəklərimizi özününküləşdirməyə çalışanda, bəstəkar musiqilərimizin şah nümunələrini ermənicəyə çevirib oxuyanda başlayırıq əl-ayağa düşməyə. Vaxtında bunları sənədləşdirsək heç bir problem olmayacaq. İndi internet əsridir. Hər kəsin öz müəlliflik hüququnu daha dəqiq, asan, vizual formada sənədləşdirmək imkanı var. Onu da unutmayaq ki, bəziləri bir insanın yaratmış olduğu və müəllif hüquqlarına şamil olunan əsərlərin kopyasını öz adına çıxartmaqda asan metodlardan istifadə edə bilir. Bunun hamısının qarşısını almaq mütləq hüquqi cəhətdən mümkündür və buna çalışmaq lazımdır”.

NİGAR



AFN.az
Redaksiyamızla əlaqə: tel; 070 372 99 90, E-mail:office@afn.az



menyu
menyu