“Gəncə. Memarlıq salnaməsi” kitabının təqdimatı keçirilib
Oktyabrın 17-də Gəncədəki “Şah Abbas” karvansarayında memarlıq üzrə elmlər doktoru, professor Rayihə Əmənzadənin “Şərq-Qərb” nəşriyyatında yenicə çapdan çıxmış “Gəncə. Memarlıq salnaməsi” kitabının təqdimatı olub.
Tədbir iştirakçıları – Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramov, AMEA-nın Gəncə bölməsinin sədri akademik Fuad Əliyev, Türkiyənin Gəncədəki baş konsulu Zəki Özbürk çıxış edərək Azərbaycanın ən qədim şəhərlərindən olan Gəncənin memarlıq tarixi haqqında yazılmış bu mükəmməl kitabın əhəmiyyətindən danışıblar. Onlar müəllifin çoxillik araşdırmalarının nəticəsi olan kitabda keçmişdən bu günümüzədək şəhərdə özünəməxsus yeri olan memarlıq incilərinin sənətkarlıq baxımından tədqiq etməsinin memarlıq tariximiz üçün çox dəyərli addım adlandırıblar.
Professor R.Əmənzadə kitabın ərsəyə gəlmə prosesindən danışaraq nəfis tərtibata və keyfiyyətli poliqrafik işə görə “Şərq-Qərb” nəşriyyatının kollektivinə, xüsusilə təqdimat tədbirində iştirak edən nəşriyyat direktoru Sevil İsmayilovaya, direktor müavini Rafiq Kazımova, Sevinc Talıbovaya, nəşriyyatın baş redaktoru Nərgiz Cabbarlıya təşəkkürünü bildirib. Həmçinin kitabın nəşri üçün öz köməyini əsirgəməyən İradə Məmmədxanova və iş adamı Etibar Hacıhəsənova minnətdarlıq edib.
“Şərq-Qərb” nəşriyyatının direktoru Sevil İsmayılova çıxış edərək Gəncənin onun üçün çox doğma olduğunu, böyüyüb boya-başa çatdığı bu şəhərlə bağlı xoş xatirələrinin olduğunu söyləyərək kitabın onu gənclik illərinə qaytardığını qeyd edib. Hətta kitabdan Gəncədə yaşadığı vaxtlarda gəzib-görmədiyi bir neçə memarlıq abidəsi, karvansaray, məscid haqqında müfəssəl məlumat, maraqlı faktlar öyrəndiyini də vurğulayıb.
Tanınmış aparıcı Kamilə Babayeva kitabla bağlı maraqlı faktlar səsləndirdikdən sonra Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru, Əməkdar memar Gülçöhrə Məmmədovanın videoçıxışı təqdim edilib. O, qədim Gəncəni bizlərə daha yaxından tanıdaraq memarlıq tariximizə önəmli töhfə verən professor Rayihə Əmənzadəni təbrik edib. Kitabın redaktoru və tərcüməçisi, fil.ü.f.d. Nərgiz Cabbarlı çıxış edərək “Şərq-Qərb” nəşriyyatında çap olunan kitabın həm Gəncənin memarlıq, həm də tarixi salnaməsi olduğunu vurğulayıb. Həmçinin müəllifin müraciət etdiyi qədim yazılı mənbələrdə Gəncə əhalisi haqqında, onların necə xoşrəftar və alimləri sevən insanlar olması barədə qeyd etdikləri fikirlərdən istifadə edərək ümumilikdə Gəncə ilə bağlı yaratmaq istədiyi təəssüratı uğurla tamamladığını qeyd edib.